Məhkəmə qərarları › İş №1(102)-2291/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2291/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2291/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 (107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 30 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 29,178.2.2, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 noyabr 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin avqust ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 guya özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini ona Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən "Sadik” adlanan parkda görüşləri zamanı yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin avqust ayının əvvəllərin də Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən "Sadik” adlanan parkda görüşləri zamanı Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 10 avqust 2020-ci il tarixdə həmin parkda 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ondan şəxsən aldıqdan sonra öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan su i-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göygöl şəhəri, A.Hacıyev küçəsi 44 saylı evin qarşısında yerləşən torpaq sahəsinin azad edilməsi, qohumu X8 otağının giriş qapısının açılması və həmin qapının qarşısında vaxtı ilə mövcud olmuş pilləkənin bərpa edilməsi barədə əri Şahid mülki iddiasının Göygöl Rayon Məhkəməsi tərəfindən təmin edilməsinə dair qətnamə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 ilə Göygöl şəhəri, A.Hacıyev küçəsi 44 saylı evin yaxınlığında görüşləri zamanı sonuncuya guya özünün Göygöl Rayon Məhkəməsində mülki iş üzrə qərar qəbul etmək səlahiyyətinə malik hakimlə geniş əlaqəsinin olmasını və həmin əlaqəsi vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün həmin hakimə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun iddiasının Göygöl Rayon Məhkəməsi tərəfindən təmin edilməsinə dair qətnamə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanının yaxınlığında bildirərək, Zərərçəkmiş şəxs5 razılığını almaqla sövdələşib, həmin niyyətlə 07 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 750 (yeddi yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs5 məxsus pul vəsaitini sonuncudan şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib Zərərçəkmiş şəxs5 ilə görüşləri və telefon danışıqları zamanı sonuncuya guya "Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini, onun vasitəsilə Göygöl Rayon Məhkəməsi tərəfindən Şahid iddiasının qismən təmin edilməsi barədə qəbul edilmiş 27 iyul 2021-ci il tarixli 2(066)-95/2021 nömrəli qətnamədə Şahid xeyrinə dəyişiklik edilməsi məsələsini həll edə biləcəyini, bunun müqabilində yenidən iddia verilməsi üçün dövlət rüsumunun ödənilməsi və digər xərclərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatm aqla istintaqla müəyyən olunmayan tarixdə və yerdə ona bildirərək, Zərərçəkmiş şəxs5 razılığını almaqla sövdələşib, həmin niyyətlə Şahid adından xx.xx.2022-ci il tarixdə 132 (bir yüz otuz iki) manat, xx.xx.2022-ci il tarixdə 90 (doxsan) manat, sonuncunun cinayətdən xəbərsiz qohumu X3 adından xx.xx.2022-ci il tarixdə 200 (iki yüz) manat məbləğlərində Zərərçəkmiş şəxs5 məxsus pul vəsaitlərinin "Azərpoçt” MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini ünvan 2 ünvanında yerləşən "Azərpoçt” MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 1.172 (bir min bir yüz yetmiş iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs5 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlillik dərəcəsinin 3-cü qrupdan 2-ci qrupa keçirilməsində köməklik göstərilməsi ilə bağlı 25 oktyabr 2021-ci il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 ilə ünvan 4 ünvanında yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin inzibati binasının qarşısında görüşləri zamanı sonuncuya guya "Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korru psiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən tanış şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun əlillik dərəcəsinin 3-cü qrupdan yenidən 2-ci qrupa keçirilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 25 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinin inzibati binasının qarşısında bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 əlilliklə bağlı dövlət vəsaiti hesabına sosial mənzil verilməsinə köməklik göstərə biləcəyini, bunun müqabilində tanışı olan vəzifəli şəxsə zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin oktyabr ayının sonlarında aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 əlilliklə bağlı dövlət vəsaiti hesabına avtomobil verilməsinə köməklik göstərə biləcəyini, bunun müqabilində tanışı olan vəzifəli şəxsə zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin əvvəllərində aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, bundan başqa, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs3 Göygöl şəhərində əlillərə verilməsi üçün nəzərdə tutulmuş torpaq sahələrindən 0,04 ha torpaq sahəsi ayrılmasına köməklik edə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin mart ayının sonlarında aralarında aparı lan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin niyyətlə 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2.443 (iki min dörd yüz qırx üç) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs3 adından "Azərpoçt” MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini 28 oktyabr 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində hissəhissə olmaqla ünvan 2 ünvanında yerləşən "Azərpoçt” MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq, həmçinin, 26 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, TArani küçəsində yerləşən "Qardaşlar” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz qohumu X2 adına olan "UNİBANK Kommersiya Bankı” ASC-yə məxsus olmaqla həmin dövrdə öz istifadəsində olan 4098********8277 nömrəli "Leobank” bank kartı hesabına göndərilməsinə və 26 fevral 2022-ci il tarixdə həmin pul vəsaitini Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarıb nağdlaşdırmasına, eləcə də, 1 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən "OBA” marketdə olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz tanışı X4 adına olan "Kapital Bank” ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına göndərilməsinə və 1 aprel 2022-ci il tarixdə həmi n pul vəsaitinin sonuncu tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarılaraq özünə təqdim olunmasına nail olub, əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2.753 (iki min yeddi yüz əlli üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə ə mlakını ələ keçirmək məqsədilə arvadı X1 əlilliklə bağlı pensiya təyin olunmasında köməklik göstərilməsi ilə bağlı 26 oktyabr 2021-ci il tarixdə özünə müraciət etmiş X7 ilə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən "Sadik” adlanan parkda görüşləri zamanı sonuncuya guya "Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən tanış şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhəbbət Bayramovanın xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya əlilliklə bağlı pensiya təyin olunma sı üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 26 oktyabr 2021-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən "Sadik” adlanan parkda bildirərək, Əyyub Qurbanovun maddi imkanı ilə əlaqədar 4.000 (dörd min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 26 oktyabr 2021-ci il tarixdə həmin parkda 2.000 (iki min) manat, 28 oktyabr 2021-ci il tarixdə qeyd edilən yerdə 2.000 (iki min) manat məbləğində pul vəsaitini ondan şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya arvadı Məhəbbət Bayramovanın əlilliklə bağlı pe nsiya təyin olunması üçün lazım olan sənədlərin sistemə daxil edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 1 aprel 2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı Əyyub Qurbanova yalandan bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 1 aprel 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə sonuncuya məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini istintaqla şəxsiyyəti müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs vasitəsilə alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Əyyub Qurbanova məxsus ümumilikdə 4.200 (dörd min iki yü z) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhəbbət Bayramovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Əyyub Qurbanovu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlillik dərəcəsinə görə pensiyasının bərpa olunmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayının sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 ilə telefon danışıqları zamanı sonuncuya guya "Məhəmməd İsmayılov” adlı dayısının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyini və onun vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun əlillik dərəcəsi ilə bağlı pensiyasının bərpa olunması üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin yanvar ayının sonlarında aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs4 maddi imkanı ilə əlaqədar ilkin mərhələdə həmin məbləğin 800 (səkkiz yüz) m anat hissəsinin, qalan hissəsinin isə hissə-hissə verilməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs3 vasitəsilə istintaqla müəyyən olunmayan yerdə 800 (səkkiz yüz) manat, sonuncunun adından xx.xx.2022-ci il tarixdə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə 50 (əlli) manat məbləğində Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitinin "Azərpoçt” MMC-nin Göygöl poçt filialı vasitəsilə öz adına göndərilməsinə nail olub, həmin pul vəsaitlərini ünvan 2 ünvanında yerləşən "Azərpoçt” MMC-nin Şəki regional poçt filialından təhvil alıb nağdlaşdıraraq, eləcə də, Zərərçəkmiş şəxs4 tərəfindən cinayətdən xəbərsiz tanışı X4 adına olan "Kapital Bank” ASC-yə məxsus 510307******1465 nömrəli bank kartı hesabına 28 mart 2022-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən "Əkizlər” marketdə olan "eManat” elektron ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat, 30 mart 2022-ci il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən "Əminə” marketdə olan "eManat” elektron ödəmə terminalı vasitəsilə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitlərinin göndərilməsinə və həmin pul vəsaitlərinin Vüsal Şabanov tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Bazarstore” supermarketinin qarşısında olan bankomatdan çıxarılaraq özünə təqdim edilməsinə nail olub, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmiş, Zərərçəkmiş şəxs4 aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini sonuncudan almağa nail olmayaraq, Zərərçəkmiş şəxs4 məxsus 2.500 (iki min beş yüz) manat məbləğdə pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı nı ələ keçirmək məqsədilə İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədəki xidmətlərinə görə müharibə veteranı adının verilməsində köməklik göstərilməsi ilə bağlı 17 fevral 2022-ci il tarixdə özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs6 ilə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki Mərkəzi Bazarında görüşləri və aralarında aparılan telefon danışıqları zamanı sonuncuya guya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində mayor rütbəli "Ramin” adlı tanışının işlədiyini və həmin tanışı vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd olunan vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədəki xidmətlərinə görə müharibə veteranı adının verilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla ilkin olaraq maddi nemət olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 17 mart 2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 3 rayonun işğaldan azad edilməsinə görə medallar alması ilə bağlı hərbi biletində qeydiyyat aparılmasına köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə və digər xərclər ə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki Mərkəzi Bazarının yaxınlığında görüşləri zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 İkinci Qarabağ müharibəsi dövründə yaralanması ilə bağlı hərbi biletində qeydiyyat aparılmasına köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə və digər xərclərə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaitinin rüşvət qismində v erilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 razılığını almaqla sövdələşib, bundan əlavə, eyni niyyətlə cinayətkar əməllərini davam etdirib guya Zərərçəkmiş şəxs6 İkinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdə olması ilə bağlı əlavə olaraq 1.300 manat məbləğində pul vəsaitinin ödənilməsində köməklik göstərə biləcəyini, bunun müqabilində zəruri tədbirlərin görülməsinə görə tanışı olan vəzifəli şəxsə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla xx.xx.2022-ci il tarixdə aralarında aparılan telefon danışığı zamanı bildirərək, Zərərçəkmiş şəxs6 maddi imkanı ilə əlaqədar 280 (iki yüz səksən) manat m əbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarının yaxınlığında 190 (bir yüz doxsan) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 70 (yetmiş) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 100 (bir yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarının yaxınlığında 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə Şəki Mərkəzi Bazarında 80 (səksən) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 şəxsən alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 890 (səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib tə krarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-247/2022 nömrəli, 07 dekabr 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.2.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 29,178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikas ı CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər hesablamaqla yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-247/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublika sı CM-nin 29,178.2.2 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə aid hissədə ləğv edilmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 29,178.2.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi olmaması əsası ilə ona bəraət verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə dair müddəaların xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına hesab edilərək yeni hökmlə ona 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaqla 3 (üç) il müddətə azadlıqdan möhrum etmə cəzasına məhkum edi lməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 may 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hökm edilmiş, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasi ya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi yekun hökmünü qəbul edərkən, cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi xaric edilməli olduğu halda, əsassız olaraq ona həmin maddə ilə bəraət verilmişdir. Həmçinin, məhkəmə tərəfindən əsassız olaraq, Məhkum Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ izah edilmişdir. Cinayət işinin materiallarından, həmçinin iş üzrə qəbul edilmiş qərarların təhlilindən görünür ki, məhkəmə Məhkum törətmiş olduğu cinayət əməllərinə görə onun barəsində olan işə hissəvi bəraət vermiş, iş üzrə tam bəraət verilməsi barədə hökm çıxarılmamış, bu da təqsirləndirilən şəxsin kompensasiya almaq hüququnu istisna edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız və yaxud səhv cinayət prosessual-hüquqi normaya əsaslanmaqla bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutul muş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsinin dispo zisiyasına görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən təkrar törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.

22. Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsini dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətin verilməsində və ya təkrar rüşvət verilməsində ifadə olunur.

23. Baxılan cinayət işində ibtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxslərə sonuncuların müxtəlif səpkidə olan xahişlərinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alar aq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsləri vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.

24. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimi yyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

25. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsləri aldadaraq, onların hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş məsələlərinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul alıb ələ keçirmişdir.

26. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu m Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzlu ğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).

28. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yal ançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).

29. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəm əsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).

30. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir.

31. Təsvir edilənlərə aid aşağı instansiya məhkəmələrin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və y a məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

32. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021- ci il).

33. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi Məhkum niyyətinin zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək məqsədini daşıdığını, onun ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığını, əməllərinin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyini düzgün olaraq əsas götürsələr də, bu əməllərin yekunda Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tam əhatə olunduğunu nəzərdən qaçırıb, barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə cinayət hadisəsinin olmaması əsası ilə bəraət hökmünün çıxarılmasında yanlış nəticə üzərində dayanmışlar.

34. Belə ki, cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlanılması üçün faktın (hadisənin) olmaması, yəni ictimai-təhlükəli hərəkət və ya hərəkətsizliyin həqiqətdə mövcud olmaması başa düşülməlidir.

35. Cinayət işinin materillarından və məhkəmələr tərəfindən qəbul edilmiş qərar və hökmün məzmunundan da aydın olduğu kimi, Məhkum əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır.

36. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməsi düzgün nəticə kimi qiymətləndirilə bilməz.

37. Kassasiya protestinin dəlillərində həm də, haqlı olaraq hökmdə Məhkum cinay ət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi zamanı apellyasiya instansiyası məhkəməsinin prosessual əsaslara və qaydalara riayət edilmədiyi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iş üzrə qəbul edilmiş qərarlara nəzər yetirərkən həmçinin onu da qeyd edir ki, həm yuxarıda göstərilən əsasla - yəni Məhkum əməllərində cinayət tərkibinin əlamətlərinin mövcud olması, zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapması, həm də məhkəmə tərəfindən məhkumun törətmiş olduğu cinayət əməlinə görə onun barəsində olan cinayət işi üzrə hissəvi bəraət verilməsi, iş üzr ə tam bəraət verilməsi barədə hökmün çıxarılmaması, onun kompensasiya almaq hüququnu əldə etdiyini istisna edir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilməli və cinayət işi üzrə icraat həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hissəsində ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar