Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2384/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki uşağı olan, əvvəllər məhkum olunmamış, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunda İT mütəxəssisi işləyən, ünvan 1 ün vanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 273.3.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(103)-466/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Cəfərov Vüsal Suliddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1(004)186/2023 nömrəli hökmü ilə (hakim X2) Məhkum - Azərbaycan Respublikası CM-in 273.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahə də maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 6.000 (altı min) manat cərimə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsinin depozit hesabında saxlanılan Məhkum yaşadığı mənzildən aşkar edilərək götürülmüş 136.040 manat və 20550 ABŞ dolları məbləğində pul vəsaitinin hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi, şahid (qanuni maraqlarına toxunan şəxs) Şahid12, şahid (qanuni maraqlarına toxunan şəxs) Şahid11 və şahid (qanuni maraqlarına toxunan şəxs) Şahid2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 13 iyun 2024-cü il tarixli 1(103)-466/2024 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum buna hüququ olmadan kompüter məlumatlarını qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, Məhkum Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək maddi maraq zəminində ona müraciət etmiş ş əxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi proqram təminatları əldə edib və uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə “Güzəştli mənzil” informasiya sistemində kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işin in apelyasiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz əsassızdır. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum əsas işinin kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı olan sahə olmasına düzgün hüquqi qiymət verilməmişdir. Çünki təqsirləndirilən şəxsin yeganə qazanc əldə edə biləcəyi, ali təhsilli şəxs kimi işləyə biləcəyi, o cümlədən ailəsini dolandıracağı sahə məhz kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı olan sahədir. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, hab elə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Məhkum törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının və yaşlı, xəstə valideynlərinin (anasının 2-ci qrup əlil olmasını) olmasını, ailədə y eganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ona qarşı mülki iddia və ya digər hər hansı bir tələbin olmamasını, iki nəfər şəxsə ümumilikdə 7.000 manat məbləğində pul vəsaitinin könüllü şəkildə ödəməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Lakin CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən ayrı-ayrı halları və bu cür halların məcmusunu CM-in 62.1-ci maddəsində göstərilən müstəsna hal hesab etməmişdir. Halbuki, həmin hallar müstəsna hal hesab edilməklə yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilərdi. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxsə əlavə cəzanın təyin edilməsi onu yeganə dolanacaq yerindən məhrum etməkdədir. Bundan başqa, təqsirləndirilən ş əxsə təyin edilmiş 6.000 (altı min) cərimə cəzası ən son həddə təyin olunmaqla, onun maddi vəziyyətini daha ağırlaşdırmaqdadır. Belə ki, təqsirləndirilən şəxs işləməlidir ki, ona təyin edilmiş cərimə cəzasını icra edə bilsin. Lakin, məhkəmə bir tərəfdən təqsirləndirilən şəxsi öz sahəsindən işləmək hüququndan məhrum etməklə, digər tərəfdən isə ona ən son həddə cərimə cəzası təyin etmişdir. Müdafiəçi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş 6.000 (altı min) manat cərimə cəzası və ona təyin edilmiş əlavə cəza CM-in 41-ci maddəsinə əsasən cəzanın məqsədinə uyğun deyildir. Odur ki, CM-in 62-ci maddəsi təqsirləndirilən şəxsə tətbiq olunmalı ona təyin edilmiş əlavə cəzadan azad edilməli, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməlidir. Hökmün iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsinin depozit hesabında saxlanılan Məhkum yaşadığı mənzildən aşkar edilərək götürülmüş 136.040 manat və 20.550 ABŞ dolları məbləğində pul vəsaitinin dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsi isə tamamilə qanunsuz və əsassız olmuşdur. Ona görə ki, məhkəmə elə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunaraq götürülən məbləğin hamısı cinayət yolu ilə əldə edilmişdir, həmin səbəblə də 136.040 manat və 20.550 ABŞ dolları məbləğində pul vəsaiti müsadirə edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs həmin məbləğdən bir qismini artıq qaytarmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələb daxil olmamışdır. Təqsirləndirilən şəxs işləməklə əmək haqqı alır və o, g ələcəkdə özünə ev almaq üçün topladığı 80.000 manat pul vəsaiti də maddi sübut kimi tanınmış və müsadirə olunmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum və onun müdafiəçisi ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum və onun müdafiəçisi tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəslərini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 13 iyun 2024cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2384/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2384/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver