Məhkəmə qərarları › İş №1(102)-1880/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1880/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1880/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1533/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1983-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, ali təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamışdır. 2. 12 noyabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməs i tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun bacısının oğlu olan X3 cəzaçəkmə müəssisəsindən sərbəst buraxdıracağına dair yalan vəd verib aldadaraq inandırmış və 2018-ci ilin iyul ayının ortalarında ünvan 3 ünvanında yerləşən “Həyat” şadlıq sarayının qarşısında Şahid1 vasitəsi ilə 14000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2022 nömrəli, 09 iyun 2022-ci il t arixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməli olduğunu, ümumiyyətlə əməlində cinayət tərkibinin olmadığını iddia edib, təyin edilmiş cəzadan daha yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1533/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikaətinin dəlilləri eynidir, Məhkum onları təkrarlamaqla ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bun dan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1533/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əla vələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışın ın predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu dəlillərə bütövlükdə müvafiq əsaslandırma təmin edilməklə cavab verilmişdir.

20. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələ ndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

21. Hazırkı kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

24. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 1(103)-1533/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1533/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar