Məhkəmə qərarları › İş №1(102)-2280/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2280/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2280/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli o ğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1992-ci il tarixdə Gədəbəy rayonu Daryurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 31 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 noyabr 2023-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi m əhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 22 iyul 2023-cü il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında kirayə yaşadıqları evin yataq otağında əri Zərərçəkmiş şəxs iş yoldaşı olan Şahid1 ilə onun arasında münasibət olmasını aşkar etməsi və bu səbəbdən aralarında qısqanclıq zəminində yaranmış ailə-məişət zəminində mübahisə və münaqişə vaxtı ərinin onun ata evinə aparması və hərəkətləri barədə ailə üzvlərinə bildirəcəyi, beləliklə də ifşa olacağından ehtiyat edərək, qəsdən öldürmək məqsədilə münaqişədən sonra çarpayıda uzanıqlı vəziyyətdə olan və ona məxsus mobil telefonla məşğul olan Zərərçəkmiş şəxs mətbəxdən götürdüyü məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun kürək nahiyəsindən bir dəfə zərbə endirərək, döş qəfəsinin sağ arxa səthinin daxilə keçən, sağ ağ ciyəri, qabırğa arası arteriyanı zədələyərək daxili qan axmaya, sağ tərəfli hemo-pnevmotoraksa və 3-cü dərəcəli hipovomemi-travmatik-hemorragik şoka səbəb olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa Ağır zərər vuran bədən xəsarəti yetirmiş, zərərçəkmiş şəxsin hadisədən dərhal sonra əvvəlcə «Gədəbəy rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs, sonra isə Gəncə Müalicə Diaqnostika Mərkəzinə çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəbdən qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-248/2024 nömrəli, 19 mart 2024cü il hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 22 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu və Zərərçəkmiş şəxs Elbar oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, müdafiəçi apellyasiya şikayətində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 122.1 və ya 129.1-ci mad dələrindən birinə tövsif edilməsini, bu mümkün olmadıqda isə barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddələrindən birinin tətbiq edilərək cəzasının yüngülləşdirilməsini, zərərçəkmiş şəxs isə apellyasiya şikayətində hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-248/2024 nömrəli, 19 mart 2024-cü il hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlu kassasiya şikayəti ver mişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət hadisəsinə zərərçəkmiş şəxs tərəfindən məcbur edilən şəraitdə yol verilməsi, münaqişənin ailədaxili münasibətlərdən yaranıb və hadisələrin təsadüfi axarı zəmnində öz məcarasından çıxıb, qəflətən qarşısı alınmaz olacaqla nəticələnməsi, hadisədən dərhal sonra məhkumun etdiyi əməlin ağırlığını başa düşüb, onun qarşısını almağa cəhd etməklə qonşulara məlumat verməsi və polisə gedib özünü könüllü təqdim etməsi, zərərçəkmişlə barışması, zərərçəkmişin özünün məhkəmədə məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasının tələb etməsi, ananın həbsdə olması ilə əlaqədar tərəflərin iki azyaşlı uşağının tam baxımsız vəziyyətə düşməsi, uşaqların faktiki olaraq 1-ci qrup gö zdən əlil olan nənələrinin himayəsində qalmaqla onların sağlamlığının təhlükədə olması, uşaqların baxılması və onlara qulluq edilməsi ilə bağlı ana borcunun yerinə yetirilməsinin təmini dövlətin və qanunun vəzifəsi olması, cəza təyinində bu kimi xüsusi nəzərə alınmalı müstəsna halların mütləq nəzərə alınmalı olduğu halda, məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkumun əməlini düzgün tövsif etməklə, yaxud barəsində Azərbaycan Respublikası CM-nin 62 ya 70-ci maddələrini tədbiq etməklə dəyişdirib yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Zərərçəkmiş şəxs kassasiya şikayətinə dair yazılı mülahizəsində ailəsinin düşdüyü ağır vəziyyəti və uşaqlarının mənafeyini nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməsi, arvadı Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövc ud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası m əhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi Abbasov Yolçu Bayraməli oğlu Məhkum törətdiyi əməlin səhv tövsif edildiyini, həmçinin sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70ci maddəsinin tətbiq edilməsini xahiş etməklə, mübahisələndirdiyi qərarın ləğv edilməsini tələb edən əsaslar kimi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallara istinad etmişdir.

17. Odur ki, kollegiya müdafiə çinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və onun dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə əməlin tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139 -cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçisinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla hazırda mübahisəsi edilən qərarında ayrı-ayrılıqda və məcmu halında bir daha araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmi şdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri onun ibtida istintaqda verdiyi tam, məhkəmə araşdırmalarında isə qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “şəxsin könüllü olaraq özünü istintaqa təqdim edilməsi” barədə, “hadisə yerinə baxış keçirilməsi haqqında”, “əşyaya baxış keçirilməsi və götürülməsi” barədə, “götürmə aparılması haqqında”, “mobil telefona baxış keçirilməsi” haqqında, məhkəmə-tibbi, tibbi-bioloji, tibbi kriminalistik, materialların, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəyləri, maddi sübut, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edi lən məsələ üzrə gəldiyi nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin Məhkum Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

26. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

27. Azərbaycan Respublikası CM-nin 8, 41 v ə 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

28. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

29. Lakin, o da nəzərdən qaçırılmamalı dır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təs iri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

30. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

31. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əs aslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

32. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddə sini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi və ya həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

33. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, həmin Məcəllənin 15.5-ci maddəsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

34. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

35. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

36. Eləcə də həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilir ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində (o cümlədən, baxılan işdə mövcud olan 59.1.10 (şəxsin könüllü gəlib təqsirini boynuna alması) və 59.1.12 (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi) maddələrində təsbit edilən) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissə sinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

37. Məhkəmə kollegiyası istinad edilən maddi cinayət-hüquqi normalarına əsaslanmaqla apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilən cəza – 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında cinayət etməyə cəhdə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmaqla həmin normalara uyğundur. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlməklə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

38. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cina yət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

39. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlunun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Abbasov Yolçu Bayraməli oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-264/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar