Məhkəmə qərarları › İş №1(102)-1992/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1992/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1992/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1884/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərar ından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı qəsəbəsi, ev 18 ünvanında yaşamışdır. 2. 30 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəm əyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 10 avqust 2020-ci il tarixdə, saat 08:30 radələrində ünvan 3 ünvanında yerləşən yataqxanada yaşadığı otaqda tanışı X1 orada olan digər şəxslərlə zarafat edib gülməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə etdikdən bir neçə dəqiqə sonra Orxan Məmmədovu ictimai yer olan yataqxananın yerləşdiyi binanın qarşısında həmin ünvanda yerləşən tikinti aparılan boş sahəyə çağıraraq orada Orxan Məmmədovla mübahisəni davam etdirərək öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub cəmiyyətə qarşı açıq hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ətrafda olan şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edib üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən sonuncunun üz nahiyəsindən vuraraq Orxan Məmmədova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol çənə bucağının kəsilmiş yarası, boynun cızıqları və sağ saidin qançırı xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanliq etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-104/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə 1 günün təyin edilən cəzadan çıxılmaqla 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X4 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif etməklə cəza təyin edilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum özü də apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini və ona alternativ cəza təyin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1884/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-104/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia edilməklə, əməlin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası həddində cəza təyin ed ilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilə rkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini mübahisələndirməklə və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(103)-1884/2022 nömrəli, 29 dekabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin m övcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinay ət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlil lərini əsassız hesab edir.

23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəmə sinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdi yi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

26. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən hali kimi onu ailəli olmasını, cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməli qismən etiraf etməsini, eyni zamanda cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

27. Öz növbəsində, məhkəmə kollegiyası məhk um barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiya sı məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

29. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1884/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1884/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar