Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2909/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2025-ci il tarixli 1(105)-298/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim Nərmin Abiyeva) 18 fevral 2025-ci il tarixli, 1(067)- 19/2025 nömrəli hökmü ilə 16 oktyabr 1981-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, evli, işləməyən, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, 28 May qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhdudlaşdırma cəzası CM-in 68.1.1-1-ci maddəsi ilə 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz etməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutaraq, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə həbsdə saxlanıldığı 2 (iki) ay müddət, ona Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə olan iş üzrə tətbiq edilən 1 (bir) gün tutma, habelə azadlığın məhdudlaşdırılması növündə çəkmiş olduğu və 1 (bir) il azadlıqdan məhrumetməyə bərabər tutulan cəza (ümumilikdə 1 (il) 2 (iki) ay 1 (bir gün) azadlıqdan məhrumetmə cəzası) ona hazırda təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində istintaqı aparılmış 230270950 nömrəli cinayət işi üzrə 2023-cü ilin fevral ayında törətdiyi dələduzluq əməlinə görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 13 oktyabr 2023-cü il tarixdə baxılmasından ötrü Abşeron Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə II Qarabağ müharibəsində iştirak edərək xəsarət almış Zərərçəkmiş şəxs pensiya düzəltdirəcəyinə dair vəd verib aldadaraq 2021-ci ilin aprel ayının əvvəllərindən 01 mart 2023-cü il tarixədək onun ümumilikdə xeyli miqdar təşkil edən 6500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmiş, yəni xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Elçin Məmmədov) 01 may 2025-ci il tarixli 1(105)-298/2025 nömrəli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 1(067)-19/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 1(067)-19/2025 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 67.1-ci maddəsinə əsasən Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsi ilə 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutulması və ona hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum hazırkı iş üzrə 16 fevral 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 2 (iki) ay müddət, ona Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(023)-17/2022 saylı hökmü ilə olan iş üzrə tətbiq edilən 1 (bir) gün tutma, habelə azadlığın məhdudlaşdırılması növündə çəkmiş olduğu və 1 (bir) il azadlıqdan məhrumetməyə bərabər tutulan cəza (ümumilikdə 1 (il) 2 (iki) ay 1 (bir gün) azadlıqdan məhrumetmə cəzası) ona hazırda təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması qərara alınmış, dövlət ittihamçısı Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2025-ci il tarixli 1(105)-298/2025 nömrəli qərarının cəza təyini hissəsində ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edərək cinayət qanununun norması düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi kassasiya protestində məhkum Məhkum əməlinin sübut olunması və tövsifi, təqsirli bilindiyi maddə ilə ona təyin edilmiş cəzanın əsaslığını mübahisələndirlmir. Protestdə məhkəmə tərəfindən əsassız olaraq məhkuma CMin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəzanın təyin edilməsinin qanunsuz olmasını qeyd edilir. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə kassasiya protestinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Sumqayıt şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, həmin hökm üzrə təyin edilmiş cəzanın müddəti başa çatdığından Məhkum barəsində olan şəxsi iş 23 noyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2025-ci il tarixli qərarı qəbul edilən zaman Məhkum Qazax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzası artıq 23 noyabr 2024-cü il tarixdə çəkilib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tam və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da izah edilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən yalnız əvvəlki hökm üzrə çəkilməmiş cəza hissəsi yeni cəzaya birləşdirilə bilər. Bu isə onu göstərir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilməsi zamanı birinci hökm üzrə tam çəkilmiş cəzanın yenidən nəzərə alınması yolverilməzdir. Göründüyü kimi, qeyd olunan qanun normasının və Plenum izahının tələblərinə əsasən əvvəlki hökm üzrə cəzanın yalnız çəkilməmiş hissəsi yeni cəzaya birləşdirilə bilər. Lakin hazırkı iş üzrə əvvəlki hökm üzrə təyin edilmiş cəza tam çəkildiyindən onun hər hansı hissəsinin yeni cəzaya birləşdirilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi səhvə yol verərək Məhkum hökmlərin məcmusu üzrə cəza təyin edərkən səhvə yol vermişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan protest təmin edilməli, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2025-ci il tarixli, 1(105)-298/2025 nömrəli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.9 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2025ci il tarixli 1(105)-298/2025 nömrəli qərarı apellyasiya protestinin münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2909/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2909/2025
08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver