Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2434/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə, xx xxxxx ildə Mingəçevir şəhərində doğulmuş, subay, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, xxxx qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 1(107)-223/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(091)-94/2022 saylı hökmü ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Nahid Mirzəyev və Bilal Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı nın şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2021-ci il tarixdən hesablamışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.Ş.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Şəki Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə daxil olmuş 04 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, cinayət işinin Ali Məhkəməyə göndərilməsi üçün əsas Məhkum Şəki Apellyasiya Məhkəməsinın 17 avqust 2022-ci il tarixli qərarından vermiş olduğu kassasiya şikayəti ilə bağlı olmuşdur. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 1(107)-223/2022 nömrəli qərarından verilmiş kassasiya şikayətinə baxılması 28 noyabr 2023-cü il tarixə saat 12:05-ə təyin olunmuşdur. Şəki Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə 01 noyabr 2023-cü il tarixində daxil olmuş 1(107)-223/2022 nömrəli məktubda Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən kassasiya şikayəti verildiyi və verilmiş kassasiya şikayəti ilə əlaqədar CPM-in 412-ci maddəsinin tələblərini yerinə yetirməsi üçün cinayət işini məhkəməyə göndərilməsini istənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 412.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası m əhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu maddədə göstərilən hər üç halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxs lər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanmış qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun kassasiya şikayətinin mümkünlüyü məsələsi araşdırılması, o cümlədən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılıb buraxılmamasına qiymət verilməsi məqsədi ilə cinayət işi Şəki Apellyasiya Məhkəməsində araşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 418.3-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 411-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, göstərilənləri yekunlaşdıraraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından məhkumun müdafiəçi Məmmə dov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 410 - 412-ci maddələrinin tələblərinin yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli, 1(107)-223/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2434/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2434/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver