Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1931/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə və Məhkum2 CM-in 32. 5, 259.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli 1(105)57/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2023-cü il 1 noyabr tarixli, 1(029)-76/2023 saylı hökmü ilə (hakim Anar Qasımov), 1986-cı il 3 avqust tarixində Quba rayonu Mirzəqasım kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Mirzəqasım kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Məhkum1 əməli CM-in 259.3-cü maddəsindən həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilmiş, CM-in 259.1-ci maddəsində nəzərd ə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimiş, CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, 1986-cı il 6 mart tarixində Quba rayonu Hacihüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam - o rta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu Hacihüseynli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Məhkum2 əməli CM-in 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilmiş, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün müddət hazırkı hökmlə ona təy in olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin olunması qərara alınmışdır. Həmin hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimovdan ibarət tərkibdə) 2024-cü il 14 fevral tarixli 1(105)-57/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 2023-cü il 1 noyabr tarixli 1(029)-76/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmə dən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum1 18 mart 2023-cü il tarixində saat 17 radələrində meşə fonduna daxil olmayan Qusar rayonu Quxur-oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində diametri 17 sm, 180 manat dəyərində 1 ədəd, diametri 22 sm olan 200 manat dəyərində 1 ədəd, diametri 25 sm olan 250 manat dəyəri 1 ədəd, diametri 27 sm olan 250 manat dəyəri 1 ədəd, diametri 29 sm olan 300 manat dəyərində 1 ədəd, diametri 30 sm olan 300 manat dəyərində 1 ədəd və diametri 34 sm olan 350 manat dəyərində 1 ədəd, cəmi 7 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Həmçinin həmin hökmlə Məhkum2 barəsində ittiham hökmü ona görə çıxarılmışdır ki, o, Məhkum1 2023-cü il 1 8 mart tarixində saat 17 radələrində meşə fonduna daxil olmayan, Qusar rayonu Quxur-oba Bələdiyyəsinin balansında olan Quxur-oba kəndinin məhəllə daxilində cəmi 7 ədəd çinar cinsli yaş köküstü qanunsuz kəsdiyi ağacların 15 manat müqabilində daşınmasına kömək edəcəyini qabaqcadan vəd etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMLARİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, hər iki təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən süni şəkildə yayınmaq məqsədi güdən, özünü müdafiə xarakterli ifadələri onların ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələri ilə ziddiyət təşkil edir və həqiqəti əks etdirmir. Hər iki təqsirləndirilən şəxsin ibtida i istintaq zamanı və eyni zamanda məhkəmə istintaqı zamanı da verdikləri ifadələrindən aydın olur ki, Məhkum1la Məhkum2 arasında qabaqcadan razılıq əldə edildikdən sonra onlar Xaçmaz şəhərində birgə nahar edib Qusar rayonu, Quxur-oba kəndində məhəllə daxili ağacları kəsməklə bağlı qabaqcadan əlbir olaraq həmin kəndə yollanmışlar və verilmiş ittihamda öz əksini tapan 7 ədəd çinar ağacını kəşmişlər. Eyni zamanda, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 da törədilmiş əməli təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Məhkum1 xahişi ilə Qusar rayonu, Quxuroba kəndində idarə etdiyi “QAZEL” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gələrək, sonuncunun Kamran Süeymanovla birlikdə kə sib, doğradığı 7 ədəd çinar cinsli ağacları Məhkum1 evinə aparmış və gördüyü işin müqabilində 40 manat yol pulu almışdır, buna baxmayaraq onun həmin ağacların qanunsuz kəsilməsi və onların barəsində Qusar RPŞ-də araşdırılma aparılması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə öz yekun qərarında ağacların kəsilməsi faktını təsdiq etməsinə baxmayaraq, təqsirləndirilən şəxslərin cinayət əməllərinin obyektiv cəhətlərinə yanlış hüquqi qiymət verərək tövsifdə səhvə yol vermişdir. Dövlət ittihamçısı bildirmişdir ki, hər iki iştirakçının birgə hərəkəti ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Məhkum2 hadisə yerinə Məhkum1la birgə gəlməklə kəsilmiş ağacları yük avtomobilinə yükləmək üçün yolun kənarına yığması Məhkum1 əməlin in obyektiv cəhətinin icrasına yönəlmiş, qabaqcadan əlbir olmaqla birgə icraçılıqdan ibarət eyni zaman kəsiyində, vahid cinayətin törədilməsinə yönəlmiş cinayətkar fəaliyyətdir. Dövlət ittihamçısı kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 2024cü il 14 fevral tarixli qərarının ləğv olunmasını və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya ins tansiyası məhkəməsində məhkəmə iclasında iştirak edərək kassasiya protestinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş ş əxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 419.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı h əqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmi n olunmaması barədə məhkumların çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Belə ki, kassasiya protestinin dəlillərindən də göründüyü kimi, hazırkı cinayət işi üzrə əsas mübahisələndirilən məsələ məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsidir. Birinci instansiya məhkəməsi məhkumların əməlini CM-in 259.3-cü maddəsindən CM-in 259.1-ci maddəsinə tövsif edərkən öz mövqeyini hökmdə aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə qeyd ed ir ki, ibtidai istintaq orqanı hər iki təqsirləndirilən şəxsin əməllərini qabaqcadan əlbir olmaqla törədilməsi qənaətinə gəlmiş olsa da, onların hər birinin iştirakçı kimi əməlinin nədən ibarət olması, eləcə də əməlin törədilməsində əsl məqsəd və niyyətlərinin nə olduğuna qiymət verməmişdir. Halbuki, ibtidai istintaq zamanı, eləcə də məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum1 məqsədli şəkildə özünə məxsus mişarla ağacların qanunsuz olaraq kəsilməsini, bununla da həmin əməlin obyektiv cəhətini təşkil edən hərəkətləri şəxsən özü icra etmiş, təqsirləndirilən şəxs Məhkum2 bu əməlin törətməsi ilə əlaqədar məqsədi fəhləlik edərək zəhmət haqqı almaq müqabilində Məhkum1 tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların daşınmasında köməkl ik göstərməsi olmuşdur. Belə olan halda isə işin bu faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarının müddəaları ilə müqayisəli şəkildə hüquqi qiymət verib məhkəmə belə hesab edir ki, onların cinayətlərini məhz qabaqcadan əlbir olaraq törətmələri təsdiq olunmur.” Birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayan apellyaisya instansiya məhkəməsi qəbul etdiyi qərarda öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hökmündə haqlı olaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı hər iki təsirləndirilən şəxsin əməllərini qabaqcadan əlbir olmaqla törədilməsi qənaətinə gəlmiş olsa da, onların hər birinin iştirakçı kimi əməlinin nədən ibarət olması, eləcə də əməl in törədilməsində əsl məqsəd və niyyətlərinin nə olduğuna qiymət verməmişdir. Halbuki, işin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs Məhkum1 məqsədli şəkildə özünə məxsus mişarla ağacların qanunsuz olaraq kəsilməsini, bununla da həmin əməlin obyektiv cəhətini təşkil edən hərəkətləri şəxsən özü icra etmiş, təqsirləndirilən şəxs Məhkum2 bu əməlin törətməsi ilə əlaqədar məqsədi fəhləlik edərək zəhmət haqqı almaq müqabilində Məhkum1 tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların daşınmasında köməklik göstərməsi olmuşdur. Belə olan halda isə işin bu faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarının müddəaları ilə müqayisəli şəkildə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə hesab edir ki, baş vermiş cinayətin təqsirləndirilən şəxslərin məhz qabaqcadan əlbir olaraq törətmələri təsdiq olunmur. Odur ki, təqsirləndirilən şəxs Məhkum2 cinayətin icraçısı Məhkum1 törətdiyi cinayətdə köməkçi qismində iştirak etdiyindən onun əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi, yəni 259.1-ci maddəsi ilə tövsif edilməsinə, eyni zamanda Məhkum1 əməli də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilinməməsi və onun əməlinin CM-nin 259.1-ci maddəsi ilə tövsif olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.” Kassasiya instansiya məhkəməsi iştirakçılığın növləri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əməlinin törədilməsi, eləcə də birgə icraçılıq ilə bağlı məsələlərə dair aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-in 32-ci maddəsinə əsasən: 32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cina yət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33-cü maddəsinə əsasən: 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin tə şkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. CM-in sadalanan nörmalarından da görünür ki, qanunvericilikdə birgə icraçılıq və köməkçilik məfhumları bir-birindən fərqləndirilmişdir. CM-in 33.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cinayət əməlini birlikdə törətmiş şəxslər birgə icraçı kimi qəbul edilir. Cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir-birini tamamlamasını; kriminal əməlin, yaxud da ictimai-təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını; habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Birgə cinayətkar fəaliyyətdə iştirakçıların səyi birləşir, hər bir iştirakçı konkret cinayətdə öz payına düşəni yerinə yetirir. Eyni zamanda, CM-in 32.5-ci maddəsində cinayətin köməkçisinin müfəssəl anlayışı verilmişdir. Cinayət əməli iki və ya daha çox şəxs tərəfindən birlikdə törədilirsə, bu zaman CM-in 33.4-cü maddədə əks olunmuş haldan başqa bütün hallarda birgə icraçılıq mövcud olacaqdır. Cinayət əməli ən azı iki şəxs tərəfindən birgə icra edilirsə, cinayət törətmiş şəxsləri icraçı və köməkçi kimi fərqləndirməyi qanunvericilik istisna edir. Verilmiş ittihamdan görünür ki, cinayət təqibi orqanı hər iki məhkuma qabaqcadan əlbir olan bir qrup şəxs kimi və birgə icraçı kimi ittiham irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə Məhkum2 tərəfindən də cinayət əməli törədilməsi ilə razılaşmış, lakin onun əməlini köməkçi kimi tövsif etmiş və belə bir nəticəyə gəlmişdir ki, hər iki məhkum qabaqcadan əlbir olan bir qrup şəxs kimi cinayət əməli törətməmişlər. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməmiş, Konsti tusiya Məhkəməsinin qərarına düzgün istinad etməmiş, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol vermişlər. Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir: “CM-in 34.2-ci mad dəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin t övsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir.” Eyni zamanda, iştirakçılığın qabaqcadan əlbir olmayan və qabaqcadan əlbir olan bir qrup şəxs növləri fərqləndirilir. CM-in 34-cü maddəsinə əsasən: 34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Sadə iştirakçılıq adlandırılan qabaqcadan əlbir olmayan bir qrup şəxs halında dəstə üzvləri arasında cinayət əməlinin törədilməsinə dair razılıq onların düşdükləri şəraitin təsiri altında yaranır. Belə formada iştirakçılıq üçün cinayətə qədər hazırlıq hərəkətləri aparmaq və cinayətin törədilməsini planlaşdırmaq xarakterik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında “qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışının şərhini vermişdir. Konstitusiya Məhkəməsi nin həmin məsələ ilə bağlı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri hə min Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Mövcud yanaşmalardan birinə görə, iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup” dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya məhkəməsinin qərarında məhkəmələrin əməlin tövsifi ilə bağlı gəldikləri nəticənin əsasını təqsirləndirilən şəxs Məhkum1 məqsəd li şəkildə özünə məxsus mişarla ağacların qanunsuz olaraq kəsilməsi, bununla da həmin əməlin obyektiv cəhətini təşkil edən hərəkətləri şəxsən özü icra etməsi, təqsirləndirilən şəxs Məhkum2 isə bu əməli törətməsi ilə əlaqədar məqsədinin fəhləlik edərək zəhmət haqqı almaq müqabilində Məhkum1 tərəfindən qanunsuz olaraq kəsilmiş ağacların daşınmasında köməklik göstərməsi təşkil etmişdir. Cinayət işi üzrə toplanmış sübutlardan da görünür ki, hər iki məhkum cinayət hadisəsi baş verməmişdən öncə bir yerdə olmuş, hər iki şəxs qanunsuz ağac kəsmək üçün getdiklərini bilmiş, zaman və məkan baxımından bir yerdə olmuşlar. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmələr məhkumların əməlinin tövsifində yanlışlığa yol vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayətlərlə bağlı mü vafiq qanunvericiliyin, Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqelərin, eləcə də vahid məhkəmə təcrübəsinin tələblərinə uyğun olmayan qərar qəbul etmişlər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmələrin cinayət əməlinin tövsifi ilə bağlı belə bir qənaətə gəlmələrinin əsas səbəbi CM-in 259.1-ci maddəsinin obyektiv cəhətinin “ağac kəsmə” kimi ifadə edilməsi olmuşdur. Cinayətin obyektiv cəhəti – müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimai-təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətinin daha qabarıq nəzərə çarpan xarici əlamə tlərindən qanuna bütün hallarda ancaq “hərəkət” və “hərəkətsizlik” məfhumları daxil edilmişdir. Hərəkət insan davranışının fəal, hərəkətsizlik isə passiv formasıdır. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir. Cinayətin obyektiv cəhətinin əlamətləri zəruri və fakultativ əlamətlərə bölünür. Bu bölgü ona görə aparılır ki, zəruri əlamətlər bütün cinayət tərkiblərinə daxil edilir. Fakultativlər isə yox. Zəruri əlamətlərə aiddir: hərəkət və hərəkətsizlik. Fakultativ əlamətlərə aiddir: səbəbli əlaqə, nəticə, zaman, məkan, üsul, şərait. Beləliklə, cinayət tərkibinin obyektiv cəhətinə ictimai-təhlükəli əməli, onun nəticəsini, ictimai-təhlükəli əməllə nəticə arasındakı səbəbli əlaqəni, habelə zamanı, məkanı və cinayətin edilmə üsulunu, cinayətin törədildiyi şəraiti xarakterizə edən əlamətlər daxil olur. Hazırki işin hallarından göründüyü kimi, ağaclar motorla işləyən mişarla kəsilmişdir. Həmin mişar da ağacın kəsilməsi anında yalnız bir şəxs tərəfindən istifadə oluna bilər. Yəni iki şəxsin eyni zamanda mişardan istifadə etməsi fiziki cəhətdən istisna olunur. Eyni zamanda, həm istintaq orqanının, həm də məhkəmələrin müəyyən etdiyi işin hallarından da görünür ki, hər iki məhkum ağacların kəsilməsi ilə bağlı qabaqcadan razılığa gəlmiş, mişarı da birlikdə özləri ilə daşımaqla birlikdə hadisə yerinə gətirmişlər və hazırki ağac kəsmədən ibarət cinayət hadisəsi törədilmişdir. İşin faktiki hallarından da gör ündüyü kimi hər iki şəxsin niyyətinin, məqsədinin ağac kəsmə olmasına baxmayaraq, yalnız Məhkum1 ağacları mişarla kəsməsi, digər Məhkum2 isə ağacları daşıması əsasında rolların icraçı və köməkçi kimi qiymətləndirilərək birgə icraçılığı istisna etmək iştirakçılığın məram və məqsədinə ziddir. Məhkəmələrin məhkumların əməlinin tövsifində yanlışlığa yol verməsinin əsas səbəbi “qabaqcadan əlbir olan bir qrup şəxs” analayışı ilə “icraçı” və “köməkçi” anlayışlarını eyniləşdirmək, eyni zamanda, cinayətin köməkçisinin də qabaqcadan əlbir olan bir qrupun üzvü olmasının mümkünlüyünü nəzərə almaması ilə bağlıdır. Bu yanlışılıq nəticəsində apellyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsi məhkumların birini icraçı, digərini isə köməkçi kimi qəbul etməklə qabaqcadan əlbir ol an bir qrupun olmaması qənaətinə gəlmiş, lakin əslində məhkumların cinayət əməli törədərkən rollarının təşkilatçı, təhrikçi, icraçı və köməkçi kimi fərdiləşdirilməsi cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsinə maneə olan hal deyildir. Yəni iki şəxs cinayət əməli törədərkən biri icraçı, digəri isə köməkçi olduqda da həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi mümkündür. Bundan başqa, hazırki işin hallarından da göründüyü kimi, məhkum E.Almuradov cinayət əməlinin əsas təşəbbüskarıdır və ağacların kəsilməsi nəticəsində də məhz o fayda götürür. Digər Məhkum2 isə müəyyən pul müqabilində bu cinayət əməlində iştirak edir. Belə təsəvvür edək ki, məhkəmələr tərəfindən köməkçi kimi qəbul edilən Məhkum2 mişarla ağacları kəsir, icraçı kimi qəb ul edilən Elvin Almuradov isə ağacları daşıyır. Belə olduğu halda, hadisəyə bu məntiqdən yanaşdıqda cinayətin əsas təşəbbüskarı və fayda götürəni köməkçi, müəyyən pul müqabilində cinayətin törədilməsində iştirak edən isə icraçı kimi qəbul edilməlidir. Bu yanaşma Qanunun tələblərinə zidd olmaqla bərabər, açıq-aşkar ədalətsiz görünür. Yəni qabacadan əlbir olan bir qrup halında birləşərək zaman və məkan baxımından eyni vaxtda, eyni yerdə olan şəxslərin vahid niyyətlə, rolları dəyişməklə cinayət əməlinin obyektiv cəhətini (hazırki halda ağac kəsmə) icra etməsi, əməli qabaqcadan əlbir olan bir qrup halından çıxarmaz və iki subyektən birini icraçı, digərini isə köməkçi kimi qəbul etmək olmaz. Bu fikrin davamı olaraq qeyd edilməsi zəruridir ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağac kəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanaraq hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxsdə icraçı hesab olunur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına tə yin edilməlidir. Cinayət işinə baxılarkən işin halları yenidən araşdırılmalı, iş üzrə mövcud olan sübutlar yenidən qiymətləndirilməli, qanuni, əsaslı və ədalətli məhkəmə aktının qəbul edilməsi üçün zəruri hüquqi prosedurlardan istifadə edilməsinə nail olunmalıdır. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsiz liyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2023-cü il 1 noyabr tarixli, 1(029)-76/2023 saylı hökmü ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə olan Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli 1(105)-57/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1931/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1931/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver