Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2392/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-272/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qəra rı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 avqust 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 sentyabr 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş in faktiki hallarına görə, Məhkum satış məqsədi ilə ümumi çəkisi 1.143,89 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 2,880 qram külli miqdarda psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib, qurudulmuş marixuananın 43,89 qramını bir ədəd polietilen bükümdə əynindəki gödəkçənin sol yan cibində, 1.100,0 qramını üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada ünvan 2 ünvanında yerləşən yaşadığı evin zirzəmisində, 2,880 qram çəkidə metamfetamini bir ədəd sellofan kəsiyi bükümündə, eləcə də təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadonu isə bir ədəd konvalyutda 09 ədəd həb formasında əynindəki şalvarın sol yan cibində saxlayaraq daşımış, 24 noyabr 2023-cü il tarixdə, saat 21:50 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sabirabad şəhəri S.Vurğun küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 43,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol iç cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan, qeyd olunan narkotik vasitə və psixotrop maddələrin satışı zamanı çəkilərinin müəyyən edilməsində istifadə olunan 01 ədəd elektron tərəzi, əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,880 qram olan psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadon, həmin tədbirlərin davamı olaraq, 24 noyabr 2023-cü il tarixdə, saat 23:15 dəqiqədə yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, zirzəmidə torpağa basdırılmış, üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torbada təmiz çəkisi 1.100,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-672/2024 nömrəli, 06 noyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-272/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-672/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya m üraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum hər hansı dəlillər irəli sürmədən, himayəsində azyaşlı övladının olmasını, özünün birinci qrup əlil olmasını nəzərə alaraq işinə ədalətli baxılması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxışı zamanı isə tələbini dəqiqləşdirərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qü vvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqəl əndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-272/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Az ərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətin ə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkum daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası məhkəmələrin məhkuma cəza təyin edilməsi ilə bağlı müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, hazırda mübahisəsi edilən məhkəmə aktı bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
23. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tut ulmuşdur.
24. Baxılan cinayət işinin materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində - 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
25. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
26. Məhkum daha yüngül cəzanın təyin edil məsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyini razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.
27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməs i üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-272/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarı dəyi şdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-272/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.