Məhkəmə qərarları › İş №1(102)-1890/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1890/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1890/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakl arı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) 1(005)31/2022 nömrəli 30 mart 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1958-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 13, mənzil 36 ünvanında qeydiyyatda olmaqla, İmişli rayonu, Sarıxanlı kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablanmışdır. İş üzrə mülki iddia qismən təmin edilərək mülki cavabdeh Məhkum 27.400 (iyirmi yeddi min dörd yüz) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək heç bir real imkana və səlah iyyətə malik olmadığı halda İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən fəaliyyəti dayandırılmış Kənd təsərrüfatının elektrikləşdirilməsi müəssisəsinə aid 0,33 hektar torpaq sahəsini özəlləşdirib şəxsi mülkiyyətinə keçirərək notarial qaydada əlverişli qiymətə, 30.000 (otuz min) manat müqabilində ona satacağına dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 08 iyun 2013-cü il tarixdə İmişli rayonu, Yalavac kəndində, həmin torpaq sahəsində əvvəlcə 5.000 (beş min) manat pulunu, 31 iyul 2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika əlillərin bərpa mərkəzinin qarşısındak ı “Qaxac” restoranının çayxanasında 3.000 (üç min) manat pulunu, 10 avqust 2013-cü il tarixdə həmin çayxanada 2.000 (iki min) manat pulunu, 02 oktyabr 2013-cü il tarixdə həmin çayxanada 1.000 (bir min) manat pulunu, 05 oktyabr 2013-cü il tarixdə həmin çayxanada 1.000 (bir min) manat pulunu, 02 noyabr 2013-cü il tarixdə həmin çayxanada 3.000 (üç min) manat pulunu, 30 noyabr 2013-cü il tarixdə kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının qarşısında 5.000 (beş min) manat pulunu, 04 dekabr 2014-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika əlillərin bərpa mərkəzinin qarşısındakı “Qaxac” restoranının çayxanasında 2.500 (iki min beş yüz) manat pulunu, 04 mart 2015-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında 1.500 (bir min beş yüz) manat pulunu, 10 iyun 2015-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika əlillərin bərpa mərkəzinin qarşısındakı “Qaxac” restoranının çayxanasında 1.000 (bir min) manat pulunu, 21 sentyabr 2015-ci il tarixdə həmin ünvanda 500 (beş yüz) manat pulunu, 02 oktyabr 2015-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat pulunu, 15 oktyabr 2015- ci il tarixdə həmin ünvanda 500 (beş yüz) manat pulunu, 17 may 2015-ci il tarixdə həmin ünvanda 200 (iki yüz) manat pulunu. 01 noyabr 2018-ci il tarixdə isə ünvan 4 ünvanın da yerləşən Nəriman Nərimanov adına istirahət parkında 1.000 (bir min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 27.400 (iyirmi yeddi min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 1(103)-1075/2022 nömrəli 29 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi və mülki iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını göstərsə də, bu halı kifayət qədər nəzərə almamışdır. Həmçinin, Şahid3 əvvəllər məhkum olunmaması, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörm ət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Hesab edirik ki, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək, barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etmir. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası da təqsirləndirilən Şahid3 təqsirli bilindiyi cinayət qanunun normalarına uyğun cəza təyin etməmiş, bununla əlaqədar cəza təyin etmənin ümumi prinsiplərinə əməl etməmişdir. Məhkəmələr Şahid3 ittiham olunduğu əməl üçün qanunda azadlıqdan məhrum etməyə alternativ cərimə cəzasının hansı əsasa görə təyin edilməməsini müzakirə bələ etməmişdir. Onu da nəzərə almaq lazımdır ki, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməməsi təqsirləndirilənin ağır cəzaya məruz qalmasına səbəb ola bilməz. Lakin məhkəmələr bu xüsusatı da nəzərə almamışlar. Belə ki, Məhkum heç bir cinayət əməli törətməmiş və ona istinad olunan cinayət əməlində onun təqsiri olmamışdır. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı obyektiv həqiqəti əks etdirmədiyindən və ədalətli olmadığına görə ləğv edilməli, təqsirləndirilən Şahid3 bəraət verilməlidir. Ona görə ki, Şahid3 istinad olunan cinayət əməli sübuta yetirilmir. Hökmdə və yekun qərarda iş üzrə sübutlar bir-biri ilə əlaqəli şəkildə təhlil edilməmiş, bir sübuta digə rinə nisbətdə üstünlük verilməsi, əsaslı hesab edilməsi əsaslandırılmamışdır. Məhkəmələr təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi halları araşdırılmış mötəbər sübutlarla təkzib etməklə inandırıcı hesab etməməsini əsaslandırmalı idi. Lakin, buna əməl edilməmişdir. Ona görə ki, təqsirləndirilən şəxslərin ifadələrində göstərilən halları təkzib edəcək sübutlar cinayət işinin materiallarında yoxdur. Bundan başqa, məhkəmələr zərər çəkmiş şəxsin istintaqa təqdim etdiyi danışıqları sübut kimi qəbul edilmişdir. Halbuki, həmin səs yazıları qanunsuz yolla, insan hüquqlarına (azadlıq və şəxsi həyatına) müdaxilə edilməklə əldə edilmişdir. Qanun isə qeyd edilən yolla əldə edilmiş sübutların sübut kimi istifadə edilməsinə yol vermir. Qanuna uyğun olaraq yuxarıda qeyd edilən ekspertizaya təqdim edi lmiş səs yazılarının və onun araşdırılması üçün alınan fonetik ekspertiza rəyinin sübut kimi hüquqi qüvvəsi yoxdur, həmçinin ondan sübut kimi istifadə oluna bilməz. Eyni zamanda həmin səslərin kimlərin arasında aparılmasını müəyyən edilməsi üçün məhkəmə-fonoskopik ekspertizası belə keçirilməmişdir. Cinayət işinin faktiki halları bu halları da təsdiq olunur ki, təqsirləndirilən şəxslə zərər çəkmişin aralarında olan şifahi razılaşmaya əsasən Şahid3 satış predmeti olacaq torpaq sahəsini öz adına özəlləşdirmək üçün müəyyən hərəkətlər etsə də istəyinə nail ola bilməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsini Zərərçəkmiş şəxs sata bilməmişdir. Onu da qeyd etmək lazımdır ki, zərər çəkmiş şəxsin özü də əvvəlcədən bilmiş və razılaşmışdır ki, torpaq sahəsi özəlləşdirildikdən sonra ona satılacaq dır. İşin bu halı da Şahid3 zərər çəkmiş şəxsi aldadaraq onun əmlakına sahib olmaq istəyində olmamasına dəlalət edir. Belə ki, Şahid3 sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün məhkəmədə mübahisə də açmışdır. Bununla əlaqədar məhkəmə aktları cinayət işinin materiallarına əlavə edilmişdir. Bu xüsusat onu təsdiq edir ki, Şahid3 zərər çəkmişi aldatmaq və ya onun etibarından sui-istifadə etmək niyyətində olmamışdır. Yəni, Şahid3 niyyəti zərər görmüş şəxsin əmlakını ələ keçirməyə və ona sahib olmağa yönəlməmişdir, zərər çəkmiş şəxsə yalan vəd verməmişdir. Belə olan halda təqsirləndirilən dələduzluq cinayətində təqsirli hesab etmək mümkün deyildir. Ona görə də hesab edir ki, Şahid3lə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə mülki mübahisədir. Şahid3 mülkiyyətində olmayan torpaq sahəsi ni satmaq istəməsinə gəldikdə qeyd olunmalıdır ki, ölkədə aparılan torpaq islahatlarına və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunlara söykənərək islahatlar başlayana kimi rəhbəri olduğu müəssisənin əmlakı olan torpaq sahəsinin özəlləşdirə biləcəyinə əmin olmuşdur. Beləliklə, hesab edir ki, Şahid3 əməlində dələduzluq cinayəti tərkibinin olması və onun əməlinin CM-nin 178-ci maddəsi ilə tövsif olunması barədə nəticə qanuni, əsaslı və ədalətli sayıla bilməz. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmiş, eyni zamanda iddia tələbi itirilmiş gəlir əldə çıxmış fayda 10.000 manat və mənəvi ziyana görə 500 manat hissəsi təmin edilməməsi qanunsuzdur. Belə ki, məhkəmələr də ona minimum cəza verməklə o nun gələcəkdə bundan da daha çox məbləğdə adamları aldatmağına şərait yaradır. Halbuki, məhkum əvvəllər bir dəfə də məhkum olunmuşdur, lakin bundan nəticə çıxarmayaraq yenidən cinayət hadisəsi törətmişdir. Zərərçəkmiş şəxsin hüquqları məhkəmələr tərəfindən qorunmamış və düzgün qiymətləndirilməmiş, əksinə pozulmuşdur. Mülki iddia ilə əlaqədar əldən çıxmış faydanın təsdiq edilməsi barədə məhkəməyə kifayət qədər sənədlər təqdim edilmiş, lakin məhkəmələr itirilmiş faydanın tələb edilməsi barədə iddia tələbini əsassız rədd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin q ərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normala ra, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi və təqsirsiz olduğuna görə barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda məhkəmələr əsasız və qanunsuz olaraq onun barəsində ittiham hökmünün çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Ş əxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mül kiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyəti nə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı irəli sürülmüş dələduzluqla bağlı ittiham, yəni onun xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolları və digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bu nlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olması və qanun normalarına uyğun gəlməməsinə dair dəlillə əlaqədar məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanun normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda gös tərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onları n işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Şahid3 həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlayır. Məhkəmə k ollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış edərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “işin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətləri ndə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Bundan başqa, məhkəmə kollegiyası həm müdafiə tərəfinin və həm də ittiham tərəfinin məhkuma təyin edilmiş cəzaya aid hissədə bildirmək istəyir ki, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlili mülki iddianın tam təmin olunmamasının əsassız olmasıdır. Şikayətin dəlilinə gəlincə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əm əlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərərçəkmiş şəxsin müalicəsi və ona qulluq göstərilməsi, habelə zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. İş materiallarından görünür ki, bilavasitə cinayət nəticəsində Zərərçəkmiş şəxs 27.400 manat miqdarında maddi ziyan vurulmuşdur. Məhz bu məbləğlə əlaqədar Məhkum ittiham irəli sürülmüş və həmin məbləğdə dələduzluq əməli törədilməsində o təqsirli bilinmişdir. Məhkum dələduzluq əməlləri törətməklə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməmişdir. Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə nəzərdə tutulmuş hallarla bağlı zərərçəkmiş şəxsə ziyan ın vurulması müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası mülki iddianın tam təmin edilməməsi ilə əlaqədar zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilənlər onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün yetərli deyildir və bu məsələ həll edilərkən zərərçəkmiş şəxsin əmlak hüquqları da diqqətdən kənarda qalmamaqla məsələyə hər bir halda kompleks şəkildə yanaşılmalı və həll edilməlidir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum cəza çəkmədən islah olunmasını mümkün saymır və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs-mülki iddiaçının ka ssasiya şikayətinə əsasən Məhkum cəzasının ağırlaşdırılması üçün əsas görməyib təyin edilmiş cəzanın həm yüngüllüyü, həm də sərtliyi baxımından hesab edir ki, birinci instansiya məhkəməsi cəzanın növünü və həddini müəyyən edərkən həm məhkum edilmiş şəxsin, həm də zərərçəkmiş şəxsin mənafeləri baxımından ədalətli tarazlığı müəyyən edə bilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin mə hkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyun 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar