Məhkəmə qərarları › İş №1(102)-1795/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1795/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1795/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(107)-122/2021 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayət inə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-6/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cə zaya məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda, eləcə də Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-122/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-6/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası CMnin 62.2-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə endirilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkum1 18 may 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə vəsatət və kassasiya şikayəti göndərərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-122/2021 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum1 vəsatəti təmin edilməmişdir.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 kassasiya şikayəti verərək, mübahisələndirdiyi qərarın ləğv edilməsini, müddətin buraxılmasının üzrlü hesab edilməklə kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində Məhkum1 xəstələndiyinə görə vaxtında apellyasiya instansiyası məhkəmə sinin qərarından kassasiya şikayəti verə bilmədiyi qeyd edilərək, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-122/2021 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq aşağıdakıları qeyd edir.

12. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə ə sasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

13. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhru m edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

14. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı 01 aprel 2021-ci il tarixdə qəbul edilmiş və 15 aprel 2021-ci il tarixdə Məhkum1 qəbzə imza etməklə rəsmi qaydada çatdırılmış, müvafiq olaraq həmin qərardan kassasiya şikayəti vermə müddəti 15 aprel 2022-ci il tarixdə bitmişdir.

15. Məhkum1 Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını qəbul etdiyi vaxtdan 1 il 1 ay 3 gün vaxt keçdikdən sonra, 18 may 2022-ci il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya müraciətini təqdim etmişdir.

16. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, müddətin buraxılmasını xəstəlik keçirməsi ilə izah etmişdir. Lakin, bu hal barəsində kassasiya şikayətində göstərilənlər, Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin nəzərdə tutduğu əsasların gerçəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz.

17. Çünki, Cinayət-Prosessual Məcəlləsinin sözügedən müddətin bərpası əsasını xəstəliyin ağır olması, uzun sürməsi, fiziki və yaxud psixi pozuntulara səbəb olması kimi əlamətlərin mövcudluğu ilə şərtləndirdiyi halda, məhkum vəsatətində onun səhhətindəki problemin nə qədər sürməsi, hansı dövrləri əhatə etməsi, hansı müdd ətlərdə stasionar və yaxud ambulator müalicədə olması barədə konkret faktlar gətirməmiş və bu iddiasını təsdiq edən materialları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərən hallar kimi həmçinin onu qeyd edir ki, Məhkum1 müdafiəçisi əvvəllər apellyasiya instansiyası məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından qanunla müəyyən edilmiş prosessual müddəti daxilində kassasiya şikayətini vermiş, lakin məhkum özü həmin şikayəti geri götürmüşdür (Ali Məhkəmənin Cinayət kollegiyasının məhkumun ərizəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması haqqında 23 fevral 2022-ci il tarixli qərarı).

19. Göründüyü kimi, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vax tında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlillər i barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuş dur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X4rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il)

21. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Şəki Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 1(107)-122/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, kassasiya şikayətini üzrlü səbəblərdən buraxıldığı iddia edilsə də, faktiki olaraq bunu təsdiqləyən hər hansı əsaslı üzrlü səbəblər göstərilməmişdir.

23. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏR ARAALDİ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-122/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-122/2021 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar