Məhkəmə qərarları › İş №1(102)-2487/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2487/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2487/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-386/2024 nömrəli, 08 fevral 2024-cü il ta rixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 03 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinay ət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum özgənin əmlakını talama məqsədi ilə 06 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Abşeron küçəsində yerləşən iki mərtəbəli yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olub sonra isə evə pəncərdən keçib içəridə 1-ci mərtəbədə qoyulmuş «Arges» markalı laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Abşeron küçəsində yerləşən iki mərtəbəli yaşayış evinin həyətinə daş hasarı aşmaqla qanunsuz daxil olub sonra isə evə pəncərdən keçib içəridə 1-ci mərtəbədən 20 manat dəyərində baltanı, 50 manat dəyərində 01 ədəd samovarı, 70 manat dəyərində 150 metrlik elektrik kabelini, 120 manat dəyərində kombi aparatı üçün nəzərdə tutulmuş elektrik tənzimləyicini, 2-ci mərtəbədə olan 110 manat dəyərində «Bosh» makalı dreli və 145 manat dəyərində elektrik mişarını, 440 manat dəyərində kombinin tənzimləyici kollektorunu, 895 manat dəyərində 3 top elektrik kabelini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1.850 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şirvanı küçəsində yerləşən yaşayış evinin həyətinin daş hasarı aşmaqla qanunsuz daxil olub həyətdən bir ədəd su nasosunu, fərdi evdən bir top elektrik naqillərini, fərdi evin divarına quraşdırılmış elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 413,522 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib bir hissəsini 410 qramını daşıyıb Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Pirin yanında olan qəbristanlıqda daş hasarın yanında daşın altında gizlədib saxlamış, digər hissəsi 3,522 qramını isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Pirin qarşısına qədər üzərində daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında müvafiq qaydada keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2022-ci il tarixdə, saat 23:20-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Pirin yanında olan qəbristanlığın qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarında təmiz çəkisi 3,522 qram olan çətənə bitkisində n kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Pirin yanında olan qəbristanlıqda daş hasarın yanında daşın altından qara rəngli sellofan paketin içərisində şəxsi istehlak miqdarında təmiz çəkisi 410 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən tamah niyyəti ilə Məhkum özgənin əmlakını talama məqsədi ilə istintaqa şəxsiyyəti məlum olmayan “Salman” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə edilən qəsdlə 30 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində, 31 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində, 04 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində və 06 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "xxxx" MMC-in ərazisinə hasardan keçməklə binaya qanunsuz daxil olub birinci mərtəbədə yerləşən sexdən 01 ədəd dəyəri 200 manat olan preferatoru, 01 ədəd dəyəri 75 manat olan laqondanı, 01 ədəd ümumi dəyəri 210 manat olan qara rəngli qutuda olan dreli və aksessuarlarını, 02 ədəd dreli, ümumi dəyəri 300 manat olan 02 top bağlı və 20 metr açıq vəziyyətdə olan elektrik kabellərini, 01 ədəd dəyəri 150 manat olan tərəzini və 01 ədəd dəyəri 80 manat olan qaynaq aparatını, 01 ədəd dəyəri 700 manat olan kompressoru gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə 1.960 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-495/2023 nömrəli, 28 noyabr 2023-cü il t arixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, cəzaya münasibətdə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-386/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-495/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli hökmü apelly asiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, törətdiyi əməldən peşmandır, oğurluq cinayətlərinə görə ondan bir heç bir şikayət yoxdur. Ailə vəziyyətini, yəni hər iki valideyninin ağır xəstə olduğunu, əməlini səmimi etiraf edib peşman olduğunu nəzərə alaraq, təyin edilmiş cəzanın qismən yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya sı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib daha yüngül cəza təyin e dilməsini xahiş edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-386/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, tö rədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəc əsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tə tbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. İstinad edilənlərə əsaslanmaqla Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şika yətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ü ç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

25. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, həmin cəzaları qismən toplamaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırı lıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-386/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərb aycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-386/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar