Məhkəmə qərarları › İş №1(102)-2132/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2132/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2132/2025 31.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X1 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi Soltana oğlunun iştirakı ilə 6 mart 1978-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatd a olmaqla Lerik rayonu, Piran kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM-in) 126.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-139/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 1(099)512/2024 nömrəli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçə kmə müddətinin əvvəlinin 19 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-139/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), F.Ç.Hüseynov və H.X.Bəhmənov) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2024-cü dəyişdirilmədən saxlanılmışdır. il tarixli, 1(099)-512/2024 nömrəli hökmü İşin halları: Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X7 Təsərrüfatı Mərkəzinin (bundan sonra Lənkəran RMTM-nin) direktorunun 20 dekabr 2021-ci il tarixli, 305 nömrəli əmri ilə yaradılmış Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında meşələrin qorunub mühafizə edilməsi məqsədi ilə qəfləti yoxlama aparılması üçün yaradılmış komissiyanın sədri-meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis əvəzi Şahid1 göstərişi ilə sonuncu ilə birlikdə həmin əmrin icrası ilə əlaqədar yoxlama aparmaq üçün meşə ərazisinə getmiş komissiyanın üzvü-mərkəzin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Zərərçəkmiş şəxs Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi VAZ-2109 m arkalı avtomobillə qeyd olunan əraziyə gedərək, həmin vaxt Lənkəran-Lerik avtomobil yolunun hər iki rayonun sərhədinin yaxınlığında, Lənkəran rayonun Təngivan kəndinin ərazisinə düşən hissəsində Şahid1 məxsus “Niva” markalı avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb Lerik rayonuna getməyə və orada meşələri yoxlamağa cürətinin çatmadığını və buna istənilən formada mane olacağını inadkarlıqla bildirərək, Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni qeyd olunan meşə dolaylarında mərkəzin direktorunun müvafiq əmri ilə yaradılmış komissiyanın sədri və üzləri ilə birlikdə aparacağı yoxlamadan ibarət yerinə yetirəcəyi həmin qanuni fəaliyyətə mane olmaq üçün Zərərçəkmiş şəxs yaxasından tutub onu iradəsinə zidd olaraq avtomobildən düşürərək yerə yıxdıqdan sonra qəsd ən təpiklə sonuncunun döş qəfəsi, qarın və sağ əl nahiyələrinə bir neçə zərbə vuraraq, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid qarının qapalı küt travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq və döş qəfəsi nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun əməlinin CM-in 126.2.2-ci maddəsindən həmin Məcəllənin 126.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə məhkuma cəza təyin edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, məhkum X4 istər aparılmış əlavə istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində bildirmişdir ki, aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxsla yalnız qarşılıqlı əlbəyaxa olmuş, onu yumruq və təpiklə vurmamış, ona qarşı heç bir zorakı hərəkətə yol verməmişdir. Baş vermiş münaqişə vaxtı Zərərçəkmiş şəxs ağır zərər vurmaya aid xəsarət almasına inanmır. X7 Təsərrüfatı Mərkəzinə tabe olan meşə sahələrində qanunsuz qırıntıların aparılması barədə 2 il ərzində müxtəlif orqanlara teleqramlar vurmuş, bu barədə sosial şəbəkələrdə məlumatlar vermiş, nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti, o cümlədən X7 Təsərrüfatı Mərkəzinin rəhbərliyi onunla qərəzli olmuş, Zərərçəkmiş şəxsla aralarında baş vermi ş münaqişədən ona qarşı istifadə etmişlər. Bundan əlavə, Məhkum dəfələrlə qeyd etmişdir ki, bildiyinə görə Zərərçəkmiş şəxs müayinə və əməliyyat edən həkimlərlə barəsində ekspert rəyi tərtib etmiş şəxs sonuncu ilə həmyerli olmaqla Astara rayonundandırlar. Bu şəxslər Zərərçəkmiş şəxs barəsində tərtib etdikləri bütün tibbi sənədlərə lazımi məlumatları qəsdən ağır formada daxil etmişlər ki, ona ciddi cəza təyin olunsun. Ona görə Zərərçəkmiş şəxs barəsində tərtib olunmuş ekspert rəyi ilə qətiyyən razı deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətnin təmin olunmaması barədə dövlət ittihamçısı R.Məmmədlinin çıx ışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa söz lə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsa s yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin əsassız olaraq CM-in 126.2.2-cü maddəsi ilə tövsif edilməsi mübahisə edilir və məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəst ələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddələrində isə eyni əməllərin zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədilməsini və ümumi təhlükəli üsulla törədilməsi nəzərdə tutulur və əməl altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırıl masına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edi r. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 126.2.2-ci maddəsi ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qərarlarında olan, biri nci instansiya məhkəməsi zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, o, X7 Təsərrüfatı Mərkəzinin əməkdaşıdır. Bu hadisə baş verən vaxt Lənkəran RMTM-nin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Məhkum tanıyır, Mirsadıq da əvvəllər Lənkəran RMTM-nin işçisi olmuş və aralarında münasibətləri normal olmaqla hazırda münasibətləri yaxşıdır. 20 dekabr 2021-ci il tarixdə mərkəzin direktoru tərəfindən bütün meşə dolayının ərazisinin qəfləti yoxlanılması barədə əmr verilmiş və bu əmrin icrası ilə bağlı komissiya yaradılmış, komissiyanın sədri baş mühəndis Şahid1, özü isə komissiyanın üzvü olmuşdur. Əmrə əsasən 22 dekabr 2021-ci il tarixdə Şahid1 və o, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayını yoxlamağa getmişlər. Yoxlama zamanı ağacların kəsilməsi faktl arı aşkar edilmişdir. Həmin vaxt meşəbəyi Şahid2 onların olduğu yerə gəlib onlardan yoxlamanın aparılmamasını, meşədən çıxıb getmələrini desə də, onlar yoxlamanı aparmış və çoxsaylı ağacların kəsilməsi faktları aşkar edilərək bu barədə akt tərtib edilmişdir. 01 yanvar 2022-ci il tarixdə komissiyanın sədri Şahid1 onun mobil telefonuna zəng edib sabah, yəni 02 yanvar 2022-ci il tarixdə onunla birlikdə Lerik meşəbəyliyini yoxlamağa gedəcəyini, Şahid2 və gözətçinin də yoxlamada iştirak edəcəklərini bildirmişdir. 02 yanvar 2022-ci il tarixdə o, Şahid1lə birlikdə onun idarə etdiyi “Niva” markalı avtomobillə Lerik rayonuna yoxlanılacaq əraziyə getmişlər. Onlar Lerik rayonun girişində dayandıqdan sonra Şahid1 meşəbəyi Şahid2 zəng edib yoxlamada iştirak etmək üçün gəlməsini demiş, Cəfər isə xeyir i şinin olduğunu bildirərək yoxlamada iştirak etməkdən imtina etmişdir. Sonra Sərraf meşə gözətçisinə də zəng etmiş, o da anasının xəstə olduğunu bildirib yoxlamada iştirak edə bilməyəcəyini demişdir. Bundan sonra o, Şahid1 “avtomobili döndər evimizə gedək” demiş, Sərraf da avtomobili döndərib Lənkəran rayonu istiqamətində hərəkət edib getmək istəyərkən əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş Şahid3 avtomobili ilə rastlaşmışlar və Nazir avtomobilindən düşüb yaxınlaşıb onlarla görüşüb çay içməyə dəvət etmiş, o isə evə gedəcəklərini deyib avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Sərrafla Nazir isə söhbətlərini davam etdirdikləri vaxt ora meşəbəyi Şahid2 da gəlmiş, onlara yaxınlaşıb salam verdikdən sonra onları çay içməyə dəvət etmiş, onlar da çay içməyəcəklərini, gedəcəklərini demi şlər. Sonra Şahid1, Şahid2 və Şahid3 avtomobilin arxasında söhbət etməyə başlamışlar. Onların danışığını eşitmiş ki, onlar biri-biri ilə sözlə zarafatlaşmaqla hər hansı bir ciddi söhbət, o cümlədən yoxlama ilə bağlı söhbətlər etməmişlər. Elə həmin vaxt avtomobilin arxasında başqa avtomobilin dayandığını və avtomobildən düşən şəxsin nalayiq ifadələr işlədib “Lerikdə kişi yoxdur, bu Astaradan gəlib bura”, “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” kimi sözlər demiş, o, həmin şəxsin səsindən tanımışdır ki, gələn şəxs əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş Mirsadıq adlı şəxsdir və “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” ifadəsini Mirsadıq onun ünvanına demişdir. Sonra Mirsadıq avtomobilin qapısını açıb onun ya xasından tutub diziylə qarnından vuraraq onu avtomobildən çəkib yerə yıxmış, nalayiq ifadələr deyə-deyə təpiklə bel və qarın nahiyələrinə çoxsaylı zərbələr vurmuş, orada olan şəxslərdən heç kim onları ayırmamış, bundan sonra Mirsadıq avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. O, birtəhər özünü toparlayıb yerdən qalxıb avtomobilə əyləşmiş və Sərrafı çağırıb onu evə aparmasını demişdir. Hadisədən az sonra səhəti pisləşdiyi üçün o, əvvəl DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonra Lerik RPŞ-nə gedib Məhkum şikayət ərizəsi yazmışdır. Bundan sonra halı daha da pisləşdiyi üçün Lənkəran rayon xəstəxanasına müraciət etmiş, orada tibbi müayinə zamanı qabırğasının sınması, qarının travması, dalağının zədələnməsi və digər xəsarətlər alması aşkar edilmişdir. Xəstəxanada cər rahiyyə əməliyyatı olunaraq dalağı çıxarılmış və bir müddət müalicə olunduqdan sonra evinə buraxılsa da, sonradan uzun müddət müalicəsini davam etdirmişdir. Münaqişə zamanı Məhkum onun ünvanına nalayiq söyüşlər söyməklə yanaşı “Nə meşə yoxlamaq, mən sizə meşə yoxlamağa imkan verməyəcəyəm, Lerik meşələri leriklilərə məxsusdur, sən astaralısan get Astara meşələrini yoxla” kimi ifadələr işlətmişdir. O, hesab edir ki, Məhkum Lerik meşəbəyliyini yoxlamağa mane olmaq məqsədi ilə onu vuraraq xəsarət yetirmişdir. Hazırda o, Məhkumla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Həmçinin məhkəmə qərarlarında olan o, Lənkəran RMTM-nin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Məhkum və Zərərçəkm iş şəxs tanıyır, hər ikisi ilə münasibti yaxşı olmuşdur. Lənkəran RMTM-nin direktorunun 20 dekabr 2021-ci il tarixli əmri ilə Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında qəfləti yoxlama aparılması üçün komissiya yaradılmış, komissiyanın sədri özü, komissiyanın üzvləri Astara meşəbəylikləri üzrə baş mütəxəssis Zərərçəkmiş şəxs və başqa şəxslər olmuşlar. 22 dekabr 2021-ci il tarixdə direktorun tapşırığına əsasən Elşadla birlikdə Lerik meşəbəyliyini yoxlamağa getmişlər. Yoxlama prosesində onlardan başqa heç kəs iştirak etməmişdir. Yoxlama zamanı meşəbəyi Şahid2 onların olduğu yerə gəlib yoxlama aparmalarına irad bildirmiş, o, isə izah etmişdir ki, direktorun əmrinə əsasən yoxlamaya gəlmişlər. Sonra onlar yoxlamanı keçirib çoxsaylı ağacların kəsilməsini aşkar edərək bu barədə müva fiq akt tərtib etmişlər. 01 yanvar 2022-ci il tarixdə Lənkəran RMTMnin direktoru mobil telefonla ona zəng edib tapşırmışdır ki, 02 yanvar 2022-ci il tarixdə Lerik meşəbəyliyini yoxlamağa getsinlər. Sonra o, da zəng edib Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş və onlar 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi “Niva” markalı avtomobillə Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolayılarını yoxlamaq üçün Lerik rayonun Piran kəndinin ərazisinə getmişlər. Onlar meşəçi postunun yaxınlığında yolun kənarında dayanmış və o, yoxlamada iştirak etməsi üçün meşəbəyi Şahid2 zəng edib onların olduqları yerə gəlməsini demişdir. Elə həmin vaxt keçmiş iş yoldaşı Şahid3 maşınla həmin yerə gəlib onları görüb maşını saxlamış, onlar da Naziri görüb onunla görüşmüş, Nazir onları çaya d əvət etmiş, onlar da çay içməyəcəklərini bildirmişlər. Bir neçə dəqiqə sonra meşəbəyi Şahid2 da ora gəlmişdir. O, meşəbəyi Şahid2 direktorun əmrinə əsasən şübhəli əraziləri yoxlamaq üçün gəldiklərin bildirmiş, Şahid2 isə şəxsi işi olduğunu və meşə gözətçisinin də anasının xəstə olduğunu bildirərək meşə ərazisində yoxlamada iştirak etməkdən imtina etmişdir. Yoxlama baş tutmadığına görə onlar geri qayıtmaq istəmiş və avtomobilə oturub geri qayıtmaq istəyərkən əvvəllər meşə təsərrüfatı idarəsində işləmiş, Lerik rayonu Piran kənd sakini Məhkum avtomobillə həmin yerə gəlib avtomobilinin onun avtomobilinin arxasında saxlamışdır. Məhkum avtomobildən düşüb onun avtomobilinin yan tərəfdəki qapını açıb qabaq sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs yaxasından tutub dartıb onu yerə yıxmışdır. Orada Məhkum Zərərçəkmiş şəxs vurmuş, lakin onu hansı qaydada, yəni yumruqla və ya təpiklə vurmasını görməmiş, lakin Məhkum Zərərçəkmiş şəxs qarşı “Lerikdə kişi yoxdur, sən Astaradan gəlib burada yoxlama aparırsan” deməsini eşitmişdir. O, dərhal avtomobildən düşüb Məhkum Zərərçəkmiş şəxs kənarlaşdırmış, sonra Məhkum avtomobilinə oturub oradan uzaqlaşıb getmişdir. Sonra o, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs evinə aparmışdır. Bundan sonra ona məlum olmuşdur ki, hadisə baş verən vaxt Məhkum Zərərçəkmiş şəxs vurması nəticəsində Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya müraciət etmiş, sonra orada cərrahiyyə əməliyyatı keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Məhkum polisə şikayət etmişdir. Hesab edir ki, Məhkum qeyd olunan ərazidə me şə dolaylarında yoxlamanın aparılmasına mane olmaq üçün Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarından olan, X7 Təsərrüfatı Mərkəzindən daxi olmuş məktub və məktuba əlavə olunmuş əmrlərin surətləri ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 28 avqust 2018-ci il tarixdən Lənkəran RMTM-nin Astara Meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində, 05 may 2022-ci il tarixdən mərkəzin mühafizə üzrə direktor müavini vəzifəsində işləyir. Lənkəran RMTM-nin Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında meşələrin qorunub mühafizəsi məqsədi ilə 20 dekabr 2022-ci il tarixli, 305 saylı əmr ilə qəfləti yoxlamaların aparılmasına başlanılmışdır. Habelə Lənkəran RMTM-nin 17 iyul 2021-ci il tarixli, 118 saylı əmr ilə müəyyən edilir ki, Əskərov X2 RMTM-yə mövsümü fəhlə işinə qəbul edilmiş, 27 dekabr 20 21-ci il tarixli, 330 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin qurtarması) əsasən əmək müaqviləsinə xitam verilmişdir. Həmçinin məhkəmə qərarlarında olan Məhkəmə-tibb ekspertizasının 21 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində-qarının qapalı küt travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq, döş qəfəsi nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində gösərilən şəraitdə, yəni bərk küt əşyalarla (yumruq, təpik) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti qərarda göstərilən tarixə 02 yanvar 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 19 aprel 2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs 4 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək xəstəxananın cərrahiyyə şöbəsinə “Qarının qapalı küt travması. Dalağın cırılması. Sol tərəfli Xİ qabırğanın natamam xətti sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Yuxarıda qeyd olunanların ümumi məzmunundan görünür ki, təqsirləndirilən şəxs Məhkum xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni qeyd olunan meşə dolaylarında mərkəzin direktorunun müvafiq əmri ilə yaradılmış komissiyanın sədri və digər üzvləri ilə birlikdə aparacağı yoxlamadan ibarət yerinə yetirəcəyi həmin qanuni fəal iyyətə mane olmaq üçün Zərərçəkmiş şəxs “sən kimsən ki, Astaradan gəlib Lerikdə yoxlama aparırsan, Lerikdə kişi yoxdur” deyib onun yaxasından tutub maşından yerə salıb yumruq və təpik zərbələri vurmaqla döyərək qəsdən onun sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keç irilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)139/2025 nömrəli 14 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar