Məhkəmə qərarları › İş №1(102)-241/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-241/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-241/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən), Faiq Qəniyev və Səbuhi Hüseynov) 1(101)-107/2022 nömrəli, 10 may 2022-ci il tarixli hökmü ilə 16 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məşhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü hesabı ilə hesablanmaqla hazırkı cinayət üzrə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq Məhkum 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 15 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 3,2 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış, 16 yanvar 2021-ci il tarixdə saat 02:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 3,2 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Vaqif Mursaqulov və Azad İmanov) 1(103)-1257/2022 nömrəli 14 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum daimi nə rəsmi, nə də qeyri-rəsmi hər hansı bir işlə məşğul deyil. Hazırda Azərbaycanda minimum əmək haqqı 300 manat təşkil olunduğu halda, daimi işləmədiyi və başqa qazancın olmadığı halda Məhkum heroini 60 manat pula alarkən, minimum əmək haqqının 20% təş kil edən məbləğin sərf etməsi onun heroini məhz satmaq məqsədi ilə aldığını bir daha dəlalət edir. Bundan başqa, Məhkum ifadələrində qeyd etmişdir ki, həmin 3,2 qram heroini tutulmamışdan 1 gün əvvəl Əli adlı şəxsdən almışdır. Belə olan halda külli miqdarının təxminən 2 dəfədən çox təşkil edən heroin maddəsini daimi üzərində saxlaması satış məqsədini bir daha dəlalət edir. Göründüyü kimi, məhkəmələr Məhkum əməlini CM-in ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdar təşkil etməsini, bu halın özözlüyündə onun tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsini n səbəblərini nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında əsaslandırmamışlar Bununla da, məhkəmələr iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməs i yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə et mə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən na məlum vaxtda və şəraitdə qanunsuz olaraq 3,2 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübu tlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İstintaq orqanı Məhkum onda aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilməsini və saxlamasını təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmiş, məhkəmə iclasında da cinayət əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 3,2 qram miqdarında narkotik vasitə olan heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşı ması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin çəkilib xırda bağlamalara bükülməmiş, yalnız bir bükümdə olmuş, narkotik vasitə olan heroinin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, Məhkum narkotik vasitə olan heroini öz istifadəsi üçün almasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 məhkəm ədə verilən suallara cavab olaraq ifadələrində bildirmişdir ki, Məhkum narkotik vasitənin əldə edilməsi və saxlanması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkumda aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (3,2 qram) həmin narkotik vasitənin maddənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan R espublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən i ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respu blikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəy ə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırıl ması cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instan siyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 4 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar