Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1848/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(105)46/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 8.9.1983-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi ev 73-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri 1-ci Şöbədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən ela n edilmiş ittihama əsasən, Məhkum külli miqdarda törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində “Namus” adlı şəxsdən əldə edib daşımaqla Xaçmaz rayonuna gətirib özündə saxlamış, 26 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz rayonu Şollar kəndində, həmin kənddəki “Oba” marketdən 800 metr şimal istiqamətində yerləşən Şahid4 yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 250 manata satmış, bu fakt Xaçmaz Rayon Polis X10 bölməsinin əməkdaşları tərəfindən 28 sentyabr 2023-cü il tarixdə saat 17:30-dan 17:55-dək olan müddətdə Təqsirləndirilən şəxs və Şahid4 iştirakı ilə sonuncunun yaşadığı yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin giriş qapısından solda yerləşən 1-ci otaqda masanın üzərindən 7 ədəd falqa kəsiyi bükümündə, 3 ədəd sellofan bükümündə, 1 ədəd kağız bükümündə təmiz çəkisi 6,216 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd sellofan və 1 ədəd falqa bükümündə ümumi təmiz çəkisi 0,288 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd “LD” markalı siqaret qutusunda, 7 ədəd sellofan və kağız bükümlərdə və həmin otaqdakı pəncərənin qarşısında olan 1 ədəd sellofan torbada ümumi təmiz çəkisi 27,42 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə həmin gün saat 19:10-dan 19:20-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvar ının sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükümündə təmiz çəkisi 12,938 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, külli miqdarda törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımış və satmışdır.
3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X6 və X3 ibarət məhkəmə tərkibində) 17 sentyabr 2024-cü il tarixli, 1(124)-503/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında s axlanıldığı 9 ay 11 gün müddətin ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması, üzərində qəti olaraq 4 il 8 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkilməsinin əvvəlinin 10 sentyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin digər Təqsirləndirilən şəxs cinayət məsuliyyəti, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən narazı qalan Məhkum apellyasiya şikayəti verərək, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 15 yanvar 2025-ci il tarixli, 1(105)46/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-503/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmünün Məhkum apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(105)-46/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində məhkəm ələr tərəfindən gəlinmiş nəticəyə istinad edilərək qeyd edilmişdir ki, onun himayəsində biri azyaşlı olmaqla, iki uşağının və xəstə anasının olması, cəza çəkdiyi müəssisədə müsbət xarakterizə olunması, əməlindən peşman olması, əvvəllər məhkumluğunun olmaması barəsində cəza təyin edilərkən nəzərə alınmamışdır. Qeyd etdiklərinə əsasən, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsini Cinayət Kollegiyasının 15 yanvar 2025ci il tarixli, 1(105)-46/2025 nömrəli qərarının dəyişdirilməsini, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü ilə əvəz edilməsini, bu mümkün olmadıqda isə cəza müddətinin xeyli azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbi irəli sürsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025- ci il tarixli, 1(105)-46/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəz anın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siya hısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normaların və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum barəsində həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiası nın əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 1(124)-503/2024 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 4 il 8 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olması və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.
27. Göründüyü kimi, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkz ib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən, yəni birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasi ya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Qeyd olunanlar kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin e dilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(105)-46/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(105)-46/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.