Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1849/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli, 1(105)-359/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Nurəddin Hüseynli) 28 dekabr 2023-cü il tarixli, 1(124)501/2023 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 138A-da qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolunda yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 80,500 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 yanvar 2023-cü il tarixdə, saat 16.30-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Mərasim evinin arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 3-cü Polis Bölməsinə gətirildikdən sonra, bölmənin xidməti otaqlarının birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman geyimli gödəkcəsinin sol cibindən sa rı rəngli yapışqanla ağ sellofana bükülmüş üzərində 80 qram yazılmış bükümün içərisindən ümumi təmiz çəkisi 80,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 27 may 2024-cü il tarixli, 1(105)-359/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(124)-501/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli, 1(105)-359/2024 nömrəli qərarının ləğv edilməsini, əməlinin CM-in 234.1-1-c i maddəsinə tövsif edilərək barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsində onun işinə baxılarkən cinayət-prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırması aparılmamışdır. Belə ki, məhkum ibtidai istintaq zamanı müstəntiq tərəfindən qərəzli iş aparıldığını, həbs olunarkən işgəncəyə məruz qalaraq təzyiq altında 8 qram narkotik vasitənin əvəzinə 80 qram narkotik vasitənin onda aşkarlanmasına dair sənədlərə imza atdırılması, narkotik vasitələrin alqı-satqısına dair heç bir mötəbər sübutun olmamasını qeyd etmişdir. Həmçinin, ailə vəziyyətinin, 1 azyaşlı övladının olması, yaşayış yerindən müsbət xarakterizə olunması və digər cəzanı yüngülləşdirə n halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ona CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına gətirib çıxarmış, apellyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin d üzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 234-cü maddəsində nəzərdə tutulmuşdur. CM-in 234.1-ci maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya daşıma həmin cinayətin obyektiv cəhətini təşkil edir. Eyni əməllərin külli miqdarda törədilməsi həmin maddədə tövsifedici (ağırlaşdırıcı) hal kimi nəzərdə tutulur və bu zaman əməl daha ağır məsuliyyət müəyyən edən CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunur. Həmçinin, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin satış məqsədi ilə törədilməsi tövsifedici ağırlaşdırıcı hal hesab olunur və əməlin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir. Göründüyü kimi, məhkumun fikrincə onun əməlinin tövsif edilməli olan CM-in 234.11-ci maddəsini onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsindən fərgləndirən cinayət tərkibinin (subyektiv cəhətin) əsas əlamət “satış məqsədi” dir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclas ında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi də məhkumun apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələri ə saslı və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman geyimli gödəkcəsinin sol cibindən sarı rəngli yapışqanla ağ sellofana bükülmüş üzərində 80 qram yazılmış bükümün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. İbtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində məhkum bildirmişdir ki, onun üzərində aşkar edilmiş narkotik vasitəni o adətən narkotik vasitəni aldığı “Mehman” adlı şəxsin xahişi ilə gizləndiyi yerdən götürərək ona çatdırmalı imiş. Mehman bu xidmətinə görə məhkuma 5 qram heroin verməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməs i cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən ma ddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri iş materiallarında sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkə mə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1849/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1849/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver