Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2417/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023cü il tarixli, 1(108)-11/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(110)-3/2023 nömrəli hökmü ilə (hakim: S.Ə.Qarayev) xx.xx. il tarixdə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, barəsində məhkəmənin hökmü ilə həbs növündə qətimkan tədbiri seçilmiş, xxxx qeydiyyatda olan və yaşayan Məhkum2 və xx.xx. il tarixdə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilmiş, xxxxxxx qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, hər birisi 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 və Məhkum2 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək tutulduqları 2 (iki) gün müddət, onlara təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onların üzərilərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, cəzaçəkmə müddətinin əvvəlinin hökm çıxarıldığı vaxtdan, yəni 19 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum2, Məhkum1 və onun müdafiəçisi Əliyev Azər Musa oğlu ayrı ayrılıqda apellyasiya şik ayətləri vermişlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ə.N.Novruzov (sədrlik edən), F.M.Abbasov və S.Ş.Beyləri) Məhkum2 apellyasiya şikayəti qismən təmin, Məhkum1 və onun müdafiəçisi Əliyev Azər Musa oğlunun apellyasiya şikayətləri təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətləri münasibətdə dəyişdirilmiş, Məhkum2 hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 2 (iki) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılma cəzası ilə, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 1 (bir) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən sa xlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 20 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını talamaq məqsədilə ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan "X10” MMC-nin strukturna daxil olan X12 sexinə qanunsuz daxil olaraq orada olan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 01 ədəd elektrik tənzimləyicinin mis metaldan ibarət hissələrini sökərək gizli yolla talayıb ümumilikdə sözügedən MMC-yə 1910.00 (bi r min doqquz yüz on) manat maddi ziyan vurmuş, bununla da Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum1 məsuliyyətini yüngülləşdirən halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını başqa cəza növü ilə əvəz etməklə məhkumların şəxsiyyətlərinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya şikayətində göstər ilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstər ir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmədiyini, nəticədə məhkumlara məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən tör ədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa gö stərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsin ə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yü ngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəy işdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda, apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum2 və Məhkum1 təyin olunmuş cəzaları açıq-aydın yüngül hesab etmək üçün əsas vermədiyi müəyyən olunur. Belə ki, Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırı lması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin maddənin sanksiyasında aşağı həddi 2 il olmaqla yuxarı həddi isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası (1 ildən 3 ilədək müddətə) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 CM-177.2.1 və 177.2.3cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası seçilməklə, həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilmişdir. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən onların ilk dəfə olaraq cinayət əməli törətmələri, törətdikləri cinayət əməllərini etiraf etmələri, əməllərindən peşman olmalar ı, vurulmuş ziyanı tamamilə ödəmələri, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmələri ilə yanaşı, birinci instansiya məhkəməsində nəzərə alınmamış digər halları o cümlədən Məhkum1 müddətsiz İİİ dərəcəli əli olmasını, sonuncunun atası X9 İİ qrup əlil olmasını, həmçinin digər Məhkum2 atası X7 İ dərəcə əlil olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təkidlə onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi ilə bağlı xahişini əlavə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və nəticə olaraq adı çəkilən şəxslərin cəzasını yüngülləşdirməklə, cəza növünün dəyişdirilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidd olmamaqla, göstərilən yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həmdə birlikdə götürülməklə nəzərə alındıqda, ağlabatanlıqla cəzanın növünün və müddətinin müəyyən edilməsinə təsiri olan yüngülləşdirici hallar kimi çıxış edilər. Belə ki, qeyd olunan hallardan “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi” Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsində, “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması” Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfindən mütləq şəkildə qəbul edilməli olan cəzanı yüngülləşdirən hallardır. Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmış digər yüngülləşdirici hallar isə Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməsə də, Cinay ət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verilən hallardır. Cəzanın yüngülləşdirilməsi barədə nəticəyə gələrkən apellyasiya məhkəməsinin nəzərə aldığı, yuxarıda şərh edilən hallar müvafiq və yolverilənliyi təkzib edilməyən subutlara əsaslanır. Bu səbəbdən apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairə sinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda Məhkum2 və Məhkum1 apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58. 3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416. 1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və Məhkum1 barəsində 07 iyul 2023-cü il tarixli, 1(108)-11/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı X3 tərəfindən verilmiş ka ssasiya protesti təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 1(108)- 11/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2417/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2417/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver