Məhkəmə qərarları › İş №1(102)-2817/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2817/2025

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2817/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlqar Xanlar oğlu Cəfərov və Teyyub Asif Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2025-ci il tarixli 1(103)- 711/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 28 yanvar 2025-ci il tarixli 1(101)-533/2025 nömrəli hökmü ilə 03 iyun 1968-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Moskva Vilayəti, Ximki şəhəri, Zoya Kosmediyamskaya küçəsi, ev 6, mənzil 92 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 281.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum məhkum olunmuşdur ona görə ki, o, vahid niyyətlə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2019-cu ilin yanvar ayından 13.04.2024-cü il tarixədək olan müddət ərzində dövlət əleyhinə açıq çağırışlar etmək, habelə bu cür materialları yaymaq məqsədi ilə özünə məxsus “İphone” və “HUAWEİ nova 2i” markalı mobil telefon cihazlarında istifadə etdiyi, Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+999 839 68 42” mobil telefon nömrəsinin WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 200 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də təmsil olunduğu "Azərbaycan Naminə Birlik" adlı WhatsApp ani mesajlaşma qrupunu yaradaraq, həmin qrupun yaradıcısı və inzibatçısı olmaqla, qrupda mütəmadi olaraq internet məkanı üzərindən “Di hazırlaşın! Artıq kütləvi aksiyalara başlayırıq”, “Aksiya mütləq keçiriləcək”, “hamınız dəvətlisiniz və hazırlaşın”, “İndidən bu çox vacib aksiyanın təbliğatını aparın və paylaşımlar edin”, “Dünya dəyişir, Azərbaycan da dəyişəcək! Qələbə bizimlədir", “Dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat”, “Bu günkü təlimat budur, təlimata da uymalıyıq, belə deyək, azadlıq istəyən bir xalq, xalqı səfil-səfil gəzən ölkə, fədakar bir insan mütəq şəkildə təlimata uymalıdır”, “Müvəqqəti olaraq hakimiyyəti oğurlayıblar, bilin Azərbaycan Respublikası, Azərbaycan Cümhuriyyəti oğurlanıb, bir dəfəlik qorxaqlarda, qorxmağın əcələ faydası yoxdur, qorxaqlarda ayağa durmalıdır”, “Xalqı qaldırmaq lazımdır ki, qorxmasın”, “Bu xalq, hər şeyi var onu etməyə, 2 cə gün ayağa qalxıb meydanı tutsa, anti-millilərin sonunu gətirsə, qutardı, getdi, ondan sonra bu millətə hər yerdə yaşıl işıqdır”, “Əsl arzum bu rejimdən xilas olmaqdır”, “Bunları çıxarıb yerinə normal, əsl azərbaycanlı, fərqi yoxdur, istər avar, istər talış, istər qeyrimillət olsun”, “İçimdən qisas hissi keçir ki, bunları didəsən”, “Başda elə birinci oturanları lomlayasan”, “Sistem dəyişməsə boş söhbətdir”, “Bunların izini itirməliyik”, “Bunlarla mübarizəmiz bunlar itənə qədərdir”, “Heç olmasa qeyrətə gəlib səsinizi çıxardın”, “Bu dəqiqə birlik vaxtıdır, istəyir cin olsun, mən onunla da birləşməyə hazıram, təki bu hakimiyyəti yox etsin”, “Kim olsa, onunla birləşib bu hakimiyyəti yıxmaq istəyirəm”, “Şərəfsizlə də müvəqqəti birləşib bu hakimiyyəti yıxaram”, “Sonu belə getsə, Azərbaycan dövləti yoxdur”, “Bunlar bizləri adam yerinə qoymur”, “Başqa millət olsaydı, bunlara terror edərdi”, “Üç ay bundan əvvəl “Armatur” inqilabı deyirdilər, amma bununla razı deyildim. Amma, deyəsən, adı çəkilən inqilabın artıq vaxtıdır”, “Ən son nöqtədə armaturlar işləyəcəkdir”, “Sizi aktiv olmağa çağırıram, işlərimiz həddən artıq çoxdur”, “Mən onları o vaxt çox qızışdırmışdım, deyəsən barıtı çox oldu”, “Dostlar, noyabrın ikisi mitinqə hazırlaşın, bu dəfə qələbə qaçılmazdır”, “Döyüşə yaşı otuz beşdən yuxarı olanları çağırıram”, “Savaş meydan bizimdir”, “Biz səbr etmişik, bu gün ayağa qalxmağımızın vaxtıdır”, “Mübarizəni davam etdirin”, “Mitinq təyin olunsun, hamımız gedək, getməyən şərəfsizdir”, “Heç vaxt boyun əyməyəcəyik”, “Hamısı yeziddir, ermənidir, düşməndir, evlərində erməni saxlayanlardır”, “Allahdan 100 min qoşun istəyirəm, “hüseynçilər”ə səslənirəm”, “Bunlarla başqa cür mübarizə aparmaq lazımdır”, “Son damla qanıma kimi bunların qarşısında olacağam”, “Bunların yer üzündən kökünü kəsmək istəyirəm” məzmunlu audio yazılar paylaşmaqla, eləcə də qeyri-məhdud sayda kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi feysbuk geniş internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili üzərindən 15.02.2024-cü il tarixdə “Hər zaman vətənin azadlığı uğrunda mübarizəyə qalxmaq lazımdır. Fərq etməz ki, işğalçı yadellidir, ya qeyrisi!!! Azad edək vətənimizi!!!” məzmunlu, 09.09.2022-ci il tarixdə “Ayağa durmaq lazımdır!! İradə lazımdır, ay millət!!” məzmunlu məzmunlu ifadələr işlətməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, qeyri konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanuni yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları kütləvi şəkildə yaymışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Anar İbrahimovdan ibarət tərkibdə) 13 may 2025ci il tarixli 1(103)-711/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 1(101)-533/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 13 may 2025-ci il tarixli 1(103)-711/2025 nömrəli qərarının ləğv edilməsini, məhkum Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsindən CM-in 281.1-ci maddəsinə tövsif edilməsi və barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum tutulduğu andan sonuncunun müdafiə hüququ pozulub. Müdafiə hesab edir ki, ittiham orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CMin 281.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Məhkum qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həm birinci instansiya məhkəməsində həm də apellyasiya instansiyası məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Məhkum qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli tədqiq edib həm onlara həm də yuxarıda sadalanan qanun normalarına əsaslanaraq müdafiə tərəfi olaraq belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-711/2025 saylı, 13 may 2025-ci il tarixli qərarı ləğv edilməli və Məhkum əməli onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsindən həmin Məcəllənin 281.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Həmçinin kassator hesab edir ki, Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəza həddi məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsinə uyğun gələn Rusiya Federasiyasının 280.4-cü maddəsinin 2-ci hissəsinin “a” bəndində müəyyən edilmiş sanksiyanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2025-ci il tarixli 1(103)-711/2025 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr məhkumun əməlini əsassız olaraq CM-in 281.2-ci maddəsi ilə tövsif etmiş və həmin maddə ilə onun barəsində ittiham hökmü çıxarmışlar. Göründüyü kimi kassasiya şikayətində məhkumun hökmün təsvir hissəsində göstərilmiş əməllərin törətməsi mübahisə olunmur, həmin əməlin tövsifi mübahisə olunur. Belə ki, kassator hesab edir ki, məhkumun hökmdə təsvir edilmiş əməlləri CM-in 281.1-i maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, Məhkum qarşı irəli sürülmü ittihamından və birinci instansiya məhkəməsinin hökmündə görünür ki, istintaq orqanı və məhkəmə Məhkum əməlinin CM-in 281.2-ci maddəsi ilə tövsif edilməsinin əsası onun CM-in 281.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları — məhkumun özünün və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, habelə iş üzrə toplanmış digər materialları məhkəmə iclasında tədqiq edərək onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Həmin sübutların məcmusuna əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 281.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi, yəni onun əməlində Azərbaycan Respublikası CMin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsində kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu apellyasiya şikayətinə əsasən işə baxıb məhkumun təqsirini müəyyən edən sübutların mötəbərliyi və əməllərinin həmin sübutların məcmusu ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq belə nəticəyə gəlir ki, aşağı instansiya məhkəmələri sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, həmin sübutların məcmusu Məhkum əməlində Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətlərinin mövcud olduğunu müəyyən etməklə onun həmin maddə üzrə təqsirini təsdiq etmək üçün kifayət etmişdir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilsə də, onun Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq hərəkətlərində iştirak etmiş şahidlərin birbiri ilə uzlaşan, ardıcıl və təfərrüatlı ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlar Azərbaycan Respublikası CPM-in 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış, onların aidiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmiş, məhkəmələrin gəldiyi nəticələr isə iş materiallarına və sübutların məzmununa tam uyğun olmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayətprosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəməyədək icraat zamanı, Məhkum qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı hal aşkar edilməmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun əməlinin CM-in 281.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş sanksiyaya uyğun müəyyən edilməli olması barədə kassasiya şikayətinin dəlilini də əsaslı və cinayət qanunun tələblərinə uyğun hesab etmir. Belə ki, kassator həmin dəlili Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinə əsasən, cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən artıq cəza təyin edilməməsinə dair norma yalnız həmin Məcəllənin 12.1-ci maddəsində göstərilən şəxslərə, yəni Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət əməlləri törətmiş Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Cinayət işinin materiallarından isə görünür ki, Məhkum Rusiya Federasiyasının vətəndaşıdır, daimi olaraq həmin dövlətdə yaşayır və Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 12.2-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikdə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və həmin cinayətə görə xarici dövlətdə məhkum edilmədikdə, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Göründüyü kimi, Məhkum münasibətdə Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinin tətbiqi üçün qanuni əsaslar mövcud deyildir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş ən ağır cəza növü olan azadlıqdan məhrum etmənin müddəti 3 ildən 6 ilədək müəyyən edilmişdir. Məhkum isə Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bu baxımdan da kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Kassasiya şikayətində məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayətinin buna dair dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası məhkuma CM-in 62-ci maddəsinə əsasən cəzanın təyin edilməsi əsasların olmadığı barədə nəticəyə gəlsə də, hesab edir ki, məhkuma təyin edilmiş cəza onun şəxsiyyətinə və iş hallarına öz sərtliyinə görə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin onun törətdiyi əməl nəticəsində hər hansı ağır nəticənin baş verməsi müəyyən edilməmişdir. Lakin aşağı instansiya məhkəmələri Məhkum cəza təyin edərkən işin qeyd edilən hallarını kifayət qədər nəzərə almamış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun cəza təyini ilə bağlı yuxarıda göstərilən qərarında məhkəmələrə verilmiş izahlardan və Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə tam əməl etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməlin ağır nəticələrə səbəb olmamasını, habelə işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş ən aşağı həddə cəza təyin edilməklə də onun islah olunmasına və cəzanın məqsədlərinə nail olmaq mümkündür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum daha aşağı həddə cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2025-ci il tarixli, 1(103)-711/2025 nömrəli qərarının dəyişdirilməsi qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2025-ci il tarixli 1(103)-711/2025 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 1(101)-533/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilsin. Hökm və qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar