Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2534/2025 21.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 1(008)43/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim S.M.Məmmədli) Məhkum (xx xxxx 1985-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublkasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)888/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə qəti olaraq 10000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(001)-11/2022 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4, 310, 32.4,312.1-ci maddələri ilə Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən 15000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamı ş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 14 oktyabr 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 11 gün ona təyin olunan cəzadan çıxılaraq üzərində 1 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum təyin olunmuş 1 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli, 1(001)-11/2022 nömrəli hökmü ilə təyin edilmiş 15000 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 1 ay 19 gün müddətə azadlıqdan məhrum etmə v ə 15000 manat məbləğində cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 10 yanvar 2025-ci il tarixdən hesablanması, habelə maddi sübut kimi tanınmış “XXX15” markalı mobil telefonun danışıq kartı ilə birlikdə müsadirə edilməklə dövlət nəfinə alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il t arixli, 1(008)-43/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum həbsdə saxlanıldığı Penitensiar Xidmətin XXX12nda “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya sayılan - daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “XXX15” markalı, “xxxxx” modelli, “**********XXXX” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və həmin mobil telefondan daxilində olan danışıq kartı vasitəsi ilə anası Şahid4 nın istifadəsində olan ***-***-**-** saylı, arvadı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə və ailə üzvlərinin yaşadıqları ünvana məxsus ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 6 mart 2024-cü il tarixdə saat 11:10 radələrində təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 5 saylı rejim korpusunun 25 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman yataq çarpayısının üzərindəki döşəyin altından gizlədilmiş vəziyyətdə həmin daxilində danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli hökmü çıxarılanadək həbsdə olduğu müddət hazırki iş üzrə cinayət hadisəsinin baş verdiyi (XXX12nda üzərində saxladığı mobil telefon aşkarlana raq götürüldüyü) tarixin 6 mart 2024-cü il olması, bu əmələ görə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə 12 sentyabr 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həmin dövrlərdə isə ibtidai istintaqı aparılan başqa - Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qətimkan tədbirinin seçilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 4 fevral 2023-cü il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınmaqla hesablanmalı olduğu və belə olan təqdirdə həbsdə olduğu müddətin Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından da (3 aydan) artıq müddət təşkil etdiyi halda, 10 yanvar 2025-ci il tarixli hökmdə düzgün hesablanmamış, yəni cəmi 1 ay 11 gün olaraq (Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə 14 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etməsindən həmin qərarın həbsin seçilməsinə dair müddəasının başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınaraq ləğv edildiyi 25 noyabr 2024-cü il tarixinədək olan müddət) müəyyən edilmiş və bu müddət cəzadan çıxılaraq onun üzərində 1 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza müddətinin başlanğıcı da hökmün çıxarıldığı 10 yanvar 2025-ci ildən hesablanmışdır. Kassasiya şikayətinin digər dəlili isə odur ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübut kimi götürülmüş əşyalar qanuni sahibinə qaytarılmalı və o, istintaq təcridxanasında ondan götürülmüş mobil telefonu öz vəsaiti hesabına əldə etməklə telefon un qanuni sahibi olduğu halda, Sabunçu Rayon Məhkəməsi 10 yanvar 2025-ci il tarixli hökmlə mobil telefonu müsadirə etmişdir. Qeyd olunan nöqsanlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni qanun pozuntularına yol vermişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarının ləğv edilərək, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə həbsdə saxlanıldığı və çəkdyi cəza müddətinin düzgün hesablanmasına, habelə maddi sübut kimi götürülmüş mobil telefonunun özünə qaytarılmasına dair yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3172.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə həbsdə saxlanıldığı və çəkdyi cəza müddətlərinin yenidən hesablanması, habelə maddi sübut kimi götürülmüş mobil telefonun özünə qaytarılması barədə tələblər irəli sürməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini ehtiva edən tələblərini məhkəmələr tərəfindən həmin məsələlərə həsr olunmuş cinayət və cinayət-prosessual normala rın pozuntularına yol vermələri ilə əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, isla h işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsi təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsini əks etdirməlidir. İstinad edilən cinayət-hüquqi və cinayət-prosessual normalarda “hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti”, “ibtidai həbs müddəti” dedikdə, təqsirləndirilən şəxsin məhz baxılan iş üzrə qətimkan tədbiri qismində həbsdə olduğu müddət (şübhəli şəxs qismində faktiki tutulduğu müddət də daxil olmaqla) ehtiva olunur. Hazırki (Cinayət Məcəlləsinin 317-2.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair) cinayət işi üzrə çıxarılmış müstəntiqin 5 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Məhkum barəsində həmin dövrdə ibtidai istintaqı aparılan başqa - Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin 4 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi və o, həmin qərara əsasən həbsdə saxlanıldığı üçün hazırki iş üzrə məhkəməyədək icraatda onun barəsində qətimkan tədbiri ümumiyyətlə seçilməmişdir. Məhkum Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olduqdan sonra Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının 14 oktyabr 2024-cü il ta rixli qərarı ilə Məhkum barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin həmin qərarın çıxarılmasından 1 ay 11 gün sonra Sabunçu Rayon Məhkəməsi nəzərə alaraq ki, Məhkum başqa iş üzrə Binəqədi Rayon Məhkəməsinin 4 fevral 2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri qismində seçilmiş həbsi davam edir, hazırki (CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair) iş üzrə qətimkan tədbirinin tətbiqinə zərurət görməmiş və 25 noyabr 2024-cü il tarixli qərarı ilə hazırlıq iclasının qərarına əsasən seçilmiş həbs qətimkan tədbirini ləğv etmişdir. Qeyd olunan səbəblərdən Sabunçu Rayon Məhkəməsi 10 yanvar 2025-ci il tarixli hökmlə Məhkum Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilib 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun hazırki iş üzrə çıxarılmış qərarla ra əsasən həbsdə olduğu müddəti 1 ay 11 gün, çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətini isə 1 ay 19 gün hesablamaqla və bu cəzanın çəkilməsinin başlanğıcı kimi hökmün çıxarıldığı 10 yanavr 2025-ci il tarixini göstərməklə (həmin tarixdə məhkəmə yenidən Məhkum barəsində həbs qətimkan tədbiri seçmişdir), Cinayət Məcəlləsinin 69.3cü maddəsinin və Cinayət-Prosessual Məcəllənin 353.4.8-ci maddəsinin tələblərinə əməl etmiş, digər maddi və prosessual normaların pozuntularına da yol verməmişdir. Maddi sübut kimi götürülmüş Məhkum məxsus mobil telefonun (danışıq kartı ilə birlikdə) dövlət nəfinə alınmasının Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinə istinad olunmaqla kassasiya şikayətində mübahisələndirilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkum Cinayə t Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhz ona görə təqsirli bilinmişdir ki, o, istintaq təcridxanasında saxlanılan şəxs üçün qadağan olunmuş əşyanı – məlum olmayan mənbədən əldə etdiyi, yəni özünə məxsus mobil telefonu (danışıq kartı ilə birlikdə) istintaq təcridxanasında həbsdə olarkən üzərində saxlamış və onunla danışıqlar aparmışdır. Həmin telefon (danışıq kartı ilə birlikdə) götürüldükdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin cinayət təqibi başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlara həsr olunmuş 132-ci maddəsinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir (maddə 132.1.1). CPM-in 353.4.11-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısı əks etdirilməlidir. CM-in 99-1.1.1 və CPM-in 132.1.1-ci maddələrində “əmlakın qanuni sahibi” dedikdə, sahibi olduğu əmlakından istifadə edərək cinayət törətmiş şəxsin özü deyil, cinayətə aidiyyəti olmayan (iradəsindən kənar qanuni əmlakından cinayətin törədilməsi üçün istifadə olunmuş) digər şəx slər nəzərdə tutulur. Şəxsin özünə məxsuz əmlakdan alət və vasitə kimi istifadə edərək cinayət törətməsi həmin əmlakın xarakterini dəyişməklə (hətta leqal mənbəyi olduğu halda onu qanuni əmlakdan, artıq qanunilik keyfiyyətini itirmiş cinayətin alət və vasitəsinə çevirməklə), onun əmlakın qaytarılmasına haqqı olan qanuni sahib kimi qiymətləndirilməsini və belə şəxsə CM-in 99-1.1.1 və CPM-in 132.1.1-ci maddələrində mötərizələr içərisndə göstərilən müstəsna qaydaların şamil olunmasını istisna edir. Təsvir olunanlardan görünür ki, birinci instansiya məhkəməsi hökmlə cinayət işi üzrə maddi sübut kimi tanınmış Məhkum məxsus mobil telefonu (danışıq kartı ilə birlikdə) dövlət nəfinə müsadirə etməklə, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə də hökmü dəyişdirilmədən saxlamaqla hər hansı ma ddi və ya prosessual hüquq normasını pozmamışlar. Qeyd olunanlar məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan cinayət və cinayət-prosessual normaların pozuntularına yol verilmədiyini, bu şikayətin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün (CPM-in 416.1-ci maddəsində təsbit edilən) əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1( 103)-582/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2025-ci il tarixli, 1(103)-582/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2534/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2534/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver