Məhkəmə qərarları › İş №1(102)-187/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-187/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-187/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-498/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 26 iyul 1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 01 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 oktyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədilə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 28 may 2022-ci il tarixdə kart hesabına 200 manat pul göndərdikdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan küçədə yolun kənarındakı daşın altında sonuncu tərəfindən gizlədilmiş ümumi çəkisi 6,061 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qırmızı rəngli gödəkcənin sağ cibindən 2 ədəd şəffaf sellofana bükülmüş halda ayrıayrılıqda 4,155 qram və 1,906 qram olmaqla ümumilikdə 6,061 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1838/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-498/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1838/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökm üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməli eyni Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edildiyi və təyin edilən cəzanın ağır olduğu iddia edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ədalətli qərarın qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Mə hkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl ed ilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydas ında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-498/2023 nömrəli, 10 fevral 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıd akıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə a lınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə belə qənaətə gəlmişdir ki, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair ittiham mötəbər sübutlara əsaslanmadan ehtimallar üzərində qurulmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin təsdiqi məhkumun özünün qismən etirafedici ifadəsi ilə yanaşı həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinə dаir sənədlər və işdə ola n digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edə rək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, qəbul edilən qərar onların bu hissədə də müvafiq maddi və prosessual cinayəthüquqi normalara uyğundur.

25. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

26. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadl ıqdan məhrum etmə cəzasının ən aşağı həddinə yaxın olan 4 il cəza müddətini seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-498/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-498/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar