Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-273/2025 06.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaqları olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum sat ış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 4,540 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə meiamletamin və 2.375 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamaqla daşımış və 04 sentyabr 2022-ci il tarixdə saat 03-də Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən "Aura" şadlıq sarayının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş orada videoçəkilişdə istifadə olunmaqla üzərində şəxsi axtarış və g ötürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,392 qram, 1,862 qram və 1,286 qram olmaqla, ümumi təmiz, çəkisi 4.540 qram ağ rəngli kristallik maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 2,375 qram qəhvəyi rəngli maddə kustar üsulla hazıranımş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X4 və X3 ibarət məhkəmə tərkibində) 25 dekabr 2023-cü il tarixli, 1(101)-893/2023 nömrəli hökmü ilə Məhkum 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum tutulduğu 04 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalndan həbs edilməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 25 dekabr 2023-cü il tarixdən hesablanması, Məhkum CM-in 93.1.2-ci maddəs inə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək hökmün ləğv edilərək ona elan olunmuş ittiham CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və barəsində həmin maddənin dispozisiyasına uyğun cəza təyin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 13 mart 2024-cü il tarixli, 1(103)673/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ver ilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi kassasiya şikayətlərinin dəlilləri qismində aşağı instansiya məhkəmələrinin gəldikləri nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ailəli olması, himayəsində iki azyaşlı övladının olması, xəstə anasının onun himayəsində olması, ona baxması, əvvəllər məhkum olmaması, ilk dəfə müdafiə etdiyi şəxsin hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsi onun barəsində CM-in 62-ci maddəsinin tətbiqi zərurətini yaratmışdır.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarını məhkuma cəza təyin edilməsinə dair hissədə dəyişdirilməklə, onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum müdafiəçisi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəflərindən verilmiş apellyasiya şikayəti əsası nda apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngü l cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların tələbi və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən, kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etm əklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum barəsində əməlinin daha yüngül maddəyə tövsif edilərək, ona daha yüngül cəzanın təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(101)893/2023 nömrəli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum barəsində iş üzrə mühüm əhə miyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır.
28. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın və əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməklə təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasına dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının çəkilməsinin təxirə salınmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasl arın olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli, 1(103)-673/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.