Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-179/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-586/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2dır. 2. 19 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş işin faktiki hallarına görə, Məhkum, 27 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanda yerləşən ictimai yer olan “Şahzadə” restoranının qarşısında onunla birlikdə həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs2 həmin gün ona restoranda qəhvə verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıq-açığa hörmətsizlik edib, birgəyaşayış qaydalarını və əxlaq normalarını pozaraq nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 ilə mübahisə edib restorandan götürdüyü təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək zor tətbiq etməklə hədələyib həmin bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə hücum etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 onun tutub qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən, sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətlərini davam etdirib əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə h əmin bıçaqla Zərərçəkmiş şəxs1 döş qəfəsindən bir dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemotoraks və hemiperikard ilə müşayiət olunan ürəyin tamponadası ilə ağırlaşmış ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-944/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə 07 (yeddi) il 0 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmi şlər.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxsin digər müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti verib hökmün ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-586/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-944/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli hökmünün cəza təyin edilməsinə aid hissəsində dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqda n məhrumetmə cəzasının 06 (altı) il 06 (altı) ay müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə yeni təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha y üngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-586 /2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məq sədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
25. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən hallar kimi onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamas ını, əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran hər hansı halın оlmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CMnin 126.2.2 və 126.2.4-cü maddələri ilə təyin etdiyi 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını 06 (altı) il 06 (altı) ay müddətə endirmiş, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Məhkum qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, nəticə etibarilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etməklə qanunla müəyyən edilən məqsədlərə xidmət edən ədalət li cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-586/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-586/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.