Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2261/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi və 264-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-36/2024 saylı, 29 oktyabr 2024cü il tarixli (hakimlər Qurbanov Vüsal Raqib oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə iş üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi hakim), X12 və X6 ibarət tərkibdə) 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 1(005)-36/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya şikayəti yaxud kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə (ittiham aktına əsasən), Məhkum X1 olan, faktiki etibarnamə əsasında X4 istifadəsinə verilmiş «Mercedes Benz U220» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə, saat 04:10-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Dəmirçizadə küçəsi istiqamətində “narkotik vasitələrdən istifadə etməsi n əticəsində sərxoş halda, yəni narkotik vasitənin təsiri altında sağ zolaqla hərəkət edərkən, Təbriz küçəsi ilə Ə.B.Ağaoğlu küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, sağ zolaqla idarə edərkən qarşıda yolayrıcına daxil olduqdan sonra sola doğru manevr etmiş, bu zaman onunla eyni istiqamətdə sol zolaqla düzünə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 60-70 km/saat sürətlə idarə etdiyi X2 olan «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi avtomob il toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ehtiyatsızlıqdan «Toyota Prius» markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin qançırı və sıyrığı, alt dodağın selikli qişasına qansızma, burun çəpərinin, hər iki dizin, sağ baldırın sıyrıqları, başın sıyrıntıları, döş qəfəsinin, dizlərin, çənənin küt travması, yumşaq toxumaların əzilməsi ilə müşayiət olunan dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan, həmçinin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs3 təpə nahiyəsinin sıyrıntıları ilə müşayiət olunan dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan, digər sərnişin Zərərçəkmiş şəxs1 alın nahiyəsinin çapılmış yarası, alın sümüyünün qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlam lığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-hərəkəti qaydalarını pozmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən yayınaraq qaçmışdır. Kassasiya protestinin dəlilləri: Kasssasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apellyasiya məhkəmələri qərar qəbul edərkən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli vermiş olduğu ifadəsinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “X16” X19 tərəfindən verilmiş məktuba istinad etmiş, şahid ifadələri və iş üzrə digər sübutlara düzgün hüquqi qiymət verməmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə tərəfindən hö km çıxarılarkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, tam obyektiv araşdırma aparılmadığından, hökm əsassız və işin faktiki hallarına uyğun olmadığından mübahisələndirilən hökm ləğv edilməli və Məhkum Cinayət Məcəlləsinin 263-1-2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmü çıxarılmalıdır. Belə ki, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər sübutlar ilə müəyyən edilir ki, Məhkum narkotik sərxoşluğu vəziyyətində avtomaşını idarə etmiş və baş vermiş yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçmışdır. Lakin məhkəmə təqsirləndirlən şəxsin özünü müdafiə xarakterli ifadələrinə tənqidi yanaşmamış, yol nəqliyyat hadisəsi baş verdikdən sonra onun hadisə yerindən qaçmağa cəhd e dərək taksi çağırmaq istəməsi kimi şahid ifadələrinə, həmçinin şəxsin hadisə yerindən qaçmağa nail olmaq üçün təcili tibbi yardım maşınına minərək tibbi yardım göstərilməsi adı ilə hadisə yerindən uzaqlaşmasına əhəmiyyət verməmiş, şəxsin hərəkətinin guya tibbi yardım almaq üçün xəstəxanaya getməsi kimi ifadəsinə tənqidi yanaşmamışdır. Bununla əlaqədar bir halı da qeyd etmək zərurdir ki, tibbi yardıma ehtiyacı olan və bu adla təcili tibbi yardım maşını ilə xəstəxanaya getmiş təqsirləndirilən şəxs Məhkum xəstəxanaya çatdıqdan sonra müalicə almaqdan imtina etməsi onun həqiqətdə hər hansı tibbi yardıma ehtiyacı olmamasının sübutudur. İş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs hadisə yerinə toplaşmış şəxslərin çox olması və onun oradan uzaqlaşmasına mane olunması səbəbindən tə cili tibbi yardım maşını ilə xəstəxanaya getmiş və bundan sonra onun hüquq mühafizə orqanlarından yayınması mümkün olmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhk əməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, əsassız olaraq Məhkum Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə icraata xitam verildiyini, CM-nin 264-cü maddəsi ilə bəraət verilməsi qeyd olunmuş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstəril ən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə icraata xitam verilməsinə və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPMnin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi nə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşd irilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının a yrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Belə ki, Məhkum münasibətdə "cinayət hadisəsinin baş vermə faktı və halları”, "onun cinayət hadisəsi ilə əlaqəsi”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi” sübut edilmir. Belə ki, sübutedilməli halların CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsinin olubolmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü mad dəsində nəzərdə tutulmuş cinayətin subyektiv tərəfi müəyyən edilmir. Yəni sübutetmənin sonrakı addımlarında onun cinayətin törədilməsində sübuta yetirilmir və sübutetmənin yekununda onun cinayət törətməkdə təqsirliliyi müəyyən edilmir. Başqa sözlə işdəki sübutlar onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinməsinə kifayət etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Mə cəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum bəraət vermişdir. Cinayət -prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olar aq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdaf iəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməsi və CM-in 264-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dai riş üzrə icraata xitam verilməsi və CM-in 264-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsa sında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilm əli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə k assasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutara q Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi və CM-in 264-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-324/2025 saylı, 06 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2261/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2261/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver