Məhkəmə qərarları › İş №1(102)-2184/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2184/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2184/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkumun müdafiəçisi Niftalıyev Nəsib Firudin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-857/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarından dövlət ittih amçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx xxxxx-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı X ünvanında yaşamışdır. 2. 24 avqust 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 sentyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 28 aprel 2024-cü il tarixdə, saat 01 radələrində qohumu Şahid1 Zərərçəkmiş şəxs tərəfindən təhqir olunub hədələnməsi barədə şikayəti ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsində olduğunu eşidib Şahid1 yanına gedərkən, orada Zərərçəkmiş şəxs yenidən Şahid1 səsli mesaj göndərərək və zəng vuraraq özünün və qohumlarının ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənərək, Zərərçəkmiş şəxs görüşüb qanunsuz və əxlaqsız davranışına görə qisas almaq qərarına gəlib həmin niyyətini həyata keçirmək məqsədilə Şahid1 Zərərçəkmiş şəxs görüşə çağırmasını tapşırıb, idarə etdiyi “Toyota Prius” marka lı, **XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə vədələşdikləri kimi Bakı şəhəri, Qobustan qəsəbəsi, “Beşmərtəbə” adlanan əraziyə gedib, bir qədər sonra binaların arasından çıxan şəxsin Zərərçəkmiş şəxs olduğunu avtomobildə olan Şahid1 soruşub dəqiqləşdirməklə avtomobili yüksək sürətlə Zərərçəkmiş şəxs üzərinə doğru hərəkət etdirərək, sonuncunu avtomobilin ön tərəfi ilə vurub divara sıxaraq sol qamış sümüyünün orta və aşağı 1/3-nin qəlpəli sınıqları (osteosintez əməliyyatı), sağ qamış və incik sümüklərinin orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınığı (İlizarov aparatı) ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, daha sonra isə avtomobildən zavod üsulu ilə hazırlanmış xüsusi texniki təyinatlı, mexaniki ağır lıq qaldırıcı qurğu sisteminin (domkratın) hissəsini götürüb həmin hissə ilə baş nahiyəsinə bir zərbə vuraraq sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən başın təpə nahiyəsinin əzilmiş yarasından ibarət xəsarətlər yetirərək, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-521/2025 nömrəli, 05 fevral 2025ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 aprel 2024cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Alıyev Namiq Nazim oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxsin əməlinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin həmin Məcəllənin 128 və 131.2-ci maddələrinə tövsif edilməklə onun şərti məhkum edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-857/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-521/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin e dilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) ilə endirilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almaqla məhkuma ədalətli cəza təyin etmiş, lakin apellyasiya instansiyası məhkəməsi onun cəzasını azaltmaqla düzgün mövqe sərgiləməmişdir. İş materiallarından görünür ki, məhkum ona verilən ittiham üzrə özünü təqsirli bilmir, törətmiş olduğu ictimai təhlükəli əməllərinə bəraət qazandırmağa çalışır. Buna görə də məhkum edilmiş şəxsə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin ədalətli nəticə kimi qəbul edilməsi mübahisəlidir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-857/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilir.

10. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) Azərbaycan Respublikası CPM-nin 41 9-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız hə min məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-857/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət- hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai tə hlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 2

1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma və islah məqsədləri ilə yanaşı eləcə də çəkindirmə və cəmiyyətin maraqlarının müdafiəsi daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların və eyni Məcəl lənin 41.2-ci maddəsində əksini tapan məqsədlərin halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası Məhkum yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar yuxarıda istinad edilən maddi cinayət-hüquqi normalara, eləcə də həmin normalarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi yanaşmalarına uyğun deyil.

24. Belə ki, baxılan cinayət işinin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum qohumu Şahid1 təhqir olunaraq hədələnməsi barədə polisə müraciət etməsindən xəbər tutsa da, hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən hərəkət etmiş, qisas niyyəti ilə sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs görüşə çağıraraq idarə etdiyi “Toyota Prius” markalı avtomobillə zərərçəkmişin üzərinə sürüb onu divara sıxaraq həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, ardınca avtomobildən götürdüyü domkratın hissəsi ilə baş nahiyəsinə zərbə vuraraq əlavə yüngül xəsarət törətmişdir.

25. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, Məhkum cinayət təqibi dövründə törətdiyi əmələ dair ardıcıl və tam etirafedici mövqe nümayiş etdirməmiş, verdiyi dəyişkən ifadələrlə cinayət məsuliyyətindən yayınmağa çalışmış, xüsusilə də hərəkətlərini qəsdən deyil, guya ehtiyatsızlıq nəticəsində törətdiyini iddia etmişdir.

26. İstinad edilənlər aydınlıqla təsdiqləyir ki, Məhkum törətdiyi əmələ görə səmimi peşmançılıq göstərməmiş, davranışı, məhkəmə proseslərində mövqeyi və göstərdiyi münasibəti ilə cəzanın məqsədlərindən biri olan islah olunmanın baş vermədiyini nümayiş etmişdir. Məhkumun törətdiyi əməllərə bəraət qazandırmağa yönəlmiş mövqeyi, zərərçəkmişə vurduğu ağır nəticələrin etiraf edilməməsi v ə məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri onun islah yoluna qədəm qoymadığını sübut edir.

27. Bundan başqa məhkəmə kollegiyası xüsusilə vurğulanmasını zəruri hesab edir ki, cinayətin baş verməsinə səbəb Zərərçəkmiş şəxs Məhkum qarşı etdiyi hər hansı bir hərəkət deyil, zərərçəkmişlə məhkumun qohumu arasında yaranmış münaqişə olmuşdur. Baxmayaraq ki, məhkum mövcud vəziyyətlə əlaqədar polis orqanına müraciət edildiyi və araşdırma aparıldığı barədə məlumatlı olmuşdur, o, müvafiq prosedurun nəticəsini gözləmədən, qanunda nəzərdə tutulmayan səlahiyyətləri öz üzərinə götürərək zərərçəkmiş şəxsə qarşı cinayət əməli törətmişdir.

28. Bununla belə, apellyasiya instansiyası məhkəməsi istinad edilən hallara lazımi diqqət yetirməmiş, birinci instansiya məhkəməsinin Məhkum onun faktiki törətdiyi ə məlinə münasibətdə təyin etdiyi, artıq kifayət qədər yüngül hesab edilən cəzanı Azərbaycan Respublikası CM-nin 58 və 41.2-ci maddələrində nəzərdə tutulan prinsiplərə uyğun saymamış, lakin qərarını yetərli əsaslandırmadan həmin cəzanı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə endirmişdir.

29. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilə n şəxsin islah olunması baxımından məqsədəuyğun olmasını izah etməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

30. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, yetərli əsaslandırmanı təmin etmədən birinci instansiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanı dəyişən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşmaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, habelə məhkumun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, t əhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamış və törədilmiş cinayətə mütənasib olmayan cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur.

31. Təsvir olunanlar onu göstərir ki, dövlət ittihamçısının kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-85 7/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı qismən Məhkum təyin edilmiş cəzaya aid hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-857/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı qismən Məhkum təyin edilmiş cəzaya aid hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar