Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2060/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Qılıcov İlqar Səyyadoğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1327/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə m ahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2vanda yaşamışdır. 2. 14 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 31 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edil miş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin noyabr ayının ortalarında satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib, 25 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında 0,174 qram çəkidə psixotrop maddə metamfetamini 1 bükümdə və 0,065 qram narkotik vasitə heroini 1 bükümdə Şahid1 sonuncuya olan 20 manat borcu müqabilində satmış, Şahid1 26 noyabr 2021-ci il tarixdə, saat 00.27-də ünvan 4 ünvanında saxlanılaraq Səbail RPİ-nə gətirildikdən sonra şəxsi axtarış və götürməsi zamanı əynində olan göy rəngli gödəkcənin sağ iç cibində saxladığı “Sobraniye” markalı siqaret qutusunun içərisindən yuxarıda qeyd edilən miqdarlarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin ayrı-ayrı büküml ərdə aşkar edilrək götürülmüşdür. Bundan başqa, o, 29 noyabr 2021-ci il tarixdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumilikdə 9,277 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumilikdə 0,536 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində və istifadəsində olan avtomobildə saxlamış, Səbail RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə, saat 12:15-də Bakı şəhəri Xətai rayonu Mehmandarov və Şıxlinski küçələrinin kəsişməsində saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirildikdən sonra şəxsi axtarışı zamanı əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ iç qoltuq cibində saxladığı sellofan torbada 21 (iyirmi bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0, 459 qram, 0,454 qram, 0,435 qram, 0,385 qram, 0,429 qram, 0,439 qram, 0,415 qram, 0,423 qram, 0,447 qram, 0,424 qram, 0,376 qram, 0,424 qram, 0,458 qram, 0, 455 qram, 0,423 qram, 0,444 qram, 0,439 qram, 0,432 qram, 0,074 qram, 0,067 qram, ümumi təmiz çəkisi 8,351 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin idarə etdiyi «Mercedes C200» markalı, 90DY328 dövlət qeydiyyat nişanlı avtomobilindən axtarış zamanı sürücü oturacağının sağ tərəfində yerləşən qoltuqaltı saxlanc yerindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram və 0,055 qram, ümumi təmiz çəkisi 0,536 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotro p maddə metamfetamin, ümumilikdə isə 9,277 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və ümumilikdə 0,536 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-847/2022 nömrəli, 13 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçi si Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, cəzanı yüngülləşdirən halları nəzərə almaqla həmin maddənin sanksiyası həddində yeni, daha yüngül cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1327/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-847/2022 nömrəli, 13 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kas sasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia edilməklə, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəs ində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini və ona təyin edilmiş cəzanı mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassa siya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1327/2022 nömrəli, 13 iyul 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təh lükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-h üququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi iş üzrə top lanmış sübutlar, xüsusilə də üzərindən aşkar edilərək götürülmüş daxilində narkotik vasitə və maddələrin olduğu bükümlərin sayı, şahid ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəylər, eləcə də iş materiallarında olan digər sənələrin məcmusu ilə müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayə t əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
25. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən mövcud halların, eyni zamanda cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzas ının aşağı həddinə yaxın cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələrin müəyyən etdiyi işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cin ayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsa sların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1327/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1327/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.