Məhkəmə qərarları › İş №1(102)-2644/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2644/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2644/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 130-da qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4. 3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 1(105)-772/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Qasımov Əli Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(124)-95/2024 nömrəli hökmü ilə (hakimlər A.T.Rzayeva (sədrlik edən), H.S.Əliyev və F.Z.Hümbətov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıc ı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və müdafiəçisi Ələsgərli Fuad Ələsgər oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), R.Ə.Ağayev və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilmiş, o, Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxla nılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 12 oktyabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Elşən” adlı şəxslə “WhatsApp” proqram vasitəsilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Elşən” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 1065 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, Novxanı Bağları, Tofiq İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi evlərdən birinin yaxınlığına 01 (bir) ədəd sellofan bağlamada gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiyasını Məhkum istifadəsində olan mobil telefonda quraşdınlmış “WhatsApp” proqram təminatına göndərmiş, Məhkum isə sonuncunun təlimatı və şifarişi əsasında Sumqayıt şəhəri, Novxanı Bağları, Tofiq İsmayılov küçəsinə gedərək ayrıayn müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıyarkən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 12 oktyabr 2022-ci il tarixdə saat 20:20-də həmin ərazidə yerləşən fərdi evlərdən birinin yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədilə əldə edib sağ əlində 01 (bir) ədəd ağ rəngli sellofan bağlamada saxladığı təmiz çəkisi 1065 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda təsvir edilən külli miqdarda olan narkotik vasitənin məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsinin sübut olunmaması haqqında nəticəyə gəlib onu ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilib, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tə qsirli bilinməsinə dair müddəaları hökmdən xaric etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Qasımov Əli Nəsir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, iş üzrə əhəmiyyətli olan sübutlar məhkəmələr tərəfindən hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, məhkəmə baxışı ədalətin üzə çıxarılmasına deyil, ittihamda göstərilən narkotik vasitələrin Məhkum aid olmasını təsdiqləməyə yönəlmiş, nəticədə sonuncu törətmədiyi əmələ görə ağır cəzaya mə ruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ə.N.Qasımov kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yeti rilmədiyi halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının qanunili yini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, sonuncu barəsində olan cinayət işinin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrini əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil ed ilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış keçirilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5900 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6344 nömrəli rəyi, “Azercell MMC”-dən daxil olan diskə baxış keçirilməsi barədə 12 yanvar 2023-cü il tarixli protokolu (Məhkum istifadəsində olan nömrəyə narkotik vasitələrin satışı nı ehtiva edən “Qaqa denen onu dobru elesinde qardasimsan” kimi müxtəlif məzmunlu mesaj mətnlərinin olduğu müəyyən edilmişdir), maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin çıxardı ğı nəticəni, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhku mlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhk um Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 5 ildən olmaqla yuxarı həddi isə 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, baxılan işdə Məhkum himayəsində 2 azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi qənaətinə gələrək, ona həmin maddələr ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunan cəza həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddən, yəni 12 ildən 2 il 6 ay az, aşağı həddən isə, yəni 5 ildən 4 il 6 ay çoxdur. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəaları hökmdən xaric edərək, onun yalnız CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirli bilinməsini mümkün hesab etmişdir. Beləliklə, əməlin hüquqi tövsifinin yüngülləşdirilməsi tör ədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu halda, məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən daha ağır ictimai təhlükəli əmələ görə təyin edilmiş cəza ilə eyni həcmdə, yəni 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Kollegiyanın qənaətinə görə, Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə təqsirliliyinin istisna edilməsi ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın həcmində də öz əksini tapmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq, məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən daha ağır əmələ görə təyin edilmiş cəza ilə eyni həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, bu da cəzanın fərdiləşdiri lməsi və ədalətlilik prinsipləri ilə uzlaşmır. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halı, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cə zasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Qasımov Əli Nəsir oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 dekabr 2024cü il tarixli, 1(105)-772/2024 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) il 06 (altı) aya endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Qasımov Əli Nəsir oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 1(105)-772/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) il 06 (altı) aydan 08 (səkkiz) il 06 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar