Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-1773/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakları ilə, məhkum1 və məhkum2 barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli qərarından hüquqi şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı Idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (Hakim V.R.Qurbanov), 2024-cü il # ####### tarixli, 1(005) **/**** nömrəli hökmü ilə ## ###### 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin təsisçisi və direktoru olan, “xxxx” MMC-nin Gömrük və Logistika şöbəsinin direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına, ## ###### 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük Idarəsində inspektor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1, 312-1.1 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə 3.000 (üç min) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə məhkum2 qəti olaraq 9.000 (doqquz min) manat məbləğində cərimə cəzasına məhkum edilmişlər. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş hesab olunmuş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə barəsində cinayət-hüquqi tədbiri tətbiq edilməmiş, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri tətbiq edilmişdir. Həmin hökmdən zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs2 ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), Z.N.Hüseynov və E.Z.Əliyevdən ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, hökmdən “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilmiş hesab olunmasına dair müddəalar xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə “xxxx” MMC-nin barəsində hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri tətbiq edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddə ilə “xxxx” MMC-nin barəsində cinayət hüquqi tədbiri tətbiq edilməmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X6 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum2 və məhkum1 barəsində olan ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarı zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş Idarəsi Bakı Apellyasiya Məhkəməsinə təqdimat ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il # ####### tarixli, *(***)-**/**** nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarında qeyd olunan “xxxx” MMC-nin ləğvini həyata keçirmək vəzifəsi ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) həvalə edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518.0.4-cü maddəsinə əsasən yaranmış anlaşılmazlığın aradan qaldırılması məsələsinə baxılmasını və göndərilmiş təqdimatın nəzərə alınmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X1 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təqdimat təmin edilməmişdir. IŞIN HALLARI: Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş Idarəsi məhkəməyə təqdimat ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il # ####### tarixli, *(***)-**/**** nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarında qeyd olunan “xxxx” MMC-nin ləğvini həyata keçirmək vəzifəsi ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) həvalə edilmədiyindən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518.0.4-cü maddəsinə əsasən yaranmış anlaşılmazlığın aradan qaldırılması məsələsinə baxılmasını və göndərilmiş təqdimatın nəzərə alınmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, NÜMAYƏNDƏNIN, VƏKILIN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Hüquqi şəxs kassasiya şikayətini əsaslandırılaraq qeyd etmişdir ki, hüquqi şəxsin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, qanunverici hüquqi şəxsin ləğvini birbaşa Mülki Məcəlləyə yönləndirir, bu isə təsviyəçinin təyin edilməsi və ləğv prosesinin həyata keçirilməsini bir daha vacib edir. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir. Hüquqi şəxs məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər. Bundan başqa, hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi məqsədilə onun işini davam etdirir. Hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə aradan qaldırmaq hüququna malikdir. Sözügedən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından verilmiş təqdimata Məhkəmə CPM-in 352.2-ci maddəsinə yəni, Məhkəmənin hökmünün məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib edildiyinə istinad edərək təqdimatı əsassız saymışdır. Halbuki, icra edən orqan olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi daxil olmuş qərarda təsviyəçi və ya ləğvetmə komissiyası təyin olunmadığından, dolayısı ilə icrası mümkünsüz olduğundan, yaranmış anlaşılmazlıqdan təqdimat vermişdir, qərarın tərtibindən deyil. Göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qərarı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməli və CPM-in 419.10.5-ci maddəsinə əsasən yeni qərar qəbul edilməlidir. Hüquqi şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli təqdimatın təmin edilməməsi haqqında qərarının ləğv edilməsini və yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Dövlət Vergi Xidməti Mili Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat Idarəsinin nümayəndəsi nümayəndə1 və vəkili zərərçəkmiş şəxs1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Nümayəndə nümayəndə1 əlavə olaraq göstərdi ki, məhkəmə hökmü ilə hüquqi şəxs ləğv edildikdə və ləğvedici təyin edilmədikdə, hökmün həmin hissədə icrası mümkün olmur və hazırda təmsil etdiyi idarədə bir neçə hökm var ki, ləğvedici təyin edilmədiyindən, hökmlər icrasız qalmışdır. Təmsil etdiyi idarənin qanunvericiliyə əsasən ləğvedici təyin etmək səlahiyyəti yoxdur. Bu hüquq məhkəməyə aiddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkəmə hökmünü icra edən orqan kimi hüquqi şəxs məhkəmə hökmünün icra edilməsi məqsədi ilə hüquqi şəxsin ləğvedicisinin təyin edilməsinin zərurliyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndənin və vəkilin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Hökmü icra edən dövlət orqanının kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Kassasiya şikayətində qaldırılan məsələ hökmün ləğv edilən hüquqi şəxslərə münasibətdə iclası ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır və bu məqsədlə qüvvədə olan qanunvericiliyin bu konteksdə şərh və tətbiqini zəruri edir. Belə ki, hüquqi şəxslərin ləğvi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların Icrası Məcəlləsi və Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi M a d d ə 99-8. Hüquqi şəxsi ləğv etmə 99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. 99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsi Maddə 487-4. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı müəyyən edilməli olan hallar 487-4.0. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar; 487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar; 487-4.0.3. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar; 487-4.0.4. bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar; 487-4.0.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən nəzərə alınan hallar. Maddə 487-7. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışının xüsusiyyətləri 487-7.1. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışı bu Məcəllənin 298-358-ci maddələri ilə müəyyən edilmiş qaydada aparılır. 487-7.3. Məhkəmə bu Məcəllənin 487-4.0.1-487-4.0.5-ci maddələrində nəzərdə tutulmuş halları müşavirə otağında müzakirə edərək bu barədə məlumatları, habelə bu Məcəllənin 487-6.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları məhkəmə baxışının nəticələrinə dair yekun qərarında əks etdirir. 487-7.4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir. 487-7.5. Məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. 487-7.6. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi və ya hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi məhkəmə baxışının nəticələrinə dair yekun qərarda qeyd olunur. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsi Maddə 190. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası 190.1. Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 190.2. Hüquqi şəxsin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. 190.3. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Qeyd edilən Məcəllələrin təhlilindən görünür ki, CM-də cinayət-hüquqi tədbir kimi hüquqi şəxslərin ləğvi nəzərdə tutulmasına baxmayaraq, CPM-in 346, 347, 348, 353-cü maddələrində hüquqi şəxlərin ləğvi ilə bağlı müddəalar nəzərdə tutulmamış, yalnız CPMin 487-7.4 və 487-7.6-cı maddələrində hüquqi şəxs barədə cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin (o cümlədən hüquqi şəxsin ləğv edilməsinin) məhkəmə baxışının nəticələrinə dair yekun qərarda qeyd edilməli olması göstərilmişdir. Buradan da belə bir nəticə hasil olur ki, hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi (o cümlədən hüquqi şəxsin ləğvi cinayət-hüquqi tədbir) barədə məhkəmə hökmünün (yekun qərarın) nəticə (hökm etdi, qərara aldı) hissəsində konkret müddəa göstərilməlidir. Hüququ şəxsin hansı qaydada, hansı orqan tərəfindən ləğvi prosedurunun müəyyən edilməsi barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. CIM-in 190.1-ci maddəsindən də göründüyü kimi hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğv etmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Deməli, hüquqi şəxsin ləğvi, ləğv etmə komissiyası (təsviyəçi) tərəfindən həyata keçirilməli və bu vəzifə ləğv etmə komissiyasına (təsviyəçiyə) məhkəmənin yekun qərarı ilə həvalə edilməlidir. Həmin maddənin digər müddəasına əsasən isə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi icra məmuruna həvalə edilmişdir. Yəni icra məmuru ləğv etmə komissiyasının (təsviyəçinin) hüquqi şəxsin ləğvi prosedurunu hansı qaydada həyata keçirməsinə, bu zaman qanunvericiliyin tələblərinə əməl edib-etməməsinə nəzarət etməlidir. Eyni zamanda, həmin maddədə yekun qərarın icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməsi nəzərdə tutulmuşdur. Burada müvafiq icra hakimiyyəti orqanının vəzifəsi ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ləğvetmə proseduru MM-in tələblərinə uyğun olaraq tam həyata keçirilib qurtardıqan sonra, bununla əlaqədar tərtib edilmiş müvafiq sənəd (akt, protokol və s.) əsasında hüquqi şəxsin dövlət reyestrində qeydiyyatının ləğv edilməsindən və bununla bağlı müvafiq məhkəməyə məlumat verməsindən ibarətdir. CIM-in 190.2-ci maddəsinin tələblərinə əsasən isə hüquqi şəxsin ləğvi MM-yə uyğun həyata keçirilməlidir. MM-in 59.2.4-cü maddəsində hüquqi şəxsin ləğvinin əsaslarından biri kimi cinayət işinə baxan məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir kimi hüquqi şəxsin ləğvi göstərilmişdir. MM-in 60.1-ci maddəsində hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyasının (təsviyəçi, ləğvedici) təyin edilməsi, MM-yə uyğun olaraq ləğv etmə qaydasının və müddətinin müəyyənləşdirilməsi və ləğvetmə prosesinin başlanmasına dair müddəalar əks olunmuşdur. Həmin Məcəllənin 59.3-cü maddəsinin son cümləsinə əsasən isə MM-in 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələrinin həvalə olunması müəyyən edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin yekun qərarı ilə hüquqi şəxs ləğv edildikdən sonra, məhz həmin yekun qərarla məhkəmə tərəfindən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilməli, ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunmalıdır. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) məhkəmənin yekun qərarı ilə təyin edilməli olması Qanunvericiliyin müddəalarından irəli gəlsə də, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) kimlərin sırasından seçilərək təyin edilməsi ilə bağlı Qanunvericilikdə müvafiq göstəriş yoxdur. Lakin MM-in 59.3-cü maddəsinin 2-ci cümləsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu normadan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə hüquqi şəxsin ləğv edilməsi barədə cinayət-hüquqi tədbir tətbiq edərkən həmin hüquqi şəxsin nizamnaməsi əsasında araşdırma apararaq hüquqi şəxsin təsisçilərini (iştirakçılarını), eləcə də hüquqi şəxsin nizamnaməsinə əsasən ləğvetmə komissiyasının mövcud olub-olmamasını araşdırmalı, bu araşdırmanın nəticəsi olaraq yuxarıda qeyd edilən şəxslər sırasından konkret şəxsi və ya bir neçə şəxsi (komissiya formasında) ləğv edilən hüquqi şəxsin ləğvedicisi (təsviyəçisi) kimi təyin etməli, ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunmalıdır. Məhkəmənin hökmü ilə hüquqi şəxsin ləğvedicisi təyin edilmədiyi təqdirdə həmin məsələnin CPM-in 518-ci maddəsinin müddəalarına uyğun olaraq hansı qaydada həll edilməsinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi məsələlərini tənzimləyir. Həmin maddənin məzmunundan da göründüyü kimi, qeyd edilən maddənin təyinatı hökmün icrasını təmin etmək, hökmün icrası zamanı yaranan maneələri aradan qaldırmaq, icra zamanı meydana gələn şübhə və anlaşılmazlıqları həll etməkdir. CPM-in 518-ci maddəsindən görünür ki, 518.0.1-518.0.3-cü maddələrdə şərh edilən məsələnin həllinə dair konkret norma olmasa da, CPM-in 518.0.4-cü maddəsi hakimə öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq hüququ verir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxs barəsində tətbiq edilən ləğv etmə formasında cinayət-hüquqi tədbirin hansı qaydada icra etmək, ləğv edilən hüquqi şəxsin nizamnaməsi əsasında araşdırma apararaq hüquqi şəxsin təsisçilərini (iştirakçılarını), eləcə də hüquqi şəxsin nizamnaməsinə əsasən ləğvetmə komissiyasının mövcud olubolmamasını araşdırmaq, bu araşdırmanın nəticəsi olaraq yuxarıda qeyd edilən şəxslər sırasından konkret şəxsi və ya bir neçə şəxsi (komissiya formasında) ləğv edilən hüquqi şəxsin ləğvedicisi (təsviyəçisi) kimi təyin etmək, ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifəsini həvalə etmək, məhkəmənin hökmündə göstərilməmişdirsə, bu anlaşılmazlığın CPM-in 518.0.4-cü maddəsinin müddəalarına uyğun qaydada həll etmək hökmün iclasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır, həmçinin, anlaşılmazlığın bu qaydada həll edilməsi CPM-in prinsip və müddəalarına da uyğundur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası DVX-in Milli Gəlirlər Baş Idarəsinin təqdimatını təmin etməkdən imtina edərkən öz qərarını onunla əsaslandırmışdır ki, məhkəmənin qərarında hər hansı bir anlaşılmazlıq olmadığından, məhkəmə qərarı aydın və anlaşılan şəkildə tərtib olunduğundan, təqdimatın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Halbuki hazırkı işin hallarından da göründüyü kimi, yekun məhkəmə qərarlarında hüquqi şəxsin ləğvinin icra edilməsi üçün zəruri olan hallar göstərilmədiyindən (hüquqi şəxsin ləğvini həyata keçirməli olan ləğvedici (təsviyəçi) təyin edilmədiyindən), bununla da məhkəmələr tərəfindən anlaşılmazlığa yol verildiyindən və bu anlaşılmazılığın aradan qaldırılmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmünün icrasını qeyri-mümkün etdiyindən, bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş müddəalara uyğun olaraq hökmün icrasının təmin edilməsi məqsədi ilə yol verilmiş anlaşılmazlıq aradan qaldırılmalıdır. CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti və apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq cinayət və cinayət-prosessual qanunun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Göründüyü kimi, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi hökmün icrası zamanı yaranmış anlaşılmazlığın həll edilməsi səlahiyyətinə malikdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxsin ləğvi cinayət-hüquqi tədbirin tətbiqi zamanı, icra prosesində ləğvetmə komissiyasının üzvlərinin (təsviyəçi, ləğvedici) başqa şəxslərlə əvəz edilməsi, hüquqi şəxsin ləğvi ilə bağlı hökmün icra müddətinin dəyişdirilməsi, eyni zamanda, icra ilə bağlı başqa məsələlərin həll edilməsi zərurəti yarandıqda, bu məsələlər hökmün icrası qaydasında, CPM-in 520-ci maddəsinin müddəalarına uyğun olaraq həll edilə bilər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi mübahisələndirilən məsələyə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il ## ##### tarixli *(***)- ***/**** nömrəli qərarı, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı Idarəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1773/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1773/2025
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver