Məhkəmə qərarları › İş №1(102)-2516/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2516/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2516/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)1615/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Aşağİ Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən verilmiş itt ihama əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,596 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki göy rəngl i cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə külli miqdarda - 5,596 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X4 və X3 ibarət məhkəmə tərkibində) 13 iyun 2023-cü il tarixli, 1(101)-1207/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 30 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkum olunmuş Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(101)-1207/2023 nömrəli hökmünün dəyişdirilməsini və daha az cəzanın təyin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət məhkəmə tərkibində) 10 avqust 2023-cü il tarixli, 1(103)1615/2023 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(101)-1207/2023 saylı h ökmünün məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)-1615/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətlərinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (ailə vəziyyəti, ilk məhkumluğunun olması və.s) sadalanaraq, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)1615/2023 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərard an dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağı rlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)-1615/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdi rən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddəl ərinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(101)-1 207/2023 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edil məmişdir) və yüngülləşdirən hallar (CM-in 59.1.4-cü maddəsinə əsasən Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

27. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələ ndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyas iya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Qeyd olunanlar m əhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)1615/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli, 1(103)-1615/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar