Məhkəmə qərarları › İş №1(102)-2071/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2071/2025

07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2071/2025 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli (hakimlər X4 (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) hökmü ilə ## ###### 1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 87 ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun barəsində Masallı Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli qərarı ilə çəkilməmiş 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəzanın yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əyyubov Fərid İlham oğlu və X3 ibarət tərkibdə,) ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Masallı Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli qərarı ilə çəkilməmiş 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki qərarla təyin edilmiş cəza ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu ## ###### 2022-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamin əldə etmək məqsədi ilə ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “instagram” proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əmir” adlı şəxsin istintaqa məlum olmayan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 50 manat pul vəsaitini köçürdükdən sonra ## ###### 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkının yaxınlığındakı yaşayış binasının qarşısında “Əmir” adlı şəxsin istintaqa məlum olmayan tanışı tərəfindən qoyulmuş 1 ədəd qara rəngli sellofan bükümün içərisində 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ###### 2022-ci il tarixdə saat 21:50-də ünvan 1 ünvanında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət olunub orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamin olan 1 ədəd qara rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkəmələrin hökmü və qərarı qanunsuz, əsassız və qərəzli olaraq çıxarılmışdır. Belə ki, o, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Ona qarşı verilmiş ittihamın əsassız olduğunu bildirir. Məhkum qeyd edir ki, onunla birlikdə saxlanılmış X6 narkotik vasitə və ya psixotrop maddələrin əldə edilməsi məqsədilə həmin əraziyə getmələri barədə məlumata malik olmamış, yalnız məhkumun xahişi əsasında onu avtomobillə həmin ünvana aparmışdır. Hər iki şəxs saxlanıldıqdan sonra BNMİ əməkdaşları tərəfindən onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə xəbərdarlıq edilmiş, X6 məsuliyyətə cəlb edilməməsi və sərbəst buraxılması məqsədilə məhkum Məhkum narkotik vasitələrin ona məxsus olması ilə bağlı ifadə verməyə məcbur olmuşdur. Kassasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 ifadəsində tanımadığı ünvana məhkumla birlikdə getdiyini, avtomobildən düşmədiyini, məhkumun binanın blokuna daxil olduğunu, bir neçə dəqiqədən sonra isə polis əməkdaşları ilə birlikdə blokdan çıxdığını bildirmişdir. Şahid həmçinin göstərmişdir ki, polis əməkdaşları məhkuma müəyyən bükümləri təqdim etmiş və aparılacaq şəxsi axtarış zamanı həmin bükümləri təqdim etməsi barədə ona göstəriş vermişlər. Şahidin ifadəsinə görə, məhkum saxlanılmamışdan əvvəl onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Şikayətdə vurğulanır ki, cinayət işinin materiallarında məhkumun hər hansı istehlakçı ilə əvvəlcədən razılığa gəlməsini, narkotik vasitələri qablaşdırmasını, satış məqsədilə xırda bağlamalara bölməsini və ya satış məqsədilə əldə edib saxlamasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Məhkum hesab edir ki, bu hallar ona narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı verilmiş ittihamın sübuta yetirilmədiyini göstərir. Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələrdə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və əldə etmək istədiyi maddənin yalnız şəxsi istehlak məqsədi daşıdığını göstərmişdir. O, qeyd etmişdir ki, istintaq zamanı ona məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin telefonun yaddaşında, SMS bölməsində və digər tətbiqlərində narkotik vasitələrin satışı, əldə edilməsi və ya qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat və ya yazışma aşkar edilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, ittihamın əsassızlığını təsdiq edən hallardan biri də cəmi 50 manat müqabilində külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə edilməsinin məntiqə uyğun olmamasıdır. Məhkum bildirir ki, o, yalnız şəxsi istifadəsi üçün bitki mənşəli narkotik vasitə əldə etmək məqsədilə həmin əraziyə getmiş, lakin əldə etmək istədiyi maddəni tapmamış, binanın blokunda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024cü il tarixli qərarının ləğv edilərək, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə və şahidlərin ifadələrinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkumun məhkəmə iclasında iştirakının təmin olunması mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi məhkum Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, məhkum narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak məqsədilə əldə etdiyini, saxladığını və daşıdığını bildirmiş, onun bu ifadələri iş üzrə təkzib olunmamışdır. Eyni zamanda, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə məhkumun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, yaxud onları satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən halların mövcudluğu müəyyən edilməmişdir. Məhkumun mobil telefonundakı və mobil telefon nömrəsinə dair məlumatlara aparılmış baxışlar zamanı satış fəaliyyəti ilə əlaqədar telefon danışıqları, yazışmalar və ya iş üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilməmiş, həmçinin iş materiallarında narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə əvvəlcədən razılaşmanın mövcudluğunu, istehlakçıların müəyyən edilməsini, şərti alqı-satqı tədbirlərinin keçirilməsini, yaxud satış niyyətini təsdiq edən digər mötəbər sübutlar əldə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması barədə nəticə yalnız ehtimallara deyil, mötəbər və kifayət edən sübutların məcmusuna əsaslanmalıdır. İş üzrə isə məhkumun narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin məhkumun üzərində aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini satış məqsədilə deyil, şəxsi istehlak məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirməsi, məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etməsi işin faktiki halları, toplanmış sübutlar və cinayət qanununun tələbləri ilə uzlaşdığından məhkəmə kollegiyası həmin nəticəni əsaslı və qanuni hesab edir. Ona görə də, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılara əsasən metamfetamin vasitə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır. «Heroin» olan maddə də narkotik vasitə olmaqla onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Məhkəmə kollegiyası Məhkum özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan Məhkum ağır cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmə tərəfindən müəyyən edilən maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və iş üzrə toplanmış sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkum Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi və ya qərarın dəyişdirilməsi üçün də əsaslar yoxdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum əməlinin tövsifi ilə bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar