Məhkəmə qərarları › İş №1(102)-2026/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2026/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2026/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Hacıyev Məhərrəm Durdağ oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhk əməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) xx.xx.1971-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və xxx ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Məhkum qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında iş ə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Xasməmmədov Elçin İsgəndər oğlunun sədrliyi ilə, hakimlər – Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən, Məhkum 02 iyul 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanının həyətində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs zəng edərək yaşadığı ünvan 4 ünvanına çağırmış, sonuncu həmin yerə gələndən sonra onu həyətdə olan stulda əyləşdirərək bir neçə il əvvəldən qalmış 140 (yüz qırx) manat borcunu geri qaytarmasını istəmiş, Zərərçəkmiş şəxs ona olan borcunun niyə məhz həmin vaxt qaytarmalı olduğunu soruşduqdan və borcu qaytarmaq üçün kifayət qədər pulunun olmamasını bildirdikdən sonra aralarında yaranmış mübahisə zamanı sol əlində olan, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan, kustar üsulla itilənməklə təyinatı dəyişdirilərək soyuq silah hesab edilən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vahid qəsdlə zərbələr endirib sağ əlinin ovuc səthində bir ədəd kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, döş qəfəsinin sol tərəfinin ön səthinin daxilə keçən, sol ağciyərin zədələnməsi və h emopnevmotoraksla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən insan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, əvvəldən 500 manat verilmiş borc puldan 140 manatın qaytarılmaması ilə bağlı tərəflər arasında əvəllər hər hansı mübahisə və ədavət yaşanmamış, Məhkum hadisə günü sərxoş vəziyyətdə zərərçəkmiş atası ilə mübahisə etdikdən sonra, həmin mübahisə ilə bağlı hər hansı məlumatı və əlaqəsi olmayan Zərərçəkmiş şəxs yaşadığı evə dəvət edərək, orada 140 manat pul borcunun qaytarılmasını əsəbi halda tələb etmiş, zərərçəkmiş pulun qaytarılması ilə ba ğlı hər hansı mübahisə etməyərək hazırda üzərində olan 30 manatı, daha sonra isə qalan pulu verəcəyini bildirsə də, Məhkum bununla razılaşmayaraq nalayiq söyüşlər söyərək pulu tam olaraq və dərhal verməyini təkid edib, bunu bəhanə edib ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, heç bir əsaslı səbəb olmadan yəni xuliqanlıq niyyətilə zərərçəkmişə bıçaqla xəsarətlər yetirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsi məhkəmə tərəfindən düzgün təhlil olunmamış, təqsirləndirilən şəxsin borc pulun qaytarılmaması ilə əlaqədar zərərçəkmişə xəsarətlər yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatların özünü müdafiə xarakterli daşıması, əməlinin ona verilmiş ittihamdan daha da yüngül ittih ama tövsif edilməsinə nail olunması amili məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə, məhkəmə pul borcu ilə bağlı qeyd olunan halı müstəsna olaraq şəxsi münasibətlərə aid olan hal kimi xarakterizə edərkən, nəzərə almamışdır ki, təqsərləndirilən şəxsin sərxoş vəziyyətdə borc pulun qaytarılmasını bəhanə edib özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə zərərçəkmişə xəsarət yetirməsi (bunları özünə rəva bilməsi) ictimai-faydalı hərəkətə qarşı yönəlmiş davranış aktı olmaqla, təqsirkar tərəfindən ümum qəbul edilmiş (cəmiyyətin təqdir etdiyi) davranış modelinin və belə davranış nümayiş etdirən şəxsin aşağılanması, özünün (hətta, cinayət törətməsi kimi ictimai-zərərli fəaliyyətdən irəli gələn) şəxsi mənafeyini isə hər şeydən (konkret zərərçəkmiş şəxsin və bütövlükdə cəmiyyətin mənafelə rindən) öndə tutması, eqoizminin aşkaranə surətdə nümayişi kimi çıxış edir. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə tərəfindən sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilib, düzgün qiymətləndirmə aparılmamış, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmiş, o cümələdən də, məhkəmə gəldiyi nəticə ilə bağlı tam əsaslandırmalar aparılmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişd ir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi M.D.Hacıyev çıxış edərək, kassasiya protestinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəm ə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 4 16.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarın a görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan ş əxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə təmin ediləməməsi barədə çıxışlarını dinləyərək hesa b edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq soyuq silahı saxlama və gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materi allarında olan sübutların məcmusuna əsasən Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmadığı qənaətinə gələrək onun əməlini CM-nin 126.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyə t olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, məhkəmə araşdırması zamanı göstərilən hallar tam təsdiqini tapdığı təqdirdə xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımın ca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İş materiallarına əsasən həqiqətən Məhkum Zərərçəkmiş şəxs, sonuncunun ona olan borcunu qaytarmamasını cüzi səbəb kimi bəhanə gətirərək zərərçəkmiş şəxsi soyuq silahla xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Məhkəmə araşdırmaları zamanı mübahisəsiz müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bir neçə i l əvvəl Məhkum 500 manat borc almış, müxtəlif vaxtlarda borcun 360 manatını qaytarsa da 140 manatını qaytarmamışdır. Məhkum isə zərərçəkmiş şəxsin ona olan borcunu qaytarmamasını özünə qarşı hörmətsizlik kimi qəbul edərək bu hisslərin təsiri altında hərəkət etmiş və zərərçəkmişi bıçaqla vurmuşdur. Kollegiyanın qənaətinə görə təqsirləndirilən şəxsin içkili olub-olmamasından asılı olmayaraq o zərərçəkmişin borcu qaytarmamasının onda yaratdığı əsəb, gərginlik və heyif çıxma hissələrinin təsiri altında hərəkət etmişdir. Bu isə xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz, yuxarıda qeyd edildiyi kimi xuliqanlıq niyyəti zamanı təqsirkar əsasən cüzi səbəbin təsiri altında və yaxud zərərçəkmişin müəyyən sözlərini və ya hərəkətlərini bəhanə edərək cinayət törədir. Bu zaman təqsirkar özünü ictim ai qaydaya qarşı qoyur, ictimai qaydaya etinasızlıq edir, onda özünün şəxsiyyətinin başqalarının şəxsiyyətindən daha üstün olması barədə hissələr yaranır və s. Bundan başqa işin hallarından da görünüdüyü kimi Zərərçəkmiş şəxs həqiqətən Məhkum borcu olduğunu etiraf edərək, iki-üç ilə əvvəl Ələddindən 500 manat borc aldığını və həmin borcun 360 manatını qaytardığını lakin 140 manatını qaytarmadığını bildirmişdir. Bu baxımdan, 140 manat məbləğində pul və bu pulun iki-üç il, yəni uzun müddət ərzində qaytarılmaması cüzi səbəb kimi qiymətləndirilə və yaxud məhkumda cinayət törətmək bəhanəsinə əsas yaradan səbəb kimi qəbul edilə bilməz. Borcun uzun müddət ərzində qaytarılmaması, həmin borcun miqdarından asılı olmayaraq borc verən şəxsin özünə qarşı hörmətsizlik kimi qəbul edilməsinə kifayət qədər əsas verən hallardan sayıla bilər. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olundüğünü göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı t ərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar