Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1902/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/ 2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 16 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsi ev 8 mənzil 11-də qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təkrarən satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməklə özündə saxlayaraq daşımışdır. Belə ki, Məhkum 12 yanvar 2022-ci ildə səhər saatlarında Bakı şəhəri Yasamal rayonunda olan X11 xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan şəxsə Bakı şəhəri Nəsimi rayonunda olan “SAB” aptekindən, qeydiyyatda olduğu Bakı şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş resept əsasında aldığı güclü təsir edən maddələr olan “Alyse” və “Tramadol” həblərinin müəyyən miqdarını verib əvəzində ondan satış məqsədi ilə qanunsuz təmiz çəkisi 0,087 qram psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 0,506 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 13:15 radələrində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəq ədi rayonu Azadlıq prospekti 191 ünvanındakı Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 02 ədəd konvalyutda və hər birində 14 ədəd, cəmi 28 ədəd ağ rəngli kapsulunun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,2 qram üzərində “Alyse 150 mg” göstəricisi olan həblər, 01 ədəd konvalyutda ümumilikdə 10 ədəd göy-ağ rəngli kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,5 qram, üzərində “Tramadol 50 mg” yazısı olan həblər, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,276 qram və 0,230 qram olan və ümumi təmiz çəkisi 0,5 06 qram təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,087 qram təşkil edən ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Məhkum təkrarən, 03 aprel 2022-ci ildə səhər saatlarında, Bakı şəhəri Yasamal rayonunda yerləşən X11 xəstəxanasının yaxınlığında istintaqa məlum olmayan şəxsə, bir neçə ay əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “SAB” aptekdən, qeydiyyatda olduğu Bakı şəhər Narkoloji dispanser tərəfindən verilmiş resept əsasında aldığı güclü təsir edən maddələr olan “Alyse” həbindən və onda qalıq qalan müəyyən miqdarını verib, əvəzində sonuncudan satış məqsədi ilə qanunsuz təmiz çəkisi 0,036 qram narkotik vasitə heroini və xalis çəkisi 0,451 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 03 aprel 2022-ci ildə saat 14:30 radələrində, Binəqədi rayon polis idarəsinin 4cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq, həmin 4-cü polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 04 ədəd konvalyut kəsiyində 04 ədəd ağ rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,6 qram və üzərində “Alyse 150 mg” göstəricisi olan həblər, 01 ədəd bükümdə xalis çəkisi 0,036 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə xalis çəkisi 0,451 qram ağ rəngli krstallik kustar üsulla hazırla nmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-cü il tarixli, 1(101)-1308/2022 nömrəli hökmü ilə (hakimlər X3 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, tutularaq həbsdə saxlanıldığı 04 (dörd) gün müddət, bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona narkomaniya xəstəliyindən məcburi müalicə tədbirləri təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək ona daha yüngül alternativ cəzanın təyin olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/2022 nömrəli qərarı ilə təqsirləndiriən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayət Məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində olan 03 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:
7. Kassasiya şikayətinin dəlilləri qismində məhkuma təyin edilmiş cəzanın həddən artıq ağır olması qeyd edilərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/2022 nömrəli qərarının ləğv edilməsini və barəsində daha yüng ül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. Kassasiya icraatı zamanı məhkəmə iclasında dövlət ittihamçısı kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
10. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
11. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apel lyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun işinə ədalətli baxılmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
12. Odur ki, kollegiya məhkumuun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tar ixli, 1(103)-2363/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
17. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
20. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
21. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-cü il tarixli, 1(101)-1308/2022 nömrəli hökmü ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbay can Respublikası CM-nin 234.4.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
23. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyind ən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
25. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci mad dəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
26. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını di nləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 1(103)-2363/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.