Məhkəmə qərarları › İş №1(102)-2061/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2061/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2061/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Səfərov Rubayıl Hətəməli oğlunun iştirakları ilə, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(101)-885/2022 nömrəli (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədrliyi), İsmayılov Eldar Herov oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1 avqust 1980-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda y aşamış Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 8 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniya dan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli 1(103)-1581/2022 nömrəli (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrliyi və məruzəsilə), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü Məhkum CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, Məhkum barəsində CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hökmdən CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric olunmuş, Məhkum üzərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkumun müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə b axan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli 1(102)-1064/2023 nömrəli (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli 1(103)-52/2024 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Məmmədov Habil Çingiz oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə məhkum və onun müdafiəçisi t ərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü Məhkum CM-in 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, Məhkum barəsində CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hökmdən CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric olunmuş, Məhkum üzərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, şəxsiyyəti İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı "X” kimi məlum olan şəxslə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İİR-nın ərazisindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair 7 oktyabr 2021-ci il tarixdə "WhatsApp" proqramında sövdələşib razılaşdıqdan sonra qabaqcadan ə lbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra "X" kimi məlum olan şəxs naməlum üsullarla Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi külli miqdar - 3016,138 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 11,138 qram və 3005 qram olmaqla 02 bükümdə Azərbaycan Respublikasının ərazisinə göndərib müəyyənləşdirilməmiş üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində naməlum yerə qoydurmuş və bu barədə Məhkum məlumatlandırmışdır. Məhkum həmin gün 1200 manat pulun müqabilində təmiz çəkisi 3016,138 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qoyulduğu yerdən götür ərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvana daşımaqla bağlamalardan birində olan 3005 qram heroin narkotik vasitəsini oradakı hasarın dibində gizlətmiş, bundan sonra digər bağlamada təmiz çəkisi 11,138 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini üzərində saxlamaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolun kənarında yerləşən avtomobillərin alqı-satqısı bazarının yaxınlığında üzərində daşımaqla piyada hərəkətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq həmin Baş İdarənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə 11,138 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra ünvan 3 ünvanına baxış zamanı hasarın dibində 1 ədəd sellofan bağlamada olan 3005 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə əsasən isə qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandı rmışlar ki, həm birinci instansiya, həm də məhkəmə kollegiyası əməliyyatçıların 8 oktyabr 2021-ci il tarixdə günorta vaxtı təqsirləndirilən şəxsin evinə getmələrini və təqsirləndirilən şəxsin günorta vaxtı tutulmasını gizlətməkdən ötrü əlindən gələni etmişdir (şahidin ifadəsini təhrif etmək və s.). Halbuki, təqsirləndirilən şəxsə məxsus avtomobilin duracağa əməliyyatçı Şahid1 tərəfindən yerləşdirilməsinin gizlədilməsinin qeyri-mümkün olmasını unutmuşdur. Çünki bu hal işdə olan mötəbər sübutla təsdiqlənir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəfindən isə işin qeyd olunan hallarına ümumiyyətlə qiymət verməmişdir. Yəni, avtomobilin duracağa əməliyyatçı Şahid1 tərəfindən yerləşdirilməsinə və məhkəmə iclasında yalan ifadə verməsinə ümumiyyətlə qiymət verməmişdir. Sadalanan bu hallar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş və bununla da mövcud cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi Məhkum 8 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Şağan qəsəbəsinin işıqforunun yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Yasamal rayonu ərazisinə aparılmışdır. Bundan sonra əməliyyatçılar tərəfindən təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərinə aparılmış, sonda guya 18:45-də həbs olunması kimi sənədləşdirilmişdir. Yəni Məhkum təqribən 9 (doqquz) saata yaxın müddətdə psixoloji təsir altında saxlanılmış, ona psixoloji və fiziki zor tətbiq edilərək, saat 20:20-də şəxsi axtarış və götürmə prosessual hərəkətləri edilmişdir. Həmçinin «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol Məhkum saxlanıldığı zaman dərhal deyil, saxlanıldığı yerdən kənarda, təxminən 9 saat sonra, yəni saat 20:20-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında tərtib edilmişdir. Hətta ibtidai istintaqın qeyd etdiyi vaxtda belə təqsirləndirilən şəxsin tutulmasını qəbul etsək, yenə də 1 saat 35 dəqiqə sonra şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlərin edilməsinin şahidi olarıq. (18:45-20:20) Baxmayaraq ki, Məhkum əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, Məhkum saxlanılması ilə baxışın keçirilməsi arasında 9 saat (ibtidai istintaqın qeyd etdiyi vaxtla isə 1 saat 35 dəqiqə) vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə üçün əsaslı narahatlıq yaratmalıdır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur və Məhkum saxlanıldıqdan dərhal sonra onun üzərində baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Bundan başqa, Məhkum azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutma protokolu tərtib edilməmiş və saxlanıldığı an onun hüquq, vəzifələri və məsuliyyəti real olaraq izah və təmin edilməmişdir. Eyni zamanda, iş üzrə şahidlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Cəmiyyət oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələri ilə məhkəmə iclasında verdikləri ifadələri arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin olması və ümumiyyətlə həmin şahidlərin ifadələrinin yalan olması barədə təqdim edilmiş avtomobillə bağlı sübut mövcuddur ki, bütün bunlar isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilən hallar həmçinin məhkəmə kollegiyasının iclası zamanı şahid qismində dindirilmiş şəxslər tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən həm təqsirləndirilən şəxsin, həm də əlavə şahid qismində dindirilmiş X11 və X8 və təkrar dindirilən X2 verdiyi ifadələr nəzərə alınmamış, qiymətləndirilməmiş, lakin polis əməkdaşlarının verdiyi ifadələrə mötəbər sübut kimi yanaşılmış, bununla da məhkəmə tərəfindən qanunsuz olaraq bir sübuta digər sübuta münasibətdə üstün mövqe göstərilmişdir. Həmçinin, Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə də təqsirli bilinərək məhkum edilmişdir. Lakin iş materiallarında onun kiminləsə əlbir olması ilə bağlı heç bir sübut yoxdur. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Səfərov Rubayıl Hətəməli oğlu kassasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini məhkum barəsində bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elç in Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edi r. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin mü əyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaə tini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən ed ilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hə rtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair hissəninin mübahisələndirilmədiyindən və bu barədə apellyasiya məhkəməsının gəlmiş olduğu nəticə ilə razılaşdığından həmin hissəyə toxunmağı zəruri hesab etmir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə et mə, daşıma və saxlama ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinay ət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaqdakı ilkin izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 8 oktyabr 2021-ci il tarixli protokol və şəxsi axtarışın keçirilməsini özündə əks etdirən CD disk, baxış və götürmə aparılması haqqında 8 oktyabr 2021-ci il tarixli protokol və həmin istintaq hərəkətini özündə əks etdirən CD disk, "xxxx" MMC-dən götürülmüş bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 1 mart 2022-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 9 oktyabr 2021-ci il tarixli 6/4488 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizanın 16 dek abr 2021-ci il tarixli 5136 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, NMBİ-nin inzibati binasında təqsirləndirilən şəxs Məhkum üzərinə təhqiqatçı Vüsal Həsənquliyevin rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Məhkum bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyal arı və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonun, sağ yan cibindən 17 manat 20 qəpik pul və 1 ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarışın sonrakı prosesində Məhkum üzərində başqa əşyalar müəyyən edilməmişdir. Məhkum təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmiş, sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə şübhəli maddə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Məhkum təqdim etdiyi 17 manat 20 qəpik pul onun özünə qaytarılmış, 2 ədəd mobil telefon araşdırma aparılması üçün götürülmüşdür. Həmçinin iş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 8 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Məhkum göstərdiyi ünvan 4 ünvanda təqsirləndirilən şəxs Məhkum, təhqiqatçı X-in rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, baxış keçirilməsi prosesində Məhkum yolun kənarında olan hasarın dibindən bir ədəd qəhvəyi rəngli parça materialdan olan torbanı göstərərək həmin torbanın içərisində narkotik vasitə olduğunu və həmin torbanı özünün gizlətdiyini bildirmişdir. Parça materialdan olan torba açılmış, içərisində bir ədəd sellofan kisə və kisənin içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisini n 3 kq 78 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə olan bir ədəd bağlama qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 9 oktyabr 2021-ci il tarixli 6/4488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum üzərindən aşkar edilmiş 1 ədəd büküm... " və s. yazılar, imzalar olan zərfdə 1 ədəd sellofan bükümdə müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 11,138 qram təşkil edir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, üzərində “Məhkum təqdim etdiyi 1 ədəd bağlama... " və s. yazılar, imzalar olan bir ədəd bağlamadakı polietilen torbada müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla h azırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 3005 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Məhkum üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə və həmin şəxsin təqdim etdiyi bir ədəd bağlamadakı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən heroinin aşağı həddi təmiz halda 0.15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı isə xüsusilə külli miqdar hesab edilir. Qeyd olunanlarla yanaşı məhkəmə-narkoloji ekspertizanın 16 de kabr 2021-ci il tarixli 5136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində elan edilib araşdırılmış "xxxx" MMC-dən götürülmüş bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 1 mart 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olmuş ******-**-** mobil nömrəyə məxsus anten məlumatlar, sms və daxil olan və çıxan zənglərə dair 1 ədəd diskdə olan 3 ədəd fayllarda Məhkum istifadəsində olan mobil nömrəyə 8 oktyabr 2022-ci il tarixdə, sa at 11:17-də SMS-lər daxil olduğu və həmin mobil nömrənin anten məlumatlarının Mərdəkan qəsəbəsini göstərdiyi müəyyən edilmişdir. Bundan başqa, tədqiq olunan həmin protokoldan görünür ki, Məhkum xx.xx.2022-ci il tarixdə saat 8:33-də ***-***-**-** mobil nömrəsi ilə 2183 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:14-da həmin nömrə ilə 88 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:29-da ***-***-**-** mobil nömrəsi ilə 302 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsini, 12:53, 13:05 və 13:06da ***-***-**-** mobil nömrəsi ilə müvafiq olaraq 3 2, 22, 72 saniyə danışıq aparmış, mobil əlaqələrin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 13:49-da ***-*****-** mobil nömrəsi ilə 28 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Astara rayonu, Masxan kəndini və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 13:52-də ******-**-** mobil nömrəsi ilə 41 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi, Astara rayonu, Hamuşan kəndini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 14:34-də ******-**-** mobil nömrəsi ilə 84 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Olimpiya stadionunu, 15:31-də ***-***-**-** mobil nömrəsi ilə 47 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, 5 Məmmədova küçəsi ilə Dağıstanlı küçəsinin kəsişməsini və Astara rayonu, Tə ngərud kəndini, 15:54-də ***-*****-** mobil nömrəsi ilə 23 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsini, göstərir, 17:48-də isə, yəni tutulmazdan 57 dəqiqə əvvəl 077- ***-**-** mobil nömrəsi ilə 117 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Bakı Dövlət Yol Polisini göstərir. Kassasiya məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərinin Məhkum 8 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Şağan qəsəbəsində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanıldıqdan sonra Bakı şəhəri Yasamal rayonu ərazisinə aparılması, bundan sonra əməliyyatçılar tərəfindən təqsirləndirilən şəxsin Bakı şəhərinin müxtəlif yerlərinə aparılması, sonda isə guya təqribən 9 saat sonra, yəni 18:45-də həbs olunması kimi sənədləşdirilməsi və saat 20:20də şəxsi axtarış və götürmə prosessual hərəkətləri edilməsinə dair dəlillərinə münasibətdə onu qeyd edir ki, bu dəlillər yalnız və yalnız Məhkum özünün müdafiəsi üçün verdiyi ifadəsindən başqa heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, gəlinləri X15 ona zəng edərək bildirmişdir ki, qardaşı X polislər tərəfindən tutulmuşdur. O da bundan sonra X-in qonşusuna zəng etmişdir. Qonşusu da demişdir ki, X polislər tərəfindən tutulmamışdır və evdədir. O, saat 11:12 radələrində X-ə da bir neçə dəfə zəng edəndən sonra X telefona cavab vermiş və bildirmişdir ki, o polislər tərəfindən tutulmuşdur. Belə ki, o, yol nəqliyyat hadisəsi törətdiyin ə - avtomobillə adam vurduğuna görə saxlanılmışdır. Həmçinin apellyasiya baxışı zamanı şahid qismində dindirilən X16 da ifadəsində göstərmişdir ki, X onun qonşusudur. X-in qardaşı ona zəng edib demişdir ki, X polislər tərəfindən tutulmuşdur. O bundan sonra X-in evinə getmiş və görmüşdür ki, evdə heç kim yoxdur. O nahar vaxtı saat 13-14 radələrində X-ə zəng etmişdir. X 3-cü dəfə zəng edəndən telefona cavab vermişdir. X ona polislər tərəfindən tutulduğunu bildirmişdir. O, polislər tərəfindən tutulmağının səbəbini soruşduqda X səbəbini sonra deyəcəyini bildirmiş və bundan sonra telefonu söndürmüşdür. Odur ki, şahid qismində dindirilmiş X11 və X16 8 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Məhkum polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamışlar, yalnız Məhkum onlara bildirdiyi məlumatı ifadə etmişlər. Müdafiə tərəfi kassasiya şikayətlərinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə t oplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Beləliklə polis əməkdaşları tərəfindən Məhkum psixoloji və fiziki zor tətbiq edilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasında n sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 8235/2021 saylı məhkumun tibbi kitabçası götürülmüş və həmin kitabçada qeyd edilmişdir ki, ilk tibbi baxış zamanı təqsirləndirilən şəxsin həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumat qrafasında “zədə almadığını bildirir” sözləri, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri qrafasında “aşkar edilmədi” sözləri, obyektiv müayinə qrafasında “şikayəti yoxdur” sözləri, diaqnoz qrafasında “sağlam” sözləri qeyd edilmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların ə ksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiq i məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətlərinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi k assasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasın dan və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Ka ssasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 və Şahid3 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötə bər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələ blərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun və müdafiəçisinin kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Səfərov Rubayıl Hətəməli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar