Məhkəmə qərarları › İş №1(102)-2511/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2511/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2511/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(006)145/2024 nömrəli (hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi) hökmü ilə xx.xx.1999-cu il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsin in xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, onun 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmi n hökmlə həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, Təqsirləndirilən şəxs2 isə həmin maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsində aidiyyəti olmadığından təqsirsiz hesab edilmiş və ona həmin maddələr üzrə bəraət verilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimli İbrahim Adil oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 6 may 2025-ci il tarixli 1(103)-972/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 18 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X8 və X10 ilə birlikdə ünvan 1 ünvanın qarşısında olan zaman həmin yerdən piyada keçən, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq həmin ərazidə yaşayan “x” adlı şəxsi tanıyıb-tanımadıqlarını soruşarkən guya bu şəxsi tanıdıqlarını bildirərək özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Zərərçəkmiş şəxsla səmimi ünsiyyət qurmaqla sonuncunu birlikdə çay içmək adı ilə həmin ünvanda yerləşən “Meduza” adlı çay evinə dəvət edib əyləşərək bir qədər söhbət etdikdən sonra aralarında olan rolların bölgüsünə əsasən o, Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə vurub sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun əlindəki 480 manat dəyərində “Redmi Note S11” markalı mobil telefonu dartıb götürərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs3 isə həmin mobil telefonu masanın üzərindən götürərək üzərindəki ***-***-**-** saylı GSM nömrəni çıxarıb Təqsirləndirilən şəxs1 məxsus “Nokia” markalı mobil telefona yerləşdirib həmi n mobil telefonu Zərərçəkmiş şəxs təqdim etdikdən sonra hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını açıq talamış və həmin günü “Redmi Note S11” markalı mobil telefonu birlikdə yaxınlıqda yerləşən telefon mağazasında satmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 480 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həbs olunduqdan sonra cinayətin isti izlərlə açılmasına və istintaqın normal gedişinə yaxından köməklik göstərmişdir. Belə ki, əməlindən səmimi peşmançılıq hissi keçirmiş, əməlinin cinayət qanunvericiliyinin müvafiq maddələri düzgün tövsif edildiyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam olaraq aradan qaldırdığını nəzərə alaraq, təyin edilmiş cəza müddətinin aşağı həddinin müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarının dəyişdirilərək, təyin edilmiş cəzanın aşağı həddinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ona verilən cəzanın ağır olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası m əhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciə ti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfi ndən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticən i vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngüll əşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngüllə şdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Məhkum əvvəllər iki dəfə məhkum edilmiş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177. 2.3-cü maddələri üzrə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələ ri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəyə görə az ağ ır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (zərərçəkmiş şəxslə barışıq əldə olunması) və ağırlaşdıran (əməlində cin ayətin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli (residivinin olmasını nəzərə aldıqda minimum həddə) cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün n əzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2. 4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar