Məhkəmə qərarları › İş №1(102)-202/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-202/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-202/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 07 fevral 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən), Cavid Səfərli və Aqil Musayev) 1(099)591/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1968-ci ildə Ağcabədi rayonu Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Boyat kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 iyun 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə, ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2021-ci ilin aprel ayında yaşadığı Ağcabədi rayonu Boyat kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda tərkibində narkotik maddələr olan 90 ədəd çətənə (kannabis) bitkisini yetişdirmiş, yəni kultiv asiya etmiş, 08 iyun 2021-ci il tarixdə saat 18:40-da Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı həmin evin həyətinə baxış keçirilərkən həyətə giriş darvazasının sağ tərəfindəki hasarın qarşısından 01 ədəd, fərdi yaşayış evinin arxa tərəfində olan köhnə tikilinin divarına bitişik olaraq qarğı ilə əhatəyə alınmış (hasarlanmış) sahədən 85 ədəd, fərdi yaşayış evinin arxa tərəfində olan ətrafı dəmir məftillə əhatəyə alınmış əkin sahəsindən 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 210,0 qram olmaqla, ümumilikdə kök üstündə 90 ədəd, yəni külli miqdarda əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 1(106)-176/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən h al hesab olunmuş və CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə baxmayaraq, sonda məhkuma ittiham edildiyi maddə üzrə ağır cəza təyin olunmuşdur ki, bu da ona qarşı qərəzli münasibətin göstəricisi kimi qiymətləndirilməlidir. Bundan başqa kassator qeyd etmişdir ki, ilk məhkumluğu, yaşı və səhhəti, ailədə yeganə qazanc gətirən üzv olmasını nəzərə alıb, təqsirləndirildiyi maddə üzrə daha aşağı həddə cəza təyin oluna bilərdi. Bu səbəbdən, birinci instansiya məhkəməsinin məhkum barəsində təyin etdiyi cəza həm cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun deyildir və məhz buna görə də həmin hökmü qəbul etmir, onu törətdiyi əmələ qeyriadekvat hesab edir. Apellyasiya instansiyası məhkəməsi isə öz növbəsində bu aşkar qanun pozuntusuna reaksiya verməmiş, bir inci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixl i 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. Təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur. Birinci instansiya məhkəməsi işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb düzgün olaraq CM-in 237.2.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 12 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar