Məhkəmə qərarları › İş №1(102)-2518/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2518/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2518/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublik ası CM-in və ya CM-in) 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)315/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgəni n əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək 11 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ət kəsimi mağazasının yaxınlığında 1650 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1650 (min altı yüz əlli) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs1 vasitəsilə 15 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ət kəsimi mağazasının yaxınlığında 1100 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 (min yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vədlər verərək qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə 26 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ət kəsimi mağazasında 3000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 (üç min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X2) 16 noyabr 2023-cü il tarixli, 1(010)-100/2023 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(010)-320/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın çəkilməsinin Məhkum ciddi rejimli cəza çəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 may 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(010)100/2023 nömrəli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protesti verərək, Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və onun əməlinin CM-in 178.1-ci maddəsinə tövsif olunaraq cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət məhkəmə tərkibində) 14 fevral 2024-cü il tarixli, 1(103)315/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM-in 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(010)-100/2023 nömrəli hökmünün ləğv edilməsi, Məhkum təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq xitam verilməsi qərara alınmışdır.

8. Qərardan apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, işin hallarından göründüyü kimi, Məhkum cinayət əməllərini birinci epizod üzrə 11 noyabr 2021-ci il tarixdə, ikinci epizod üzrə 15 noyabr 2021-ci il tarixdə, üçüncü epizod üzrə isə 26 noyabr 2021-ci il tarixdə törətmişdir. Göründüyü kimi, hazırkı iş üzrə hökm çıxarılarkən Məhkum ilk iki epi zodu üzrə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmiş və məhkəmə istintaqında o, özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Ona görə də, Məhkum hər üç epizod üzrə vurduğu ziyan ayrı-ayrılıqda beş min manatdan artıq olmayan məbləğ olduğundan və ilk iki epizod üzrə hökm çıxarılarkən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onun əməli CM-in 178.1-ci maddəsi ilə tövsif edilməli idi. Lakin məhkəmə hökm çıxararkən iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsinə baxmayaraq, ona həmin cinayət əməllərinə görə də cəza təyin etmiş, həmçinin üçüncü epizod üzrə hökm qanuni qüvvəyə minənə qədər cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçəcəyini nəzərə almamışdır. Dövlət ittihamçısı kassasiya prote stində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əsaslandıraraq həmin normalara əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-315/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər.

10. Kassasiya protetsinə qarşı etiraz verilməmişdir.

11. Qərardan məhkum verilməmişdir. və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 kassasiya protestinin təmin edilməsinə etirazının olmadığını bildirdi.

13. Kassasiya icra atı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyə n edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-315/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Belə ki, cinayət işi materialları ilə müəyyən edilir ki, Məhkum cinayət əməllərini birinci epizod üzrə 11 noyabr 2021-ci il tarixdə, ikinci epizod üzrə 15 noyabr 2021-ci il tarixdə, üçüncü epizod üzrə isə 26 noyabr 2021-ci il tarixdə törətmişdir.

21. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. CM-in 177 -ci maddəsinin “Qeyd” hissəsinə əsasən, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.

23. CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.

24. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinay ətin təkrar törədilməsi hesab edilmir.

25. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

26. CM-in 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

27. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət m üstəqil hesablanır.

28. CM-in 178.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 2 il müəyyən edildiyindən, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.

29. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

30. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. cinayət

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdə n həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir.

32. Eyni zamanda qeyd edilir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır.

33. Qeyd edilən normaların cinayət işinə faktiki tətbiqi onu deməyə əsas verir ki, hər üç epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayətlərin çoxluğu elementinin olmasını istisna etdiyindən, şəxsin əməlində ağırlaşdırıcı tərkib əlaməti kimi təkrarlığın olması da istisna edilir.

34. Bununla da, onun əməllərini CM-in 178.2.2-ci maddəsi üzərindən tövsif edilərək, cinayət işi üzrə icraata CPM-in 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq xitam verilməsi məntiqli hesab edilə bilməz. Çünki onun əməlində CM-in 178.2.2-ci maddəsinin tərkibinin olması qəbul edilirsə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi az ağır cinayətlərə uyğun hesablanmalı idi.

35. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fev ral 2024-cü il tarixli, 1(103)-315/2024 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilməli, təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və hər üç epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)-315/2024 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq xitam verilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar