Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2279/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamışdır. 2. 04 fevral 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında park olunmuş X2 idarə etdiyi «X1»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə məxsus ümumi dəyəri 40000 manat təşkil edən, lizinq obyekti olan «BMW-X6» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını mühafizə otağından götürüb sükan arxasına oturaraq, həmin avtomobili talama məqsədi olmadan ələ keçirib sonra spirtli içki təsiri altında yüksək surətlə idarə edərək, Bakı-Sumqayıt avtomobil yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisini keçən hissəsində Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Sumqayıt şəhəri istiqamətində idarəetməni itirib həmin tarixdə, saat 06:43:15-də yol kənarındakı səkiyə çırpıldıqdan sonra yanaraq, yararsız hala düşməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs «X1»-nun nəzdindəki ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-yə 40000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla avtomobili qaçırmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-249/2023 nömrəli, 02 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 noyabr 2022-ci il tarixdən hesablanması, cinayət əməli nəticəsində vurulmuş 40000,0 (qırx min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 210 (iki yüz on) manat pulun ondan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) LPO Zərərçəkmiş şəxs2 ASC-nin hesabına ödənilməsi hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 249/2023 nömrəli, 02 may 2023cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay az adlıqdan məhrum etmə cəzasının müddətinin 02 (iki) il 06 (altı) aya endirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia edilərək, müraciətdə göstərilənlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməsi, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya inst ansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya pros essual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin ə saslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində təsbit edilmiş qaydaya görə, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasına aid edilmişdir.
20. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətlən dirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.
21. Kassasiya protestinin dəlilləri təsvir olunan cinayət-hüquqi normalara əsaslanmaqla və baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan, sadəcə olaraq birinci instansiya məhkəməsinin cəzaya təsir edən işin hallarını, yəni Məhkum ilk dəfə məhkum edildiyini və əməlindən peşman olduğunu tam nəzərə almadığını qeyd etməklə hesab etmişdir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə ona təyin olunmuş cəza işin hallarına, şəxsiyyətinə və cəza siyasətinə uyğun olmamış, bu səbəbdən də təyin edilmiş cəza həmin maddənin sanksiya sı həddində bir qədər yüngülləşdirilməlidir.
22. Halbuki, Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.11, 353.2 və 353.2.7, eləcə də 398.2-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində həmin məsələnin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi halları na yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
24. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 185.2.4cü maddəsində göstərilən cinayətə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırda mübahisəsi edilən qərarının təhlilindən isə görünür ki, məhkəmə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə artıq təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını yüngülləşdirib 1 (bir) il azaldaraq ona 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları, eləcə də məhkumların islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından təyin etdiyi yeni cəzanın təqsirkarın şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gəti rdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını araşdırmamışdır.
26. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğuna, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin yuxarıda göstərilən maddələrinin tələblərinin və mövcud məhkəmə təcrübəsinin pozulmasına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verildiyinə dəlalət edir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103 )-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1349/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.