Məhkəmə qərarları › İş №1(102)-2912/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2912/2025

08.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2912/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(106)- 210/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Esmira Məmmədova və Cavid Səfərli) 20 noyabr 2024-cü il tarixli, 1(099)-752/2024 nömrəli hökmü ilə 25 dekabr 1994-cü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, əvvəlki hökm üzrə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 1 (bir) il 2 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda- 1,46 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, DİN-in BNMİ-nin X3 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyul 2024-cü il tarixdə, saat 17:05-də Astara rayonu, Şiyəkəran kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofana bükülmüş xeyli miqdarda- 1,46 qram olan narkotik vasitə heroin əynində olan cins şalvarın kiçik sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-19779,887 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini üzərində, bir hissəsini isə Astara rayonu, Şiyəkəran kəndində yerləşən yaşadığı evin həyətindəki hində saxlamış, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 06 avqust 2024-cü il tarixdə, saat 21:18-də Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 5,981 və 8,906 qram, ümumi təmiz çəkisi 14,887 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 23:30-da yaşadığı evin həyətinə keçirilən baxış zamanı 02 ədəd kisənin içərisində, ümumilikdə 09 ədəd bağlamada, ayrı-ayrılıqda çəkiləri 2715,0 qram, 2100,0 qram, 1945,0 qram, 2185,0 qram, 2480,0 qram, 2020,0 qram, 1935,0 qram, 2100,0 qram və 2285,0 qram olmaqla, ümumilikdə külli miqdarda-19779,887 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan hin kimi istifadə olunan yarımtikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Habil Bəhmənov) 06 fevral 2025-ci il tarixli 1(106)- 210/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2024-cü tarixli, 1(099)-752/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(106)-210/2025 nömrəli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, atasını hələ uşaq ikən itirmiş, başına gələnlər isə narkotik vasitə aludəçisi olmasına səbəb olmuşdur. Bundan əlavə, anası yaşlı qadındır, evin tək övladıdır, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirir. Üzərindən narkotik vasitə çıxsa da, bu, külli miqdarda, yəni 19.779,887 qram olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(106)-210/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələri ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 19779,887 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofana bükülmüş xeyli miqdarda 1,46 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edilmiş və saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(106)-210/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli, 1(106)-210/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar