Məhkəmə qərarları › İş №1(102)-2137/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2137/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2137/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024- cü il tarixli 1(105)-542/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim Vüqar Seyidov) 30 aprel 2024-cü il tarixli, 1(027)100/2024 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, C M-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd AK-103 modelli yivli odlu avtomat silahını və satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 120,0 qram olan xeyli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib 01 ədəd qara rəngli əl çantasında daşımaqla üzərində saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 06 radələrində Quba şəhəri, M.Qorki küçəsində saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli əl çantasının içindən həmin AK-103 modelli yivli odlu avtomat silahı və qara rəngli polietilen torbanın içərisində həm in təmiz çəkisi 120,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 27 avqust 2024-cü il tarixli, 1(105)-542/2024 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(027)-100/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli 1(105)-542/2024 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk məhkumluğunu, atasının vəfat etməsi, anasının yaşlı və xəstə olması, ailənin yeganə qazanc gətirən üzvü olması nəzərə alınaraq cəzadan vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanu nunun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Az ərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbir lər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 228.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə, CM-in 234.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla təqsirləndirilən şəxs Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğ un olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəldiyindən həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və cəzanı yüngülləşdirən hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli 1(105)-542/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli 1(105)-542/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar