Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-202/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(107)-350/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 1(014)-69/2024 nömrəli hökmünə əsasən (sədrlik edən hakim C.Sultanov) Məhkum - Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 29 iyul 2024-cü il tarixli 1(107)-350/2024 nömrəli qərarı ilə (hakimlər: E.B.İsayev (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 1(014)-69/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı özbaşına tutmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan X-695692,52 Y-4488705,02 koordinatlı 3,18 hektar kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan şəxs i ehtiyacları üçün qəsdən özbaşına zəbt etməklə taxıl əkmək məqsədilə cinayətdən xəbərsiz Şahid4 cəlb edərək sonuncuya məxsus traktor vasitəsi ilə şumlatdıraraq özbaşına tutmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, şumlatdığı ərazinin bələdiyyə mülkiyyətində olduğunu bilməmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları həmin torpaq sahəsində monitorinq keçirən zaman ona məlum olmuşdur ki, həmi n torpaq sahəsi örüş torpaq sahəsidir. Bundan sonra, o, həmin torpaq sahəsindən çıxmış və orada heç bir əkin işləri aparmamışdır. Həmçinin şikayət müəllifi əlavədə qeyd edir ki, qeyd edilən ərazini öz hesabına malaladaraq və suvararaq örüş sahəsi üçün tam yararlı vəziyyətə salaraq bələdiyyəyə təhvil vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəti cəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə ittihamın əsaslılığı mübahisələndirilir və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”ya görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsində “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma”ya görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 188.1ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcb uri tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplər inə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq s übutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəf indən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum özünü ona elan olunmuş ittihamla bağlı təqsirli bilməsə də, zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Mütəllimov Səbuhi Abdul oğlunun, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid4 və Şahid5 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli torpaq qanunvericiliyinin pozulması haqqında məlumatı, qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi xx.xx.20 21-ci il tarixli aktın surəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri övlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Publik Hüquqi Şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktubu, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksi yası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələr inin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nə zərə almaqla, kassasiya şikayətinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq. Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-202/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-202/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver