Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-177/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, bəraət almış şəxs Məhkum müdafiəçisi Məcidov Meybulla Həbi oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarından Dövlət ittihamçısı Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum 20 avqust 1969-cu il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Ukrayna Respublikası, Dnepr şəhəri, Qəhrəmanlar prospekti 37, mənzil 140 ünvanında qeydiyyatda olmuşdur. 2. 01 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ondan ötrü ki, Məhkum 2020-ci ilin avqust ayında İran İslam Respublikasında şəxsiyyətləri istin taqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Ukraynaya daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, ümumilikdə 5259,50 qram olan tiryək narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə İran İslam Respublikasında qeydiyyatda olan “Fateh Tejarat Ordibehesht by order Caspian Tejarat Kouhpaieh Shomal” şirkətindən Ukrayna Respublik ası Xarkov şəhərində yerləşən “Private enterprise santa-fork” şirkətinə göndərilən üzərində “Raisin Washed” yazılı 1985 qutu “kişmiş” yüklərinə daxil olan 2 ədəd karton qutuların daxilində olan kişmişlərin içərisinə yerləşdirmiş və 09.08.2020-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində onun idarə etdiyi “Renault” markalı, “AX6485CP/AX5242XO” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitəni satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə, İran İslam Respublikasından Ukraynaya aparmaq üçün idarə etdiyi “Renault” markalı, “AX6485CP/AX5242XO” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində saxlamış, daşımı ş və 09.08.2020-ci il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(099)-290/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilmişdir. Həmçinin hökmlə digər məsələlər həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi hallar tədqiq edilmiş sübutlara uyğun olmamış, məhkəmə yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib onun barəsində həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılaraq Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmaqla, yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(099)-290/2021 saylı hökmü apelyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eyni olmuşdur. Dövlət ittihamçısı dəlillərini təkrarlayaraq, kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
8. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddələr ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
10. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419- cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
11. Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmü çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, tədqiq edilmiş sübutlarla qiymət verməklə ittiham tərəfindən Məhkum təqsirliliyini təsdiq edən heç bir mötəbər sübütün təqdim etmədiyini təsdiq etmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilk qəbul etdiyi q ərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
13. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, kassasiya protestində mübahisələndirilən məsələlər apellyasiya instansiya məhkəməsinin qərarında cavablandırılmış və məhkəmənin mövqeyi geniş əsaslandırmışdır. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
14. Odur ki, məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyini qanuni və əsaslı yanaşma kimi qəbul edərək, həmin qərarın ləğv edilməsinə əsas verə biləcək – Azərbaycan Respublikası CPM-nin 416.1-cı maddəsində sadalanan əsaslardan hər hansı birini müəyyən etmir.
15. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli, 1(106)-626/202 1 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-ci il tarixli, 1(106)-626/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.