Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2794/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X1 ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29.120.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 30 iyul tarixli 1(103)-742/2025 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 24 yanvar tarixli 1(101)-681/2025 nömrəli hökmü ilə (hakimlər E.A.Nuriyev (sədrlik edən), A.H.Tağıyev və K.N.Muxtarov) Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesab lanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əlavəyə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 30 iyul tarixli 1(103)-742/2025 nömrəli hökmü ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), E.Z.Əliyev və Ə.İ.Məmmədov) apellyasiya şikayəti və ona əlavə təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 24 yanvar tarixli 1(101)-681/2025 nömrəli hökmü ləğv edilərək yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərd ə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 60.1 və 63.3-cü maddələrinə əsasən 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də hökmdə öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 30 iyul tarixli 1(103)-742/2025 nömrəli hökmündən məhkumun müdafiəçisi kassasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Məhkum əməlinin CM-in 29, 120.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibini ehtiva etmədiyi və onun belə bir cinayəti törətməsinin sübuta yetirilməməsi nəzərə alınaraq, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi vəya onun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyası çərçivəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 29,120.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 02 iyun 2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində olarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qisas məqsədilə qəsdən öldürmək niyyəti ilə yaşadığ ı evdən götürdüyü soyuq silah hesab edilməyən, dəstəyi qara rəngli plastik materialdan, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə tanışı - xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən boynun qançırı xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, toplanmış sübutlar təqsirləndirilən şəxsə elan edilmiş zərər çəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə ittihamı təsdiq etmir. Həmin sübutlar təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkəmənin hökmünə əsasən Məhkum Zərərçəkmiş şəxs sinə-ürək nahiyəsindən, yəni həyat i orqan yerləşən nahiyədən xəsarət yetirməsi faktı özlüyündə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürmək niyyətinin mövcudluğuna dəlalət etmir. Çünki, hadisə zamanı Məhkum qəbul etdiyi təxminən 500 qram spirtli içkinin təsiri ilə sağlam şüur, iradə, eləcə də davranış və hərəkət imkanlarından məhrum olduğundan, təqsirləndirilən şəxs əlində olan bıçağı zərərçəkmiş şəxsin ürək nahiyəsinə təsadüfi şəkildə səmtləndirərək sonuncuya xəsarət yetirmiş, həmin nahiyə zərər çəkmiş şəxsi öldürmək niyyəti ilə təqsirləndirilən şəxs tərəfindən qəsdən seçilməmişdir. Bundan əlavə, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin ayağa qalxaraq getməsinə mane olmaması, onun qəsdən adam öldürmə cinayətini başa çatdırmaq imkanına malik olması, lakin belə bir niyyətinin olmamasını bir daha təsdiq edir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, hadisə zamanı təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə, xüsusilə də həyat üçün ən mühüm təhlükə yarada biləcək daxili orqan olan ürəyə bıçaqla xəsarət yetirməsi təqsirləndirilən şəxsin qəsdinin zərər çəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəldiyini təsdiq edir. Məhkum ittiham edilən CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın zərər çəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini və yaxud arzu etməsə də, əməlinin bu ictimai təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, lakin ona şüurlu surətdə yol verməsini ehtiva edir. Kassasiya şikayət inin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu norması düzgün tətbiq edilməmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin real hallarına uyğun olmuş və Məhkum əməli CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, müdafiəçi hesab edir ki, iki nəfər sərxoş şəxsin mübahisəsi (dalaşması) nəticəsində bıçağın ürək istiqamətində vurulması əsla birbaşa kiminsə öldürmək niyyəti anlamına gələ bilməz. Bundan başqa qeyd etmək lazımdır ki, həmin bıçaq yarasının dərin olmaması (bu faktı öz ifadəsində apellyasiya məhkəməsində ekspert təsdiq etmişdir. O qeyd etmişdir ki, bıçaq bilavasitə ürəyi zədələmiş olsaydı, bir neçə dəqiqə ərzində Əlisakit dünyasını dəyişər və onu xilas etmək mümkün olmazdı) zərbənin təsadüfi nəticədə vurulması və adı çəkilən istiqamətdə qəsd olmadan tuşlanması olmuşdur. Bu qeyd edilənləri "ikinci" bıçaq yarasının Əlisakitin əynindəki şalvarda belə qan ləkələrinin olmaması təsdiq edir. Apellyasiya məhkəməsində şahid kimi dəvət edilib dindirilən Şahid Əlisakitlə Nağıya yaxınlaşanda onların heç birinin əlində bıçaq olmadığını və kimisə zorla aralaşdırmadığını bildirmişdir. O qeyd etmişdir ki, istintaq materiallarında qeyd olunan xüsusat, guya Əlisakit qaz kəmərinə sıxışib qalması tamamilə yalandır, çünki həmin ərazidə belə bir şey yoxdur. Məhkəmənin və vəkilin suallarına cavab olaraq bildirdi ki, Nağının istəyi və n iyyəti olsaydı, o Əlisakitə istədiyi qədər bıçaq zərbələri vura və öldürə bilərdi. Bu dediklərinə şahid əlavə olaraq bildirmişdir ki, o dalaşanlara yaxınlaşanda onlar artıq qarşılıqlı söyüşürdülər və Nağı evlərinə getməyə heç kim tərəfindən məcbur edilmədi, əksinə o təqib etmədən özü evlərinə getdi və Əlisakiti bıçaqla vurduğunu və hansı bədən nahiyəsindən vurduğunu belə bilmirdi və biləcək durumda deyildi (hər ikisi sərxoş idilər). Təəssüflər olsun ki, bu izahatlar apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş və apellyasiya instansiya məhkəməsi həmin şahid ifadələrinə tənqidi yanaşaraq ibtidai istintaq zamanı verilmiş ifadələri üstün götürərək qanunsuz qərar qəbul etmişdir. Halbuki, Avropa Məhkəməsinin “Erkapic Xorvatiyaya qarşı” işi üzrə 25 aprel 2013-cü il tar ixli qərarında göstərilmişdir ki, ədalətli məhkəmə araşdırılması anlayışı tələb edir ki, ibtidai araşdırmada verilmiş ifadə protokollarından daha çox məhkəmədə verilmiş ifadələrə üstünlük verilsin. İşin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuş, hadisə təsadüfi mübahisə zəminində baş vermişdir. Zərər çəkmiş şəxs zərbədən sonra sərbəst hərəkət etmiş, evinə gedə bilmişdir. Hadisənin şahidi belə bıçaq zərbəsini görməmişdir. Nə təqsirləndirilən şəxs, nə də zərər çəkmiş şəxs bıçağın necə dəyməsini dəqiq bilməmişdir. Bu hallar CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş birbaşa qəsdin mövcudluğunu inkar edir. Onun qəsdən adam öldürməyə cəhd etməsini təsdiq edən heç bir sübut yoxdur. Hüquqi məsələlər: Kassasiya instans iyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını is ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduğunu, o cümlədən məhkumun qəsdən adam öldürməyə cəhd etmə cinayətində təqsirli olması, onun əməlinin CM-in 29,120.1-ci maddəsi ilə tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyrimötəbər sübutlarla əsaslandırdığını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum CM-in 29,120.1-ci maddəsi ilə bəraət verilməsi və ya onun əməlinin CMin 126.1-ci maddəsi ilə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 30 iyul tarixli 1(103)-742/2025 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bil ər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda heç bir əsas olmadan, apellyasiya instansiya məhkəməsi tərəfindən qəsdən adam öldürməyə cəhd etmə kimi, yəni CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Məhkum orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yaşadığı evdən götürdüyü bıçaqla zərər çəkmiş Zərərçəkmiş şəxs 2 ədəd bıçaq zərbəsi (həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası) vurmuş və sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla razılaşmamış və məhkumun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etməklə həmin maddə ilə onu təqsirli bilmiş, lakin apellyasiya instansiya məhkəməsi istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşaraq onun əməlini CM -in 29,120.1-ci maddəsi ilə tövsif etmiş və onu həmin maddə ilə təqsirli bilmişdir. Müdafiə tərəfi hesab edir ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək istəməmişdir, ona görə də ona CM-in 29,120.1-ci maddəsi ilə bəraət verilməli və ya məhkumun əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs iki bıçaq zərbəsi vurması, zərbələrdən birinin zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan ürəyin yaralanması ilə müşayiət olunması məhkumun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübut edilir və bu halın həqiqiliyi məhk əmə kollegiyasında şübhə doğurmur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhd birbaşa qəsdlə törədilir. Cinayət məcəlləsinin müvafiq maddəsini təhlil etdikdə görə bilərik ki, qanunda cinayət etməyə cəhdə verilən tərif onun obyektiv və subyektiv əlamətlərinə əsaslanır. Cinayətə cəhdin obyektiv əlamətləri aşağıdakılardır: 1. hərəkət bilavasitə cinayət törətməyə yönəldilir. 2. əməlin başa çatmaması (nəticənin baş ve rməməsi). 3. qəsdin şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatmaması. Cinayətə cəhdin üçüncü obyektiv əlaməti olan qəsdin şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatmaması dedikdə, qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtinaya dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Əvvəla qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən Məhkum qarşı qəsdən adam öldürməyə cəhd etməsi ilə bağlı ittiham irəli sürülsə də, cinayətə cəhdin üçüncü obyektiv əlaməti, yəni qəsdin onun iradəsindən asılı olmayan hansı səbəbdən başa çatmaması istintaq orqanı tərəfindən müəyyən edilməmiş, bu hal ittihamda təsvir edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Resp ublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmalıdır. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. İş materiallarında isə Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək arzusunda olmasının mövcudluğunu təsdiq edən kifayət qədər sübutlar mövcud deyildir. İş üzrə t oplanmış sübutlar Məhkum Zərərçəkmiş şəxs öldürmək arzusunda olduğunu qəti şəkildə təsdiq etmir. Belə ki, cinayət işinin materiallarından aydın olur ki, hər iki şəxs əvvəldən bir-birini tanımış, onların mehriban münasibətləri olmuş, hətta hadisədən qısa müddət əvvəl onlar məhkumun yaşadığı evdə birlikdə yeyib içmişlər, hadisə baş verdikdən sonra isə Məhkum zərər çəkmiş şəxsə əlavə xəsarətlər yetirməklə qəsdən adam öldürmə cinayətini başa çatdırmaq imkanına malik olduğu halda, bunu etməmiş və zərər çəkmiş Zərərçəkmiş şəxs onun gözü qarşısında ayağa qalxaraq evinə getmişdir. Məhkum öz ifadəsində onun Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə bıçaqla vurmamasını göstərsə də, işin halları – hər iki şəxsin əvvəldən bir-birini tanıması və mehriban münasibətlərinin olması, hadisədən qısa müddət əvvəl onların birlikdə yeyib içib sərxoş vəziyyətdə olması, məhkumun zərərçəkmiş şəxsi öldürmək istəməsi ilə bağlı ciddi bir motivin olmaması, hadisə baş verdikdən sonra qəsdən adam öldürmə cinayətini başa çatdırmaq imkanına malik olduğu halda, zərər çəkmişin ayağa qalxaraq evinə getməsinə mane olmaması, bununla belə onun hadisə zamanı bıçaqla zərərçəkmiş şəxsin sinə-ürək nahiyəsindən xəsarət yetirməsi faktı, zərər çəkmiş şəxsin ölməsini arzu etməsə də, belə nəticənin baş verməsinə şüurlu surətdə yol verdiyini, bununla da dolayı qəsdlə hərəkət etdiyini göstərir. Ona görə məhkəmə kollegiyası məhkumun qəsdinin yalnız zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya yönəlməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Bununla yanaşı qeyd edilməlidir ki, cinayət etməyə cəhd subyekt iv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Belə ki, əgər şəxs cinayət törətməyə cəhd edirsə, onun qəsdinin məzmununu ictimai təhlükəli nəticənin baş verəcəyini əvvəlcədən görməsi və belə nəticənin baş verməsini arzu etməsi əhatə edəcəkdir. Dolayı qəsd zamanı isə şəxs əməlinin ictimai təhlükəli olduğunu dərk etsə də, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, belə nəticənin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir (olursa olsun mövqeyini tutur). Yəni, dolayı qəsd zamanı nəticənin baş verməsinə yönəlmiş bir arzu (məqsəd) mövcud olmur. Əgər şəxs nəticəni arzu etmirsə, onun bu nəticəyə “cəhd etdiyi” barədə fikir söyləmək məntiqli deyil. Buna görə də hüquq ədəbiyyatında belə bir formul var “Dolayı qəsdlə törədilən cinayətin yalnız başa çatmış forması mümkü ndür, cəhd mümkün deyil”. Cinayət etməyə cəhdin yalnız birbaşa qəsdlə mümkünlüyü məhkəmə təcrübəsində də qeyd edilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yard ım göstərilməsi) baş vermir. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmişdir. Lakin kassasiya instansiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, bu hüquqi qiymətləndirmə cinayətin subyektiv cəhətinin düzgün müəyyən edilməməsi səbəbindən səhvdir və faktiki hallara uyğun gəlmir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla yetirilmiş iki xəsarətdən biri həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmuşdur. Bununla belə, xəsarətlərin xarakteri və törədilmə üsulu məhkumun qəsdən adam öldürmək arzusunda olduğunu göstərmir. Zərərçəkmiş şəxsin ölümü baş verməmiş, məhkum isə imkanı olduğu halda nəticəni ağırlaşdırmağa yönəlmiş əlavə hərəkətlər etməmiş və bunun əksini təsdiq edən sübutlar müəyyən olunmamışd ır. Belə olduğu halda, Azərbaycan Respublikası CM-in 25.3 və 29-cu maddəsinin tələblərinə əsasən, Məhkum CM-in 29,120.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilmir. Eyni zamanda, məhkumun zərərçəkmiş şəxsə qarşı törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Buna görə də, məhkuma bəraət verilməsi ilə bağlı kassasiya tələbi təmin olunmamalı, məhkumun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkum cəza təyini məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir k i, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal kimi zərər çəkmiş şəxslə barışıq əldə etməsi (CM 59.1.12), cəzasını ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və CM-in 60.1-ci maddəsinin tələbinə uyğun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət sırasına daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətl ərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını əməlin tövsifində səhvə yol verildikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə k ollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmü dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 30 iyul tarixli 1(103)-742/2025 nömrəli hökmü dəyişdirilsin. M əhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2794/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2794/2025
16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver