Məhkəmə qərarları › İş №1(102)-2095/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2095/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2095/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 01 avqust 1985-ci il tarixdə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 may 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 yanvar 2022-ci il tarixdə, saat 16:50-də ünvan 2 ünvanında yerləşən “8-ci km bazarı”nın 8-ci sırasında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sol yan cibindən 15 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 700 manat dəyərində “Redmi Note 9 PRO” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 715 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında yerləşən “8-ci km bazarı”nda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 arxadan yaxınlaşıb sonuncunun əynində ol an gödəkçənin sağ yan cibindən 10 manat dəyərində ***-*****-** nömrə ilə işləyən 380 manat dəyərində “X7 9” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 390 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 fevral 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “8-ci km bazarı”nda piyada hərəkətdə olan Zərərçəkmiş şəxs3 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sol yan cibindən 5 manat dəyərində ***-***-**** nömrə ilə işləyən 850 manat dəyərində “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 855 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını g izli olaraq talama məqsədilə 25 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 61 ünvanında 193 saylı marşurut xətti üzrə işləyən avtobusda sərnişin X1 arxadan yaxınlaşıb sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 85 manat təşkil edən 50 ABŞ dolları və 20 manat nağd pul, 300 manat dəyərində qızıl üzük olan 35 manat dəyərində pul qabını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 26 fevral 2022-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” metrostansiyası yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,378 qram çəkidə psixotrop maddə olan me tamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında rayon ərazisində oğurluq cinayətləri törətməkdə şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən ağ sellofana bükülmüş həmin bir ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-17/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişd ir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və ona köməklik edilməsini xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı da apellyasiya protesti verib, hökmün cinayət qanununun normasını düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-17/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən işin obyektiv və hərtərəfli araşdırmadığını, onun üzərindən narkotik vasitə aşkar olunmadığını, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edib bu maddənin xaric edilməsini, ailəsinin tək gəlir gətirəni, iki şəhid qardaşı olduğunu və xəstəliyini nəzərə almaqla ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini, həmçinin cəzasını yüngüllə şdirilən halların kifayət qədər nəzərə alınmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2023 nömrəli, 28 sentyabr 2023cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilmə si tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri ol ub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

23. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin, eləcə də döv lət ittihamçısının apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təsdiqi video çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, ekspertiza rə yləri, istintaq və məhkəmə hərkətlərinin protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu və Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin təfsiri verilən məsələ üzrə gəldiyi nəticə Məhkum apellyasiya şikayətində irəli sürdüyü dəlillərin və onlarla əlaqəli olan işin hallarının hərtərəfli və obyektiv araşdırmasına, eləcə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu, həmin cinayətlərin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar həmçinin müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

27. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, cəzasını yüngülləşdirən hallar kimi iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onların şikayətçi olmadıqlarını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin təhlükəli resi divi olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası çərçivəsində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən təhlükəli residivə görə müəyyən edilmiş həddə uyğun ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

28. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

29. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin halları nın təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadı ğını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar