Məhkəmə qərarları › İş №1(102)-1769/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1769/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1769/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, məhkumun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-432/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıd akı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 27 may 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olan, x1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 27 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 avqust 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa mə lum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,006 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsəd ilə yaşadığı evdə və üzərində saxlayaraq daşımış, 09 aprel 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, ev 48 ünvanında yerləşən fərdi yaşayış evində satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı psixotrop maddə metamfetaminin 0,056 qram qramını 10 manat müqabilində tanışı şahid1 satmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – “DİN-in BNMİ)” Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 09 aprel 2022-ci il tarixdə, saat 18:45-də o, tanışı şahid 1 ilə birlikdə ya şadığı fərdi yaşayış evində saxlanıldıqdan sonra həmin evin mətbəxinə baxış zamanı mətbəx mebelinin gözündən 1 (bir) ədəd çəhrayı rəngli, kağız bükümdə təmiz çəkisi 1,561 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, tədbirinin davamı olaraq həmin gün o və şahid1 Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-in BNMİ Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 21:25-ndə əvvəlcə onun üzərinə şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli, qolsuz qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,389 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, saat 23:10də isə şahid1-in üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 0,056 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-71/2023 nömrəli, 22 may 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə dəyişdirilərək qəti olaraq təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməsi və qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Məmmədov Rihat Tahir oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verib, müdafiəçi şikayətində hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxsin şikayətində isə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-432/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-71/2023 nömrəli, 22 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində aşkar edilərək götürülmüş narkotik vasitə olan 2,006 qram heroinin şəxsi istifadə üçün əldə edildiyi iddia edilməklə, törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlar a hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsini n qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Məhkum kassasiya şikayətində törətdiyi əməlin səhv tövsif edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-432/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin süb utlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallar ının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları hazırda mübahisəsi edilən qərarında müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkum Məhkum məhkəmələr qarşısında verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onu n həmin maddə üzrə təqsiri özünün məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə haqqında protokollar, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsvir verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləc ək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin halları na uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-432/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-432/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar