Məhkəmə qərarları › İş №1(102)-290/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-290/2019

06.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-290/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2016-cı il tarixli hökmü ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünva nında yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: H.Mirzəliyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2013-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3900 manat cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə və 3900 manat məbləğdə cərimə cərimə cəzasının saxlanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəlinin 30 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə ( hakimlər: İ.H.Şükürov (sədrlik edən), M.M.Hüseynov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2018-cı il tarixli hökmü Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2013-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3900 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə “Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə və 3900 manat cərimə cəzası saxlanılsın” hissəsində dəyişdirmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2013cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3600 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə az adlıqdan məhrum etmə və 3600 manat cərimə cəzası saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdır ona görə ki, o, 30 yanvar 2018-ci il tarixdə, saat 12 radələrində Mingəçevir şəhərindəki mərkəzi poçtun qarşısındakı küçə ilə gəzərkən yerdən tapdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 43.723 qram olan, narkotik vasitə hesab edilən tiryəki satış məqsədi olmadan götürüb qanunsuz olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibində gizlədərək saxlamış və həmin çəkidəki narkotik vasitə 30 yanvar 2018-ci tarixdə, saat 19:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasında onun üzərinə baxış zamanı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinin düzgün baxılmasına kömək edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun barəsində olan məhkəmə hökmü və apellyasiya məhkəməsinin qərarı ədalətli deyildir. Çünki Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları ona heç bir aidiyyəti olmayan narkotik vasitənin guya onun olmasına dair saxta sənədləşmə aparmışlar və həmin sənədləşmənin əsasında cinayət işi başlanaraq istintaq aparılmış və o, məhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsi də müstəntiqin topladığı sübutlar əsasında onu məhkum etmiş, Şəki Apellyasiya Məhkəməsi isə onun məhkəmənin hökmündən verdiyi şikayəti təmin etməmişdir. Məhkum eyni zamanda yaşlı ata və anasının olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, özünün 2-ci qrup əlil olmaqla ixtisaslı müalicəyə və başqasının qulluğuna ehtiyacının olmasının nəzərə alınmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulm uş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarına, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221. 3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələ rinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən, habelə birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ona qarşı irəli sürül müş ittihamda özünü təqsirli bilməklə, əməlindən peşman olduğunu bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması şahidlər X7, X6, X5, X3 aşağı instansiya məhkəmələri tərəfindən tədqiq olunmuş ifadələri, məhkəmə kimyəvi ekspertizasının 30 yanvar 2018-ci il tarixli 45 saylı rəyi, istintaq hərəkətləri protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqeyi isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respu blikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiy ə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmas ına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbi ri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəra itinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixo trop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqəd ar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar