Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2428/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökm ündən dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs XX XX XX il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X” şirkətində böyük anbardar vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla X2 ünvanında yaşayır. 2. 13 oktyabr 2022-ci il tarixli ittiham aktına görə bəraət almış şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, 362100,00 manat (213000,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitindən 181050,00 manatını zərərçəkmiş şəxs 1 və 181050,00 manatını zərərçəkmiş şəxs 2, bundan başqa 61560,40 manat (36212,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitini isə zərərçəkmiş şəxs 1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 saylı qətnaməsinin icrasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1083/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 29 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 may 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. 3. 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə bəraət almış şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü ilə bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığı n məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə vəzifələr qoyulması hökm edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün dəyişdirilməsi və cəza həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Hökmdən həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 1 nümayəndəsi Hüseynzadə Vüqar Nadir oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və bəraət almış şəxsna azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1012/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti tam, zərərçəkmiş şəxs 1 nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum bəraət almış şəxs kassasiya şikayəti verib qərarın ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2418/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1012/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-73/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsi, bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli liyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya protestində qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə araşdırması dövründə müəyyən edilən və təsviri verilən hallarla bəraət almış şəxsnun ifadəsində irəli sürdüyü məhkəmə aktlarını icra etməməklə qərəzinin olmaması barədə dəlillər iş materialları ilə tam təkzib olunur. Tərəflərin borc münasibətləri cinayət işi başlanmamışdan 4 il əvvəl mövcud olmuş, həmin dövr ərzində onun tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı addımlar atılmamış, ziyandan ödəmə halları olmamışdır. Bəraət almış şəxs inzibati qayda da həbs edildikdən sonra icra şöbəsinin hesabına 6500 manat ödəniş etmiş, onun niyyəti borcun ödənilməsinə deyil, məsuliyyətdən yaxa qurtarmasına xidmət etmişdir. Pulun depozit hesaba köçürülməsindən sonra cinayət işi üzrə istintaq aparılmış, cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, barəsində 07 mart 2023-cü il tarixdə ittiham hökmü çıxarılmış və ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunan proseslər təxminən 1 il müddətində davam etmiş, həmin müddət ərzində də bəraət almış şəxs tərəfindən borcun ödənilməsi halları olmamışdır. Həbsdə cəza çəkərkən əmək haqqından 1018 manat tutulub tələbkar zərərçəkmiş şəxs 1 bank hesabına köçürülmüşdür. bəraət almış şəxs azadlıqda olarkən qətnamənin icra edilməsində heç zaman maraqlı olmamış, tərəflərlə hər hansı razı lığa gəlməyə çalışmamış, pulunun və qazancının olmaması bəhanəsi ilə qeyd olunan qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Lakin buna baxmayaraq həbs olunarkən ödənilmiş məbləğlər onun məhkəmə qətnaməsini könüllü olaraq icra edilməsinə deyil, sadəcə məsuliyyətindən yaxa qurtarmaq, həbs edilməmək və ya barəsində yüngül cəza təyin edilməsinə xidmət göstərən üsul kimi istifadə edilməsinə yönəlmişdir. Məhkəmə bütün bunları tam obyektiv qiymətləndirməmiş, nəticədə qətnamənin icra edilməsində bəraət almış şəxsun qərəzli olmaması qənaətinə gəlmişdir. Sonradan məhkəmə baxışında ödənilmiş məbləğlər məhkəmə tərəfindən qətnamənin qərəzli olaraq icra edilib-edilməməsi hissəsində deyil, cəza təyini zamanı nəzərə alınmalı idi. Bununla da məhkəmə sadalanan sübutlara əhəmiyyət verməyərək, bəraət a lmış şəxsun məqsədyönlü və tutarlı dəlillər gətirmədən özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla sonuncuya əsassız olaraq bəraət vermişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bun dan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktı n baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi və bunun nəticəsi olaraq bəraət almış şəxsna əsassız olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə bəraət verildiyi iddia edilir, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirilmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanu nunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əla qəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlillərini əsaslı hesab edir.
24. Belə ki, cinayət işinin materiallarında olan Ali Məhkəmənin 1(102)-2418/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarının ləğvini işin düzgün həlli üçün əhəmiyyətli sübutların tədqiqindən imtina edildiyi, qanuni qüvvəyə minmiş qətnamənin icrası mərhələsində bəraət almış şəxsnun maddi vəziyyətində hər hansı dəyişikliyin ba ş verib-verməməsi, ümumiyyətlə icra məmurları tərəfindən ona borcla bağlı ödənişlərin edilməsi üçün şəraitin yaradılması və bu istiqamətdə hər hansı hərəkət edilməsinin məhkəmələr tərəfindən kifayət qədər araşdırılmadığı, apellyasiya baxışında işə məhkəmə istintaqı aparılmadan və yeni sübutlar tələb edilmədən baxıldığı, yaranmış şübhələrin aradan qaldırılmağı əsas götürülmüş, bu əsaslarla qərar ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilsə də, iş materiallarından görünür ki, Ali Məhkəmənin əvvəlki qərarında təsviri verilən məsələlər tam həll edilməmiş, kifayət qədər dolğun və obyektiv araşdırma aparılmadan bəraət almış şəxsnun təqsirsiz olm asına dair nəticə verilmişdir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsnun təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər olmadığını, sübutlar üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyət və şübhələrin mövcud olduğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olduğunu və uzlaşmadığı qənaətinə gəlib, bəraət almış şəxsin ziddiyyətli və uzlaşmayan sübutlar əsasında cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsinin cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan təminatları n pozulmasına səbəb olduğu əsası ilə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlsə də, lakin konkret hansı sübutlar arasında nə kimi ziddiyyətlərin mövcud olduğunu hər hansı formada izah etməmiş, istinad etdiyi prosessual sənədlərdən məhz hansında natamamlıq olduğunu və həmin sübutların digər sübutlarla uzlaşmadığını əsaslandırmamış, öz qənaətini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.
27. Bundan əlavə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilsə də, lakin apellyasiya instansiyası məhkəməsi yalnız icra məmurunun məhkəmə iclasında şahid qismində dindirilməsi ilə kifayətlənmiş, işin tam və obyektiv araşdırılması ilə bağlı lazımi digər hərəkətlərin edilməsini təmin etməmişdir.
28. Yeni apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasının protokollarına nəzər yetirdikdə müəyyən edilir ki, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclaslarında bəraət almış şəxsnun mülkiyyətində xüsusi deyil, ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlakların olub-olmamasının müəyyən edilməsi barədə vəsatət versə də, həmin vəsatət baxılmamış saxlanılmış, daha sonra isə iş materiallarında bəraət almış şəxsin mülkiyyətində olan əmlaklar barədə məlumatların mövcud olması barədə əsasla təmin edilməmişdir. Halbuki vəsatətdə qaldırılan məsələyə aid hissədə cinayət işinin materiallarında olan sübutların dairəsi qeyd edilən halların müəyyən edilməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verən həcmdə olmamışdır.
29. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparılmasını təmin etmədən bəraət almış şəxsnda tələbin yönəldilməsi mümkün olan əmlakının və ya pul vəsaitinin aşkar olunmadığı, onun tərəfindən belə əmlakın və ya pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi hallarının müəyyən olunmadığı barədə əsaslandırılmamış nəticəyə gəlmişdir.
30. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
31. Azərbaycan Respublikası CPM-nin 8.0 və 8.0.3-cü maddələrinin ümumi məzmunu ilə də cinayət təqibinə aid bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırması cinayət mühakimə icraatının vəzifələrinə daxil edilmişdir.
32. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, həqiqətin müəyyənləşdirilməsi ədalət müha kiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 may 2009cu il).
33. Məhkəmə kollegiyası həmçini n qeyd edir ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPMnin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
34. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayətmühakimə icraatını aparan orqa nlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
35. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
36. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmə dən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
37. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə istinadla vurğulayır ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun Qərarı, 12 aprel 2017-ci il).
38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən hökmü sübutlar və sübutetməyə dair yuxarıda istinad edilən normalarla müqayisə edilməklə yoxlanıldıqda, həmin məhkəmə aktının təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab vermədiyi müəyyən olunur.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb ed ən Cinayət-Prosessual Məcəllənin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
40. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 1(103)-634/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına edilsin.