Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2893/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Ilqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu Imanovun, məhkum X16 və məhkumun müdafiəçisi Əli Adil oğlu Sultanovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından məhkum S.M.Allahverdiyevanın müdafiəçisi Sultanov Əli Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim Pərviz Muradov) ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## ###### 1967-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN:*******), ali təhsilli, evli, Qurban Abbasov adına Mədəniyyət Sarayında təşkilatçı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, A/Yataqxanası, ev 24, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X12 ibtidai istintaqda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, X12, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X3 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və yaxud da Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarında zabit olaraq işə düzəltməkdə köməklik göstərməsi adı ilə Mikayıl Zeynalova yalandan vəd verib onu aldadaraq bu adla Mikayıl Zeynalovdan 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, A/Yataqxanası, ev 24, mənzil 6 ünvanında 2000 (iki min) manat pul vəsaitini və bundan başqa, X10 Əsmər Əsgər qızına sonuncunun oğlu Tacir Qurbanovun vasitəsi ilə göndərmiş olduğu 13000 (on üç min) manat pul vəsaitini 2022-ci ilin oktyabr ayının sonlarında qeyd edilən ünvanda alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X3, ümumilikdə 15000 (on beş min) manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Murad Məmmədov (sədrlik edən və məruzəçi hakim), Zamin Ibrahimov və Qədim Babayev) ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum S.M.Allahverdiyevanın müdafiəçisi Sultanov Əli Adil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və məhkum S.M.Allahverdiyeva barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum S.M.Allahverdiyevanın müdafiəçisi Sultanov Əli Adil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış hökm və qərar ədalətsiz, ağır və qeyri-obyektivdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Ittiham yalnız ehtimallara və mülahizələrə əsaslanmış, hadisənin faktiki gedişi obyektiv araşdırılmamışdır. Iş üzrə dindirilmiş şahidlərin ifadələri arasında ciddi ziddiyyətlər mövcuddur. Xüsusilə Əsmər Zeynalovanın ifadəsi digər şahidlərin dedikləri ilə uyğun gəlmir. Onun keçmiş həyat yoldaşı və ailə üzvləri ilə aralarındakı münaqişə də ifadələrin obyektivliyinə şübhə yaradır. Buna baxmayaraq, məhkəmə həmin ifadələri əsas götürmüş, obyektiv qiymətləndirmə aparmamışdır. Bütün bu səbəblərə əsasən, Azərbaycan Respublikası CPM-in 39.1.2, 42.1, 91.1 və 303.3.1 -ci maddələrinə uyğun olaraq, X12 barəsində bəraət hökmü çıxarılması üçün yetərli hüquqi əsaslar mövcuddur. Iş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirini sübuta yetirməyə kifayət etmir. Məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, ziddiyyətli ifadələrə üstünlük vermiş, lakin təqsirləndirilən şəxsin izahlarını və müdafiə tərəfinin təqdim etdiyi dəlilləri lazımi səviyyədə araşdırmamışdır. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində ittiham yalnız fərziyyələrə və zərərçəkmiş şəxsin subyektiv ifadələrinə əsaslanıb. Halbuki, həmin ifadələrin bir çoxu məntiqi ardıcıllıq və faktiki reallıqla ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxsin əməllərində özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə niyyətinin olduğu barədə heç bir inandırıcı sübut yoxdur. Məhkəmə tərəfindən dindirilmiş şahidlərin bir hissəsinin ifadələri bir-birini inkar edir, ziddiyyətli xarakter daşıyır və hadisənin obyektiv mənzərəsini əks etdirmir. Bundan başqa, təqsirləndirilən şəxsin barəsində istintaq zamanı prosessual pozuntulara yol verilmiş, onun hüquqları təmin edilməmiş, ifadələr hüquqi yardımdan məhrum şəraitdə alınmışdır. Bu isə sübutların etibarlılığına ciddi şübhə yaradır. Təqsirləndirilən şəxs tərəfindən heç bir aldatma və etibardan sui-istifadə etmə hərəkəti törədilməmiş, tərəflər arasında yaranmış münasibətlərin xarakteri mülki hüquq münasibətlərinə aiddir və cinayət məsuliyyəti üçün əsas vermir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. X8 müdafiəçisi Sultanov Əli Adil oğlunun kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin buna baxmayaraq məhkəmələr əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Hazırkı cinayət işi üzrə hökm ehtimallara və mülahizələrə əsaslanmışdır. Həmçinin şahid ifadələri arasında ciddi ziddiyyətlər mövcud olmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, X12 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, X12 cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və X12 cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, X12 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs X12 məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri X12 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin cinayət və cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası X8 təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. X8 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Iş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X12 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: X12 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2893/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2893/2025
01.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver