Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2463/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1832/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 17 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 03 may 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girmiş, 17 yanvar 2023-cü il tarixdə “Bolt” taksi şirkətində sürücü işləyən Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı, **-PK-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinə müştəri qismində əyləşərək, Zərərçəkmiş şəxs1 avtomobili sifariş verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən uzaqlaşdırıb, kənara sürməsini tələb etmiş, həmin tarixdə saat 20:15-də ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Qaradağ rayon şöbəsinin qarşısında olarkən avtomobilin saxlamasını və mühərrikini söndürməsini tələb etmişdir. Sonra özü qabağa əyilərək avtomobilin açarını üzərindən çıxararaq mühərriki söndürmüş və 100 (yüz) manat məbləğdə pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 pulu olmadığını bildirdikdən sonra sonuncuya məxsus 01 ədəd 80 (səksən) manat dəyərində “Samsung” markalı “Galaxy J 3” modelli mobil telefonu, üzərində olan 05 (beş) manat dəyərində “Azercell” mobil operatora aid ***-***-**-** nömrə sim kartı və 14 (on dörd) manat dəyərində 8 GB yaddaşı olan kartı ilə birgə, gəldikləri yolun ödənişi olaraq vermədikləri 10 manat məbləğdə pulu talaması nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 cəmi 109 manat maddi ziyan vurmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə etməsi üçün qohumu Zərərçəkmiş şəxs2 Qəhraman oğlu tərəfindən verilmiş 01 ədəd 420 (dörd yüz iyirmi) manat dəyərində “RedMi 9” markalı mobil telefonu, həmin telefonun üz ərində olmuş 35 (otuz beş) manat dəyərində “Bakcell” mobil operatora aid ***-***-**-** və 10 (on) manat dəyərində “Azərfon” mobil operatora aid ***-***-**-** sim kartları, 20 (iyirmi) manat dəyərində ekran qoruyucusu və 30 (otuz) manat dəyərində 32 GB yaddaşı olan yaddaş kartı ilə birgə açıq yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 99 (doxsan doqquz) manat məbləğində və Zərərçəkmiş şəxs2 Qəhraman oğluna 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-185/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhk um edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə digər Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə minimal həddən də aşağı cəza təyin edilməsini xahiş etmişdir.
8. Hökmdən həmçinin digər Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib haqsız yerə cəza aldığını, hökmün ləğv edilməsi və barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1832/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-185/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş qərarından hazırda Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Onun ağır xəstə olması, himayəsində yaşlı və xəstə anasının olması nəzərə alınmamışdır. Buna görə ona təyin edil miş cəza müddətinin azaldılması və ya başqa cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apell yasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərba ycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1832/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyə ti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
24. Təsvir edilən maddi hüquq normaların məzmunun dan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.
25. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyə tinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
26. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə yanaşı həmin cəzanın başqa cəza növü ilə əvəz edilməsi barədə xahişi faktiki olaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini ehtiva edir ona görə ki, onun məhkum edildiyi Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından başqa cəza növü nəzərdə tutulmamışdır.
27. Məhkumun bu xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələ lərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CMnin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
28. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu hal ların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
29. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri bu hissədə baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddianın əsassız olduğu müəyyən edilir.
30. Məhkumun ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının orta həddindədir və maddi cinayət-hüquqi normalarına uyğundur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmiş, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlve rişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1832/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1832/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.