Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2297/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov X7 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X3 xxxx-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, ailəli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, x ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşayır. 2. 19 avqust 2024-cü il tarixli ittiham aktına əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 13 yanvar 2024cü il tarixədək olan dövr ərzində İran İslam Respublikasının Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xüsusilə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz o laraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək Rusiya Federasiyasına aparma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qəsdən qanunsuz olaraq tamah və satış məqsədilə əldə edilmiş, eləcə də malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə folqaya bükülüb üzəriləri kahı ilə sarınaraq fiziki görünüşdə kahı formasına salınmaqla “kahı” yükündən ibarət 22 ədəd paletdən birindəki 90 bağlamadan 30 ədədinə yerləşdirilərək saxlan ılmış 199 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 69970 qram qurudulmuş marixuana və 10 bağlamada qablaşdırılmış ümumilikdə xüsusilə külli miqdarda, 20870 qram həşiş qətrəni narkotik vasitələrini tamah və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “DAF” markalı, “C781HA05/AM556105” dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindəki kahı yükündən ibarət digər paletlərin arasına yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edi lən tarixdə aparılmış gömrük yoxlaması zamanı həmin qurudulmuş marixuana və həşiş qətranı narkotik vasitələri saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. 3. 04 sentyabr 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-97/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli hökmü ilə X1 təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun olmadığını, hökm çıxarılarkən təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyinin ifadə edildiyini, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları - şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib nəzərə alınmadığını bildirərək, X2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair hökmün ləğv edilməsi, sonuncunun Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə yeni ittiham hökmünün çıxarıl ması xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-97/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestində apellyasiya protestinin dəlilləri təkrarlanaraq bildirilir ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarını qəbul edərkən cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərba ycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq etməmiş, X1 bəraət verərkən yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edili bedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, hökmün əsasını yolverilməz sübutların təşkil etdiyini, nəticədə X1 əsassız bəraət verildiyini iddia edərək, xahişini Azərbayc an Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütü n əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
20. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə X1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız, məhkəmələrin qənaətini isə aşağıda göstərilənlərə əsasən düzgün hesab edir.
21. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətlə ndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları ta m, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
25. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
26. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vu rğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
27. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, protestdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühaki mə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
28. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
29. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi ni təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).
30. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kass asiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
31. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində bildirilənlərdən fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsviri verilən məsələlər üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya protestində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
34. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məh kəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-322/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.