Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2433/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qəra rından Məhkum müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1987-ci il tarixdə Xaçmaz rayonunun Çinartala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çinartala kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 noyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 may 2023-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Çinartala kəndi ərazisində olmaqla həmin kənddən qərb istiqamətində 100 metr aralı məsafədə yerləşən özünə məxsus həyətyanı torpaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin ətrafında olan ağac budaqlarından çəkilmiş çəpəri yandırması ilə bağlı aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə Zərərçəkmiş şəxs sağ qoluna, ayağı ilə isə sol dizinə qəsdən vurmaqla sonuncuya sağ əl nahiyəsinin hematoması və sol diz oynağı nahiyəsinin qançırı xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb oan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.
5. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-35/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə məhdudiyyətlər və əlavə vəzifələrin qoyulması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın təsdiqini tapmadığı və sübuta yetirilmədiyinə görə ona bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-35/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Abbasov Murtu zəli Aydın oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilir ki, ibtidai istintaq dövründə işə obyektiv və hərtərəfli yanaşılmamış, keçirilmiş tibbi ekspertiza natamam olmuşdur. Məhkum ifadəsinə məhkəmə tərəfindən qiymət verilməmiş, əksinə iş üzrə obyektiv və qərəzsiz ifadə verən şahidlər barəsində xüsusi qərar çıxarılmışdır. Zərərçəkmiş şəxs barəsində olan məhkəmətibbi ekspertizasının rəyi əsassız olmaqla özü-özlüyündə şübhəlidir, kifayət qədər suallar və şübhələr yaratdığından yeni ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilsə də, yenidən verilmiş təkrar ekspertiza rəyi də şablon xarakter daşımışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nöm rəli, 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Zərərçəkmiş şəxs kassasiya şikayətinə qarşı etiraz verərək, Məhkum təqsirinin tam sübuta yetirildiyinin nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikas ı CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi Abbasov Murtuzəli Aydın oğlu kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416. 1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl in (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi nin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmamasına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkum müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat z amanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum edilmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmiş, onun özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi isə iş üzrə toplanmış sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli kimi qiymətləndirmişdir.
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçiri lmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyas ı tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-402/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.