Məhkəmə qərarları › İş №1(102)-2622/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2622/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2622/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli, 1(103)1531/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-601/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində çəkilməmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum müəyyən edilməyən şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd qara rəngli polietilen bağlamada külli miqdarda ümumi təmiz çəkisi – 3100 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin NMB-nin əməkdaş ları tərəfindən xx.xx.2023cü il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4tai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı 01 ədəd qara rəngli polietilen bağlamada ümumi təmiz çəkisi – 3100 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X9 və X2 ibarət məhkəmə tərkibində) 2 may 2024-cü il tarixli, 1(101)-1447/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)601/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 oktyabr 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 may 2024-cü il tarixli, 1(101)-1447/2024 nömrəli hökmünün dəyişdirilməsini və ona daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X3 iba rət məhkəmə tərkibində) 10 iyul 2024-cü il tarixli, 1(103)1531/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair xx.xx.2024-cü il tarixli, 1(101)-1447/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli, 1(103)1531/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nət icələrə istinadlar edilərək qeyd edilmişdir ki, onun barəsində cəza təyin edilərkən prosessual pozuntulara yol verilmiş, himayəsində bir azyaşlı övladının olması, himayəsində xəstə - qoca anasının olması, ailənin tək övladı olmaqla yeganə qazanc gətirəni olması nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, müraciətinin təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zam anı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində k assasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024cü il tarixli, 1(103)-1531/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkum un islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə da ha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xara kterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 may 2024-cü il tarixli, 1(101)-1447/2024 nömrəli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası olmaqla, CM-in 67.1 və 68.1-1-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza il ə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilmədi) və yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olması, özünü qismən təqsirli bilməsi və cavan olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosi al ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

27. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gə lmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası məhkumun və dövlət it tihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli, 1(103)-1531/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli, 1(103)-1531/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətd ə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar